Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir

Bakı, 7 fevral, AZƏRTAC

Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir.

Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”.

Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib.

“Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər.

Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir.

Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

2024-02-07 14:16:35
3334 baxış

Digər xəbərlər

İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi. Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

Hamısını oxu
Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu

Bakı, 22 oktyabr, AZƏRTAC Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. video

Hamısını oxu
Ordunun gücü, milli birliyin təntənəsi… - CANLI YAYIM

Hamısını oxu
Xızıda Vətən müharibəsi qazisi Kamran Baxşizadənin yubileyi qeyd olunub

Bu gün “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən  Xızı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən Müharibəsi qazisi Kamran Tarel oğlu Baxşizadənin 30 yaş yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktirsası Simuzər Atakişiyeva təbiri açıq elan etdi. Az.GƏC-in prezidenti Səmyar Abdullayev tədbirdə  Kamran Baxşizadənin həyatı və çətin döyüş yolu haqqında danışıb. Tədbirdə həmçinin müharibə zamanı göz nurunu itirən qazi Kamran Baxşızadənin Vətən Müharibəsində göstərdiyi şücaəti, əzmkarlığı əks etdirən ağır döyüş yolu barəsində çəkilmiş qısametrajlı “Gözümün Nuru Vətən” adlı film nümayiş etdirilib. Tədbirə Xızı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, YAP Xızı rayon Təşkilatının sədr müavini  Ümman Rüstəmli, Abşeron Xızı regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəsi  Mövsüm Bağırov  iştirak ediblər. Tədbirdə Kamran Baxşizadənin anası Rəhimə Baxşizadə çıxış edərək  Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən oğluna göstərilə xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Kamran Baxşizadə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən fəxri üzv kimi 44 günlük müharibədə tərəfindən göstərilən şücaət və qəhrəmanlığa görə Fəxri Fərmanla təltif olunub. Kamran öz çıxışında tədbirə görə AzGƏC-in preizidenti Səmyar Abdullayevə, təşkilati məsələlər üzrə Simuzə Atakişiyevaya, Xızı Rayon İcra Hakimiyyətinə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və   tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Tədbirdə telejurnalist Lalə Muradxanlı, filmin rerjissoru Faiq Kərimoğlu çıxış edərək Kamran Baxşizadə barədə düşüncələrini bölüşüb. Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktyorları  Aygün Fətullayeva, Gülər Nəbiyeva və  Faiq Mirzəyev şeir töhfələri ilə çıxış ediblər.  Həmçinin, tədbirdə incəsənət nümayəndələrinin və xalq artistlərinin iştirakı ilə musiqili proqram təşkil olunub.  

Hamısını oxu