Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, ona yeni prezidentlik dönəmində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!

 Fevralın 7-də keçirilən növbədənkənar Prezidenti seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi Respublika Veteranları Təşkilatının Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm can sağlığı, uzun ömür, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram.

Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində son 20 ildə Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir.

Sizin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyiniz qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində düşməni ağır məğlubiyyətə uğradaraq Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Böyük Qələbədən sonra işğaldan azad olunmuş doğma Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri də məhz Sizin gərgin fəaliyyətinizin, yaradıcı təfəkkürünüzün bəhrəsidir. Bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş, dünya birliyindəki mövqeyini daha da gücləndirmişdir.

Qalib xalq bu misilsiz tarixi xidmətləri unutmadığını, onun 30 illik yurd nisgilinə son qoyan liderini yüksək qiymətləndirdiyini fevralın 7-də Sizi öz Prezidenti kimi növbəti dəfə dəstəkləməklə bir daha qətiyyətlə ifadə etdi. Bu, həm də müdrik rəhbərliyinizlə aparılan ölkənin hərtərəfli tərəqqisinə, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmiş uğurlu quruculuq siyasətinizə verilən yekdil dəstək idi. Bir sözlə, seçkidə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur. Hazırda dünyanın bir çox bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda, Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilmişdir.

Möhtərəm cənab Prezident,

Sizin inamlı qələbəniz biz veteranların da böyük sevincinə səbəb olub. Azərbaycanın veteranları Sizin uzaqgörən daxili və xarici siyasətinizi daim və qətiyyətlə dəstəkləyir. Siz daim veteranlara, bizim Təşkilatımıza və şəxsən mənə hərtərəfli qayğı və diqqət göstərmiş, hamımızın xeyirxahı olmusunuz. Bu səmimi və yüksək münasibətə görə Sizə bütün veteranlar adından öz dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın xöşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından

Fatma Səttarova

Cəlil Xəlilov

 

2024-02-08 15:29:28
3279 baxış

Digər xəbərlər

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.

Hamısını oxu
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb

Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Bunu AZƏRTAC-a müsahibəsində polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib. Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi. C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə “Qnçaq” adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: “Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək”. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt “böyük dövlətlər” tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. C.Xəlilov əlavə edib: “Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə “ermənilərin müstəsnalığı” ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır”. Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: “Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik”. Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər. Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar. Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər. Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: “Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb”.

Hamısını oxu
“Dəfn olunan hər şəhid nəşi bir ailənin nisgilinə son qoyulması deməkdir”

“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək  öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur. Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş  humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Novruz bayramı münasibəti ilə veteranları təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Təşkilatın sədri Fatma Səttarova Novruz bayramı münasibəti ilə bütün veteranları, o cümlədən şəhər və rayon veteranlar təşkilatlarının kollektivini təbrik edib. Təbrikdə deyilir:   “Qarşıdan gələn Novruz bayramı münasibəti ilə ölkəmizdəki bütün veteranları, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərini, şəhər və rayon veteranlar təşkilatlarının sədrlərini, onların rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Novruz bayramı hər bir veteranın həyatına əsl bahar təravəti, bahar gözəlliyi gətirsin, onların hər bir istək və arzusunu reallığa çevirsin. Novruz bayramınız mübarək olsun!”

Hamısını oxu