Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Anaların və uşaqların sağlamlığı keşiyində

Müsahibimiz Təranə Rəcəbli 1972-ci il martın 16-da Sumqayıtda ziyalı ailəsində anadan olub. Şəhərimizdəki 22 saylı orta məktəbi bitirib. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. Həkim-pediatr ixtisasına yiyələnərək Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb. Burada şöbə müdiri, 2008-2014-cü illərdə “Real” Tibb Mərkəzində direktor vəzifəsində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hazırda Sumqayıt Perinatal Mərkəzin rəhbəridir. 2019-cu ildə Əməkdar həkim fəxri adına layiq görülüb.

-Təranə xanım, tərcümeyi-halınızdan da aydın oldu ki, perinatal xidmət sistemində zəngin təcrübəniz var və şəhərimizdə belə bir tibbi xidmətin yaradılmasında zəhmətiniz  az olmayıb.

-Son illər ölkədə doğuşların sayı artmağa meyillidir, lakin onların müəyyən faizi hamiləlik fəsadları ilə müşayiət olunur. Digər tərəfdən, hamilə qadınlar arasında xoşbəxtlik hallarının artmasının şahidi oluruq. Sözsüz ki, yeni doğulan uşaqların sağlamlığı anaların sağlamlıq durumu ilə bilavasitə əlaqəlidir. Statistikadan aydın olur ki, neonatal, ölüm hallarının çoxu ilk sutkalara təsadüf edir. Bu baxımdan doğuşun ilk dəqiqələrindən ana və uşağa göstərilən diqqət çox əhəmiyyətlidir. Respublikamızda hamilə qadınlara və uşaqlara perinatal, neonatal, eləcə də postneonatal dövrlərdə göstərilən xidmətin kökündən yaxşılaşdırılmasına, onun müasir standartlara uyğun yenidən qurulmasına böyük ehtiyac vardır.

Bu səbəbdəndir ki, dövlətin sosial yönümlü siyasətində qadınlara, analara və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə dövlət proqramı qəbul edilmişdir. 2006-cı ildə təsdiqlənən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində paytaxtla yanaşı bir neçə regionda Perinatal Mərkəz yaradılmışdır.

-Bəs sözügedən mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən nə ilə fərqlənir?

-Bu, ilk növbədə, respublikamızın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölüşdürülməsinin təmin olunmasına imkan yaratmışdır. Mərkəzlərdə patoloji hamilələrə, zəif doğulmuş uşaqlara xidmət göstərilir ki, bu da öz növbəsində ölkədə ana və uşaq ölümünün kəskin azalmasına gətirib çıxarmışdır.

Qeyd olunduğu kimi, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün Sumqayıtda müasir səviyyədə qurulmuş tibb müəssisələri əhaliyə nümunəvi xidmət göstərir. Doğum evlərimizdə də gələcəyimiz olan uşaqların sağlam dünyaya gəlməsi, lazımi tibbi yardım almaları üçün bütün şərait vardır. Hər zaman tibbin yeniliklərinə açıq olan Sumqayıt Perinatal Mərkəz bu gün həm də tədris mərkəzi kimi fəaliyyət göstərir.

Təqdirəlayiq hallardır ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda və digər Tədbirlər Planında bu sahədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi məqsədilə regionlarda perinatal mərkəzlərin yaradılması, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması, həmçinin artıq yarımçıq və vaxtından əvvəl doğulmuş, perinatal patologiyalı uşaqların dünyaya gətirilməməsi üçün zəruri şəraitin yaradılması kimi məsələlər öz əksini tapmışdır. Bu zəmindən 65 ildən çox əhaliyə xidmət göstərən 1 saylı şəhər Doğum evi də 2017-ci ilin dekabr ayından Perinal mərkəz kimi perinatal patologiyalı uşaqları qəbul etməklə onlara tibbi yardım göstərilir. Nəticədə şəhərimizdə körpə, həmçinin ana və uşaq ölümünün səviyyəsinin kəskin aşağı düşməsinə nail olmuşuq. Sözsüz ki, bu işdə təkcə səriştəli həkimlər, tibb işçiləri deyil, eyni zamanda, burada maddi-texniki bazasının yüksək olması, tənəffüs dəstəyi avadanlıqlarının mövcudluğu böyük rol oynayır.

-Doğum evində vaxtından qabaq dünyaya gələn körpələrin həyatda qalması üçün yaradılan şərait barədə danışmağınız yerinə düşərdi.

-Şəhərimizdə fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyətində müasir texnika və avadanlıqlar quraşdırılıb. 140 çarpayılıq 1 saylı Doğum evi-Perinatal Mərkəzdə yüksək səviyyədə təmir işləri aparılaraq ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sisteminin köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür.

Mərkəzimizdə vaxtından əvvəl doğulmuş və az bədən çəkili körpələrə qulluq və ana südü ilə qidalanmaya dair siyasət müəyyənləşdirilmişdir. Həmçinin ana südünün sağılması və saxlanması məqsədilə süd mətbəxi yaradılmışdır. Bizdə digər aparatlarla yanaşı transport küveyzlərin olması, uşaqların digər xəstəxanalardan mərkəzimizə təxliyə edilməsi işimizin səviyyəsini artırmaqdadır.

“Körpə Dostu Klinikası” təşəbbüsünə qoşulan Sumqayıt Perinatal Mərkəzində ambulator-poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya, ginekologiya, təcili tibbi yardım, doğum və hamiləliyin patologiyası, yarımçıq və xəstə yenidoğulmuşlar şöbələri fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqlarla, eloktron idarə olunan stollar, narkoz aparatları ilə təchiz edilmişdir. Reanimasiya şöbəsində xaricdən gətirilən süni tənəffüs aparatları quraşdırılıb. Tibb ocağında yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi də yaradılıb. Ginekologiya şöbəsində isə doğuş zalı, cərrahiyyə otağı və müasir standartlara cavab verən neonataloji bölmə yeləşir.

 -Etiraf etmək lazımdır ki, körpələrin yaşama şansları doğum evində yaradılan şəraitlə bilavasitə əlaqəlidir.

 -Yaradılan şəraitin nəticəsidir ki, regionlardan ən çox uşaq bizim mərkəzə köçürülür. Ötən il perinatal xidmət almış körpələrdən 501-i özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən qəbul edilib. Onlardan 339-u ətraf regionlardan birbaşa neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilib. Hamiləliyin patologiyası şöbəsinə isə 248 xəstə köçürülüb. Bundan əlavə, il ərzində 2807 xəstə və yarımçıq yenidoğulmuşların sağlamlığı izlənilib, 165 ROP müayinə olunub, 1766 topuq testi götürülüb. Əlilliyin qarşısının alınmasında vacib rol oynayan 4 VEQF inyeksiyası həyata keçirilib. 2023-cü ilin sentyabr ayında isə Perinatal Mərkəzin neonatal reanimasiya və intensiv terapiya bölümünə regionlardan 340 yenidoğulmuş təxliyə olub.

Mərkəzimizdə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da aparılır. 2023-cü ilin sentyabrında perinatal mərkəzin nəzdində təşkil olunmuş neonatal cərrahi xidmət vasitəsilə on əməliyyat, o cümlədən bir yenidoğulmuşa neyrocərrahi, bir yenidoğulmuşa isə Ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.

Yaxın gələcəkdə Perinatal Mərkəzin nəzdində Ekstrakorporal (süni) mayalanma əməliyyatlarının aparılmasının həyata keçirilməsini planlaşdırmışıq. Sözsüz ki, bu vacib işə dövlət nəzarətinin olması olduqca vacibdir. Uşaq üzünə həsrət ailələr son çıxış yolu olan süni mayalanmaya ümid bəsləyir. Burada donor məsələsi mühüm rol oynayır. Çünki, bu, millətin genefondudur. Ona görə də bütün proseslər nəzarətdə saxlanılmalıdır.

-Təranə xanım, doğum evlərində hər gün neçə-neçə körpə dünyaya gəlir. Təbii ki, analardan əvvəl onu mama-ginekoloqlar qucağına alır. Bu hissləri necə ifadə edərdiniz?

-Mama-ginekoloqlar döl ana bətninə düşdüyü andan etibarən o körpələrin yanında dayanan şəxsə çevrilirlər. İşləri ağır və məsuliyyətli olsa da öz peşələrinilə fəxr edirlər. Onu da deyim ki, bəşər tarixində ilk yaranan mama peşəsidir. Ta qədimdən ana olmaq istəyən qadınların uşağını dünyaya gətirmək üçün bu qəbildən olan insanların köməyinə hər an ehtiyac yaranıb. Elmin, texnologiyaların sürətlə inkişaf etdiyi indiki dövrdə də bu, belədir. Hər ailəyə körpə sevinci bəxş etmək qürurverici bir hissdir. Gecəsi, gündüzü bilinməyən həkimlərin, tibb işçilərinin, xüsusilə anaların və dünyaya gələn uşaqların qayğısını çəkən, sağlamlıqlarının qorunmasına çalışan  mama-ginekoloqların əməyi, zəhməti danılmazdır. Axı, müqəddəs peşə sahibləri daim gərgin iş şəraitində çalışırlar, həm də körpələrin rahat bir şəkildə dünyaya göz açmasının məsuliyyətini daşıyırlar. Doğuşdan sonra qucaqlarına alan zaman isə keçirdikləri sevinc hissləri ilə əziyyətlərini tamamilə unudurlar.

Kollektivimizdə çalışanların hər biri öz işini sevir. Reanimasiya şöbəsinin müdiri Yeganə Ağayeva, ginekoloq Gülsarə Qocayeva, doğum şöbəsinin müdiri Əminə Məmmədova, hamiləliyin patologiyası şöbəsinin müdiri, gənc həkim-ginekoloq Fidan Cabbarlı və başqa işçilərimiz haqqında xoş sözlər söyləmək olar.

-Bildiyimiz kimi, respublikanın səhiyyə müəssələrində icbari tibbi sığorta tətbiq olunur. Doğuş və əməliyyatları həyata keçirən Perinatal Mərkəzdə bu sahədə işlər necə qurulmuşdur?

-2021-ci ildən bu sistemin icrasına başlanmışdır. Hazırda mərkəzimizdə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfində təminata alınmış tam həcm perinatal və neonatal skriniq həyata keçirir. Bu, ilk növbədə, əhali məmnunluğu və vətəndaş əlçatanlığı üçün olduqca əlverişli sistemdir. Nəzərdə tutulmuş xidmətlərdən anaların da, gələcəkdə ana olacaq qızlarımızın da yararlanmaları üçün hər cür şəraitimiz vardır. Eyni zamanda, yaşadıqları ərazi üzrə qadın məsləhətxanalarında müayinə ola bilərlər. Bütün klinik laborator analizlərdən vaxtında keçmələrini tövsiyə edirik. Bu, anaların və doğulacaq körpələrin sağlamlığı üçün vacibdir.

Onu da deyim ki, TƏBİB-in və şəhər rəhbərliyinin daim qayğısını hiss edirik. İcra hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun yaxından köməkliyi ilə liftimiz qaydaya salınmış, digər sahələrdə təmir-bərpa işləri həyata keçirilmişdir. Məqsədimiz anaların və uşaqların sağlamlığının qorunmasıdır. Bu ali məqsəd naminə bundan sonra da əlimizdən gələni edəcəyik.

Qələmə aldı: S.QULİYEV

2024-03-06 12:03:22
3768 baxış

Digər xəbərlər

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.

Hamısını oxu
Bakıda keçirilən ilk Milli Endokrinologiya Konfransı yüksək səviyyədə yekunlaşıb

Veteran.gov.az xəbər verir ki, mayın 24-dən 26-dək Bakıda, Ritz-Carlton otelində keçirilən ilk Milli Endokrinologiya Konfransı yüksək səviyyədə yekunlaşıb.  Yerli və xarici mütəxəssislərin və alimlərin iştirak etdiyi konfransın məqsədi bu sahədə elmi müzakirələr etmək, innovativ tibbi təcrübələri bölüşmək və endokrinologiya sahəsində maraqlı klinik hadisələri araşdırmaq olub. Üç gün davam edən konfransda iştirakçılar bu mövzuda fikir mübadiləsi və ən son tibbi nailiyyətləri araşdırıblar. Konfransın sonuncu günü moderatorlar “Sağlamlığın qorunması” İB-nin sədri, dr. Yazgül Abdiyeva,Dr.Gülay Məmmədova və Prof. Dr. Mustafa Sait Gönen, müxtəlif mövzularda iştirakçılara söz veriblər. Prof. Dr. Mustafa Sait Gönen tərəfindən Graves orbitopatiyası panelində “Graves Orbitopatiyası dəyərləndirilməsi :Nə zaman,necə müalicə edək? məruzəsi ilə çıxışı oldu. Konfransda İlhan Satman, Gülay Məmmədova, Nübar Rəsulova, Nurdan Gül, Zülfü Cabbarov, Səbinə Paşayeva, Mehtap Çakır, Camal Musayev, Azər Hümbətov, Zeynep Cantürk, Fuad Səmədov və s. mütəxəssislər təqdimatları ilə çıxış ediblər. “Sağlamlığın Qorunması” İB-nin rəhbəri, dr. Yazgül Abdıyeva tərəfindən Xəyyam Eyvazov Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmağı və 1-ci Milli Endokrinologiya Konfransına uğurla ev sahibliyi etməsi səbəbilə ona təşəkkürnamə təqdim edilib. Konfrans başa çatdıqda bütün iştirakçılara sertifikatlar təqdim olunub. 1-ci Milli Endokrinologiya Konfransının uğuru Azərbaycanın endokrinologiya sahəsində innovasiyaları təşviq etmək üçün zəmin yaradır. Seymur ƏLİYEV    

Hamısını oxu
Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

Hamısını oxu
Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 22 iyun 2021-ci il tarixində  Nəsimi  rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir keçirib.   Tədbirdə Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən   müharibəsi    döyüşçüləri  Mətləb Əhmədov,  Rövşən Rzayev, Nifi Məmmədov,Elçin Əhmədov, Birinci Qarabağ veteranı Taryel Eyvazov və digər qonaqlar iştirak edib.   Tədbiri Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva  açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.   Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Azərbaycan ordusunun yaranma tarixindən bəhs edən polkovnik Adil Haqverdiyev, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb səsnətinə böyük sərkərdələr bəşx etdiyini bildirib.   Polkovnik qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı öz müzəffər ordusu ilə, onun başında duran Ali Baş Komandan İlham Əliyevlə qürur duyur.   Qarabağ veteranı Taryel Eyvazov da öz çıxşında Azərbaycan ordusunun mövcud durumundan bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində yeni dönəmin əsasını qoyduğunu bildirib.

Hamısını oxu