Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.

Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi.

Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.

O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

2025-01-08 23:53:23
3613 baxış

Digər xəbərlər

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.  İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİRektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi. İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSiZaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi. O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.ELM ADAMIHazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur. İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏTAkademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.SEVGİ İLƏ YAŞANAN ÖMÜRİbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə. Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.YOL DAVAM EDİRBu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb. Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.Böyük insanlar həyatın mənasını özlərində tapırlar.İbrahim Cəfərov da tapdı.Tapdı və başqalarına da göstərdi.Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.Xəlil Xəlilov

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

Hamısını oxu
SON DƏQİQƏ: Azərbaycan Ordusu Ağdamda

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub. Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub. Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb. Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir. Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Zümrüd

Hamısını oxu
XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər

Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu