Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib, onun müalicəsi ilə maraqlanıb. 

Ziyarətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Anna Xarkovskaya Bakı Sağlamlıq Mərkəzinin tibbi personalının müalicəsinə həssaslıqla yanaşdığını, ona hərtərəfli diqqət və qayğı göstərdiyini vurğulayıb, həkim kollektivinə öz təşəkkürünü bildirib.  O, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru  Dos.Dr.Asiman Həsənova da müalicəsi ilə mütəmadi maraqlandığına görə minnətdarlığını bildirib.

Veteranların xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, dövlət başçısının hər zaman şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb, bu münasibətin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu bildirib.

Cəlil Xəlilov qeyd edib ki, həkimlərimiz Vətən müharibəsi dönəmində də ordumuzla çiyin-çiyinə səngərlərdə yer alıb, yaralanan minlərlə hərbçimizi öz fədakarlıqları, peşəkarlıqları ilə həyata qaytarıb. Polkovnik bu gün də həkimlərin veteranların, müharibə əlillərinin müalicəsinə həssaslıqla yanaşdığını söyləyib, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından təşəkkür edib.

Seymur ƏLİYEV

 

2024-02-29 12:14:39
3237 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Elvinin adına çox abidələr ucaldılacaq,özünün ucaltdığı Abidədən olmayacaq!

Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir. Həmin zirvəyə yüksəlmək, sadəcə fiziki güc və cəsarətlə deyil, həm də dərin mənəvi zənginlik, yüksək ideallar və vətənə sevgi ilə mümkündür. Elvinin və ona bənzər şəhidlərin həyatları, bu zirvənin hansı mübarizə və əzmlə qazandığının ən gözəl nümunəsidir.Onlar yalnız döyüş meydanında deyil, eyni zamanda ruhən də bu yolda irəliləyərək bizlərə örnək olurlar. Şəhidlik bir fəxarət, bir şərəfdir. Vətənə sevginin, cəsarətin nümunəsidir, bu bir tək cümlə. Ölümü gözə almaq, vətən, torpaq uğrunda şəhidliyə hazır olmaq hər kişinin işi deyil, ər igidin işidir. Şəhid Elvin İslamovdan qalan tək və yeganə səs yazısıdır. Savaşdan az əvvəl dostuna göndərib: “Şəhid olmağa gedirəm, qardaş!” deyib. O, bir Qazi övladı idi. Atası Elçin İslamov birinci Qarabağ savaşında tarix yazanların sırasında olmuşdu. Atasının vətənpərvərlik yolunu Şəhadəti ilə tamamladı Elvin. Ölümü ilə ölümsüzliyə qovuşdu. Elvinin şəhidliyi, onun vətənə olan sonsuz sevgisinin və vətənpərvərliyinin ən yüksək təcəssümü oludu. Atasının ardınca, bir daha göstərdi ki, bu müqəddəs torpaq uğrunda canını fəda etmək, hər bir vətəndaşın ən böyük şərəfidir. 30 il ərzində aparılan mübarizə yalnız bir döyüşün və ya bir hadisənin nəticəsi deyildi. Hər bir şəhidin və qazinin həyatı, özündə bir roman qədər dərin və mənalı hekayələr daşıyır. Onların hər biri, hər bir addımı ilə bir qəhrəmanlıq yolunu yazdı, ailələrini, yaxınlarını və bütövlükdə xalqını, millətini daha yaxşı bir gələcəyə aparmaq üçün canını fəda etdi. 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində yüksək vətəndaşlıq və fədakarlıq nümunəsi göstərmiş mübariz oğullar qanları, canları bahasına xalqımızın qəhrəmanlıq tarixinə parlaq, şərəfli səhifə yazdılar. Bu mübarizənin, bu zəfərin arxasında təkcə döyüşçülər deyil, həm də onların ailələri, bütün xalq dayanırdı. Hər bir şəhidin və qazinin, həm də onların yaxınlarının göstərdiyi vətəndaşlıq və fədakarlıq nümunəsi, ölkəmizin azadlıq və haqq yolunda mübarizliyini bir daha dünyaya nümayiş etdirdi.Vətən müharibəsi bizə yalnız ərazi bütövlüyünün önəmini göstərmədi, eyni zamanda millətimizin birliyinin, öz gücünə olan inamının və öz hüquqlarını müdafiə etmə əzminin nə qədər böyük olduğunu bir daha təsdiqlədi. Belə mübariz oğullardan biri də Elvin Elçin oğlu İslamovdur.O, 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 158 saylı orta məktəbi bitirmişdir. Əslən Xızıdan olan İslamov 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir.Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Elvin İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Elvin İslamov Bakıda II Şəhidlər Xiyabanda vətən torağına qovulmuşdur. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda onun adına şəhid bulağı tikilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Elvin İslamov Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə",  24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və  29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir. Həmçinin Elvin İslamov ölümündən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Hər bir şəhidin adı, yalnız onun şəxsi mübarizəsinin deyil, həm də bütün bir xalqın müstəqilliyi uğrunda verdiyi mücadilənin xarakteridir. Bu mübarizə, keçmişdən bu günə və gələcəyə qədər böyük bir əlaqə qurur. Elvinin adının, onun qəhrəmanlığının yaşadığı torpaqlarda və qəlblərdə əbədi qalması, həm də millətimizin bu yolu necə yüksək əzmlə davam etdirdiyini göstərir.Onların adlarını və qəhrəmanlıqlarını yaşatmaq, gələcək nəsillərə daşımaq, həm də böyük bir vəzifədir. Elvinin və onun kimi şəhidlərin adları, bizim hər birimizin qəlbində, düşüncələrində və gələcəyimizdə daim yaşamalıdır. Elvin Elçin oğlu İslamovun adına çox abidələr ucaldılacaq, amma özünün ucaltdığı abidədən olmayacaq: Şəhid Elvin İslamov!                         Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

Hamısını oxu
Layihə çərçicəsində yekun - hesabat tədbiri

29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi. Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa  çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır. Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi. Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov yubiley medalı” ilə təltif olundu.

Hamısını oxu
Azərbaycan Ordusu sərt cavab tədbirlərinə tam hazırdır - Zakir Həsənov

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Hamısını oxu