Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncə şəhərində görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-“QEOŞSD” İ.B. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə    “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili”  adlı layihə çərçivəsində bayram şənlikləri təşkil edilib.

Bayram şənliyində  yuxarıda adları qeyd edilən bölgələr üzrə görmə imkanları məhdud  olan uşaqların bayram şənliyində iştirakı təmin edilmiş və uşaq və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub.

Bayram şənliyi Gəncə şəhəri, “Sərinim” Restoranında təşkil olunub.

Şənlikdə Gəncə Şəhərində eləcə  də ətraf  Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Ucar və Yevlax rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələr iştirak edib.

Bayram şənlinliklərində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib. 

Şənlikdə yüzdən çox  uşaq və onları müşayiət edən şəxslər iştirak ediblər.

Şənlikdə Novruz Bayramı personajları ilə yanaşı el adət ənənələri və görmə məhdudiyyətli uşaqlar üçün müyəssər əyləncələr təşkil olunub.

Bayram şənliyinin  təşkilatçısı Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-nin rəhbəri Reyhan Cəfərova çıxışında Sosial Xidmətlər Agentliyinə və tədbirdə iştirak edən gözdən əlil uşaqlar və onları müşayiət edən şəxslərə  xüsusi təşəkkürünü bildirib.  

Bayram şənliyinə dəstək verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Cəmiyyətin Gəncə şəhər regional Təşkilatının rəhbərliyi bu tip tədbirlərin təşkili istiqamətində Sosial Xidmətlər Agentiliyinə və xüsusən də  ölkə prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildiriblər.

AzGƏC-in  sədri S. Abdullayev çıxışında belə şənliklərin təşkilini ölkə rəhbərliyinin əlil vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsi olduğunu və əlil və tipik insan cəmiyyətləri arasında mövcud süni baryerlərin qaldırılması istiqamətində öz töhfəsini verdiyini qeyd edib. S. Abdulllayev həmçinin ölkəmizin əlil vətəndaşa xüsusilə əlilliyin ən ağır kateqoriyası olan gözdən əlilliyə göstərdiyi diqqət və ehtiramın ökəmizdə  günü-gündən mədəni inkişaf və sivil yaşam tərzinin yüksəlişindən xəbər verdiyini və bu sahədə ölkə rəhbərinin xüsusi diqqətini bir daha vurğulayaraq şənliyin təşkili istiqamətində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

2024-03-18 21:46:06
3413 baxış

Digər xəbərlər

Şirvanda “Könüllü qonaq” layihəsi davam edir

15 mart 2022-ci il tarixdə Torpaq çərşənbəsi ilə əlaqədar olaraq Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin təşkilatçılığı ilə gənclər və könüllülər Şirvan şəhərində tənha yaşayan və xüsusi qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Səkinəxanım Ələkbərovanın və Natalya Balaşovanın evində qonaq olan könüllülər ahıl vətəndaşları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib və bayram xonçasını onlara təqdim ediblər. Evdə təmizlik işləri aparan, səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Vətəndaşlarla söhbət zamanı bildirilib ki, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Qeyd olunub ki, ölkə Prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı əsasında, könüllülərin iştirakı ilə "Könüllü qonaq" layihəsi uğurla davam etdiriləcək. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını, onlara mənəvi dəstək göstərilməsini nəzərdə tutur.

Hamısını oxu
Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb.  Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. Xatırladaq ki, pokovnik Cəlil Xəlilov uzun illərdir ki, yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanan, Azərbaycan Silahlı Qüvvələrinin təbliğində, düşmən dezinformasiyalarına qarşı mübarizədə yaxından iştirak edən peşəkar hərbi ekspertdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, pedaqoq kimi milli kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesində də yaxından iştirak edir.  

Hamısını oxu
“Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına və milli-mənəvi dəyərlərinə sevgisinin təzahürüdür”

22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib.  İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir.  22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu