Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və  hərbçilər iştirak edib.

 Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb.

TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın  sədri, i/o  polis polkovniki  Fərhad Süleymanov və digər qonaqlar iştirak edib.

Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar.

Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib.

Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.

 

 

2023-12-05 14:12:17
3923 baxış

Digər xəbərlər

Ümumxalq məhəbbəti qazanmış lider

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı YAP rayon təşkilatı ilə birlikdə Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Əmək və Müharibə veteranları, YAP fəalları, yaradıcı ziyalılar  və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, YAP-ın üzvü Ədalət Salman açaraq ümumxalq məhəbbəti qazanmış siyasi lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində onun göstərdiyi xidmətlərini xüsusi vurğulayıb. YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon Ağsaqqallar şurasının sədri Ədalət  Əsgərov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Mirsahib Soltanov, Yusif Əliyev, Fəttah Kərimov, Əsədulla Əliyev, Qurban Əhməd, 97 saylı şəhər Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Qızıl Aypara cəmiyyətinin Cəlilabad bölməsinin rəhbəri İlkin Qubadov, rayon Mədəniyyət şöbəsinin nümayəndəsi Xeyrulla Şahbazov və başqaları çıxış edərək ulu öndər haqqında xatirələrini bölüşüb,  öz ürək sözlərini söyləyib, hörmət və ehtiramlarını bildiriblər.

Hamısını oxu
Hikmət Hacıyev: Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və UNESCO tərəfindən siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. -Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar? -Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb. Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. 2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi. 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi "İmarət" qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük. İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib. Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib. İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir. UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?! Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini "yaman narahat edir". Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. -Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu? -Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik. Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu "yadından çıxıb". Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. -Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir? -Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir. -Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir? -Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. -Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz? -UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində "İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması" adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi. Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. 2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk "Hərbi bələdçi" hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir. Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub. Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir. Milli.Az

Hamısını oxu
“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”

“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bəyanat tamamilə yalan və böhtan üzərində qurulub ki, bu da ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir: “Avropa İttifaqının 18 oktyabr tarixində ölkəmizlə bağlı qəbul etdiyi bəyanat, bu bəyanatda yer alan iddialar tamamilə absurddur və bunun Azərbaycan reallqları ilə heç  bir əlaqəsi yoxdur. Məlum bəyanat sadəcə Avropa İtifaqının Azərbaycana qarşı nə qədər qərəzli, riyakar və ədalətsiz mövqe tutduğunu, Qərbdə bir çox ölkənin bu gün də  erməni yalanlarına ciddi dəstək verdiyini göstərir. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə kor olan, Qarabağda qətlə yetirilən minlərlə günahsız insanın faciəsini görməyənlərin, indi Qarabağı könülü tərk edən ermənilərə görə bu cür narahatlıq keçirməsi heç cür anlaşılan deyil. Görünür, Avropa İttifaqı, habelə, demokratiyadan, ali insani dəyərlərdən, ədalətdən bəhs edən Qərb dövlətləri bütün bu dəyərlərə öz maraq və mənafelərindən yanaşır. Onlar hesab edir ki, ədalət də, demokratiya da, insani dəyərlər də ancaq bəzi dövlətlərə münasibətdə tətbiq olunmalıdır. Halbuki, Azərbaycan ermənilərə qarşı nə müharibə, nə də post-müharibə dönəmində heç bir anti-insani mövqe sərgiləməyib. Düşünürəm ki, Avropa İttifaqı bu bəyanata yenidən baxmalı, Azərbaycana münasibətdə necə gülünc, rüsvayçı, ikrahedici mövqe sərgilədiyini görməlidir. Sözügedən qurum anlamalıdır ki, bu cür bəyanatlar sadəcə onun öz nüfuzuna kölgə salır, Avropa İttifaqının ədalətinə olan ümidlərin üstündən xətt çəkir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsində neftçilərimizin böyük əməyi var”

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”   Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – Neftçilər Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Dövlət Neft Şirkətinin əməkdaşlarını təbrik edib, onların ölkəmizin uğurlarındakı roluna diqqət çəkib:   “Öncə peşə bayramı münasibətilə Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını, respublikamızın neft-qaz işçilərini, eləcə də bu sektorda çalışmış veteranlarımızı “Neftçilər Günü” münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, tarixən ölkəmizin əldə etdiyi bütün böyük uğurlarda neftçilərimizin mühüm rolu olub. İkicni Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində də neftçilərimiz həlledici rol oynamış, bununla da bütün bəşəriyyətə azadlıq və firavanlıq bəxş etmişdir. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, neftçilərimiz gənc respublikamızın güclənməsində həlledici rol oynamış, iqtisadi azadlığımızın təmin olunması sahəsində böyük fədakarlıqlar göstərmişdilər.   1994-cü il sentybarın 20-də Ümummilli lider Heydər Əliyevin dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” sadəcə neft sənayemizin deyil, bütün ölkəmizin iqtsiadi-siyasi həyatında yeni bir dönəmin başlnağıcını qoydu. Bu müqavilə ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edildi, dövlət büdcəmizə böyük miqdarda neft vəsaitləri daxil olmağa başladı. İqtisadi müstəqilliyimizin təmini siyasi gücümüzün daha da artmasına təkan verdi.   Prezident İlham Əliyevin qeyri-neft sektoru ilə yanaşı, həm də neft sənayesinə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən modernləşmə prosesi, neft sektorumuza məxsus tarixi ənənələrin davam etdirilməsi günümüzdə də müstəqil Azərbaycanımızın iqtisadi baxımdan inkişafını şərtləndirən mühüm amillərdən biridir. Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır.   Neft sənayesindən əldə edilən gəlir ordumuzun güclənməsində, onun maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynayır. Bütün bunların hamısı neftçilərimizin ağır əməyi, fədakarlığı, öz işinə vicdanlı və məsuliyyətli yanaşması nəticəsində mümkün olur.   Mən bir daha neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. İstəyirəm bütün neftçilərimiz bilsin ki, Azərbaycan veteranları hər zaman olduğu kimi bu gün də onlarla qürur duyur və onların yanındadır”.

Hamısını oxu