Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir.

Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir. 

Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır.

Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb.

Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”.

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

2025-03-28 11:46:10
3154 baxış

Digər xəbərlər

Həsrətimizin ümid qapısı – Ağdam

Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarına ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri davam edir. Erməni vandallarının törətdikləri əməllərin ölkə ictimaiyyətinə, eləcə də dünyaya bəyan edilməsi baxımından bu səfərlər mühüm əhəmiyyət daşıyır. Dünya həqiqətləri görməli, işğalçını tanımalı və ona öz layiq olduğu qiyməti verməlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 16 avqust 2021-ci il tarixində Ağdama 70-dən artıq QHT nümayəndəsinin səfəri də bu məqsədə xidmət edirdi. Respublika Təhsil Şurasını sədr Samir Mehdizadə və təşkilatın katibi olaraq mən təmsil edirdim. Səfərdə iştirak etməyim işğalçıların əməllərini əyani şəkildə görməyimə və bu yazını qələmə almağıma rəvac verdi. Elə bilirəm ki, bu yazı ilə Ağdamın mövcud durumu haqqında oxucularımda məlumatların genişlənməsinə öz töhfəmi bəxş edə biləcəyəm. Həyatımın ən gözəl səfəri kimi xatirəmə yazılan bu səfərdə iştirakıma şərait yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm.    Bu torpaqların hər qarışı bizim var-dövlətimizdirBərdədən Ağdama yol alırıq. Şəhərin mərkəzindən keçərkən 44 günlük Vətən müharibəsi zamanı ermənilərin raket zərbəsi ilə atəşə tutması nəticəsində şəhid olmuş dinc sakinlərin ruhunu dərin hüznlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bərdə 44 günlük Vətən müharibəsinin ağrı-acılarını ruhunda, cismində hiss etmiş, yaşamış qəhrəman şəhərlərimizdən biridir. Bu şəhər istər Birinci Qarabağ Müharibəsində, istərsə də, 44 günlük Vətən Müharibəsində sinəsini düşmənə sipər edib, qaçqın, köçkün bacı-qardaşlarımıza böyük mərhəmət hissi ilə qucaq açıb. Artıq keçmişdə qalan “təmas xəttini” keçib Ağdam ərazisinə daxil oluruq. Yol boyu hər addımda rastlaşdığımız texnikaları, toz-torpağa, dözülməz istiyə baxmayaraq həvəslə çalışan yolçəkənləri gördükcə, Azərbaycan hökumətinin tezliklə Qarabağda abadlıq işlərini başa çatdıracağına, burada firavan həyatın bərqərar olacağına inam yaranır. Bura əsl tikinti meydanıdır. Biz öz evimizi yenidən tikirik və ona qovuşacağmız günü səbirsizlikə gözləyirik. Fəhlələr üzlərində təbəssüm sürətlə ötüb keçən avtobusun sərnişinlərinə əl edirlər. Onların simasında həm də öz işlərindən dərin məmnunluq hissi duyulur. Yol boyu şəhid məzarları diqqətimi cəlb edir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Bu torpaqda addım atmaqdan belə çəkinir insan. Düşünürsən ki, bəlkə bir şəhid məzarını tapdalayarsan, bir şəhid ruhunu narahat edərsən.  Ağdamın düzən tərəfindəyik.   Göz işlədikcə boş torpaq sahələri uzanıb gedir.Saralmış otlar, toz-torpaq, meyvə ağacları - bunlar bizim var-dövlətimizdir. Bu sahələrdə nə qədər kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Boz görünən bu torpaqlar taxıldır, çörəkdir, kartofdur, soğandır, bir sözlə bol bərəkətdir, yüzlərlə iş yeridir, insanların çörək ağacıdır, onların nəfəsidir, insanları həyata bağlayan tellərdir. Ermənilər də bu torpaqlarda taxıl əkiblərmiş. Ölkələrinin taxıla olan ehtiyacının bir qismini məhz Azərbaycanın münbit torpaqları hesabına ödəyiblər.  Amma hələlik bu torpaqlar ölüm saçır. Erməni vandalları bu torpaqlarda 100 minə yaxın mina basdırıb. Azərbaycan hökuməti basdırılmış minaların xəritəsini əldə edib, amma bəllidir ki, torpaqların gizli ölümdən təmizlənməsi hələ çox zaman alacaq. Qarabağ universiteti də Ağdamda, bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq.Tarixinin bütün dövrlərində Ağdamda təhsiln, mədəniyyətin, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılıb. Ecazkar Ağdam torpağı Azərbaycan və dünya mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib.  Bu görkəmli şəxsiyyətlər Azərbaycanı dünyada ləyaqətlə təmsil edib və bu gün də etməkdədirlər. Ağdamın təhsil mühitindən pərvazlanaraq elmdə söz sahibinə çevrilən alimlər, Ağdamın mədəniyyət, incəsənət mühitindən su içib dünyada Azərbaycanın şaqraq səsi kimi eşidilən sənətkarlar bu şəhərin elm, sənət mühitinin zənginliyindən soraq verir. Fikrimcə, Qarabağ universiteti də Ağdamda bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq. Doğulacaq ki, zəngin ənənələr, möhkəm təməllər üzərində yeni dövrün elm məbədgahı yaratsın... Ağdamın xarabalıqları da gözəldir.Ağdamın ruhu onun tarixində, mədəniyyətində, tarixə bəxş etdiyi görkəmli simaların əməllərində yaşayır. Bu ruhu öldürmək, onu tarixin toz-torpağı altında dəfn etmək mümkün deyil. Ağdamı gəzdikcə buna bir daha əmin olurdum. Erməni vandalları tərəfindən dağıdılmış binaların, məzarların arasından keçərkən, Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Nəsimi” filmindən bir kadr yadıma düşür. Dövlət bəyin kəsilmiş başı onun heyranı olan Şəmsin qarşısına atılır. Şəms Dövlət bəyin kəsilmiş başını görüb deyir: - Dövlət bəyin ölüsü də gözəldir. Dövlət bəy fiziki cəhətdən öldürülsə də, o, onu sevənlər üçün əbədiyaşarlıq zirvəsinə ucalmışdı. Ağdam da mənim nəzərlərimdə, xarabalıqları da gözəl olan, fiziki cəhətdən dağıdılsa da, ruhu ilə əbədiyaşarlıq qazanan bir şəhər kimi canlanırdı. Bəli, məhz canlanırdı. Uçulub dağılmış imarətlər, saraylar, türbələr, məscidlər sanki bir anın içində əvvəlki görkəmini alır, qapılarını ona bağlı olan insanların – ağdamlıların üzünə açır. Yenə köhnə günlər geri qayıdır: uzaqdan muğam səsi eşidilir, atların kişnərtisi, qığılcım saçan nal nəsləri qulaqlarımda cingildəyir. Ağdamlılar öz evlərinə qayıdırlar. Və mən xəyaldan ayılıram. Hiss etdiklərimin xəyal deyil, həqiqət olduğunu görürəm. Bu günləri bizə nəsib edənlərə içim bir minnətdarlıq duyğusu ilə dolur.   Məzarları dağıtmaq hansı millətin “mədəniyyətində” var?Ağdamda hər yeri dağıdıblar. Məsçidə, məktəbə, mədəniyyət evinə, uşaq bağçasına, dram teatrına belə güzəşt edilməyib. Bunu gözləmək də mümkün deyil. Mədəniyyətə, tarixə ehtiram etmək üçün gərək özünün də mədəniyyətin ola. Bunu erməni vandallarından gözləməkmi olar? Bu toplum öz övladına mədəni dəyərlər deyil, vandalizm aşılayır. Başqa millətlərin mənəvi dəyərlərinə ehtiram onların leksikonunda və tərbiyə konsepsiyasında yoxdur. Xocalıdan, Ağdabandan, Başlıbeldən və s.dən danışmadan Ağdamda gördüklərimizdən elə bu qənaətə gəlmək mümkündür. Görəsən işğal etdikləri ərazilərdə məzarları qazıb sümükləri oğurlamaq, təhqir etmək dünyada başqa hansı millətin “mədəniyyətində” var?  İmarətin simasından kədər oxumamaq mümkün deyil...Ağdamda ilk ziyarət etdiyimiz məkan Qarabağ xanı Pənahəli xanın imarəti oldu. Pənahəli xan bu imarətdən yay sarayı kimi iştifadə edərmiş. XVIII əsrə aid olan bu tarixi-memarlıq abidəsi xan nəslinin birinci mülklərindən hesab olunur. Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə ehtiva edən saray kompleksinin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə təsadüf edir. Zaman keçdikcə, Ağdamda bir-birindən yaraşıqlı, müxtəlif memarlıq üslublarında binalar inşa edilsə də, Pənahəli xanın sarayı öz gözəlliyini, fərqliliyini, ilkinliyini qoruyub saxlayıb. Sarayın gələcək nəsillərə ən mühüm ərməğanı isə, onun Azərbaycan xalqına, onun tarixi, milli, mənəvi dəyərlərinə bağlılığı olub. Saray milli ruhla yaradılıb. Xan sarayının hər qarışında bu ruhu duymaq, ona toxunmaq mümkündür. Erməni vandalları Ağdamı işğal altında saxladıqları 27 il ərzində xan sarayının ruhunu məhv edə bilməyiblər. 27 il ərzində öz həqiqi sahiblərindən ayrı düşən imarətin simasından kədər oxumamaq mümkün deyil... Bu kədər sarayın həyətində Xan qızı Xurşudbanu Natavanın erməni vandalları tərəfindən dağıdılmış məzarı ilə də müşayiət olunur. Məzar açılıb, mərhumun sümükləri çıxarılaraq oğurlanıb. Xan sarayının həyətindəki vandalizm dünyanın, insan tərəfindən törədilmiş ən faciəvi tablosunu xatırladır. Dağıdılmış məzar, qurumuş ağaclar, susuz, sahibsiz ağlayan torpaq, raket zərbəsindən uçulmuş hasar, deşilmiş gümbəz... və bütün bunları törədən insan mənəviyyatsızlığı bu tablonun qarışıq rəngləri fonunda insanın insana qarşı nifrətinin zirvəsini göstərir. Bu tabloda erməni mənəviyyatsızlığının iç üzü bir daha açılır.      Ağdam Cümə məscidindəCümə məscidindəyik. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən, Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə birləşdirən tarixi Cümə məscidində. Biz bu məscidi televiziya ekranlarından çox görmüşük. 1992-ci ilin 26 fevralında Xocalıda erməni vəhşiliyindən salamat qurtaranların ilk sığınacaq yeri, şəhid olanların isə son mənzilə yola salınma məkanı idi Cümə məscidi. O zamanın tutqun videolentləri Cümə məscidini ağlayan ibadətgah kimi yaddaşıma köçürüb. Burada sanki göz yaşları 27 ildir ki, donub, səslər, nəfəslər dayanıb. Yol yoldaşlarımız məsciddə namaz qılırlar. Bu, onların çoxdankı arzuları imiş. Arzusuna qovuşanları görəndə çox sevinirəm. Məscid öz həqiqi sahiblərinin nəfəsi ilə yavaş-yavaş isinməkdədir.   Erməni vandalları bu tarixi abidəni uçurmayıblar. Ona görə yox ki, bizim dini-mənəvi dəyərlərimizə hörmət edirlər. Yox. Qarabağda uçulub dağıdılmış məscidlərin sayı o qədərdir ki... Cümə məscidi ona görə dağıdılmayıb ki, işğalçı hərbçilər ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Buna görə də məscidin yalnız divarları salamat saxlanıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavan bir neçə yerdən, hücrə və yardımçı otaqlar tamamən uçurdulub. Məscidin daxili tərtibatı tamamilə məhv edilib, divarlara məscid inşa edilən zaman həkk edilmiş yazılar pozulub. Bu yazılar işğalçıların gözünə ox kimi sancılırmış. Əvəzində məscidin xarici və daxili divarlarına erməni və rus dillərində Azərbaycan xalqına qarşı alçaldıcı, təhqiredici ifadələr yazıblar. Bu ifadələrlə əslində öz simasızlıqlarını daşa, divara həkk ediblər. Ermənilər məsciddən uzun illər tövlə kimi yararlanıblar. Onlar tarixi abidələrin qorunması haqqında bütün qayda-qanunları, dəyərləri ayaqlar altına atıb tapdalayıblar. Bu, insanın daxilindən daşlara püskürən nifrətinin ifadəsidir. Bu, təhsilsizliyin, tərbiyəsizliyin, mənəvi aşınmanın təzahürüdür.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra bu şəhərə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət edib. Möhtərəm Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam Cümə Məscidinə bağışlayıb. Bu gün bu müqəddəs kitab bu məscidin ən qiymətli varidatıdır. Məscidin tarixi simasını bərpa edəcəyi, insanlara azan səsi bəxş edəcəyi gün uzaqda deyil.  Ağdam Dövlət Dram Teatrının “sevinc göz yaşları”Ağdamın bütün binaları kimi, Dövlət Dram Teatrı da 27 ildir kədərli sükut içindədir. Bir zamanlar bölgənin mədəni həyatına rəng qatan Dram Teatrı fəaliyyəti dövrünün ən ağır günlərini yaşayıb. Erməni vandalları Ağdamı işğal etdikdən sonra bu mədəniyyət məbədini yerlə yeksan ediblər. Bina dağıdılsa da, onun qarşı hissəsindəki sütunlar salamat qalıb. Bu sütunlara yaxınlaşıb, onlara toxunuram. Mənə elə gəlir ki, sütunlar əsirlikdən azad olduqları üçün “sevinc göz yaşları” axıdırlar.   Teatr 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməkliyi ilə yaradılıb. Elə ona görə də bu gün onun adını daşıyır. O teatrın fəaliyyətə başlaması üçün gərgin iş aparılıb. Nəhayət, 1904-cü ildə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri ilə qapılarını teatrsevərlərin üzünə açıb. Ağdam Dram Teatrının binası füsunkar görkəmi ilə görənləri heyran edib. Bu teatrda neçə-neçə aktyor nəsli formalaşıb. Teatrın repertuarı Azərbaycan və dünya klassiklərinin əsərləri ilə hər zaman zəngin olub. Ağdam Dövlət Dram Teatrı Ağdamın işğalından sonra qaçqın həyatı yaşayıb. Nə qədər çətin olsa da, fəaliyyətini davam etdirib. Bu gün ağdamlılar bu mədəniyyət məbədgahının da bərpa olunacağını, Ağdamın teatrlı günlərini səbirsizliklə gözləyirlər. Tarixin daha bir əmanətiQiyaslı kəndinə doğru gedirik. Burada XVIII əsr abidəsi olan Qiyaslı məscidini ziyarət edəcək,  erməni vandaliziminin daha bir üzü ilə tanış olacağıq. Uzaqdan Qiyaslı məscidinin xarabalıqları görünür. Yaxınlaşdıqca məhv edilmiş bir tarixi abidənin qalıqları üzərinə “həkk olunmuş” erməni cinayətinin izləri aydınca görünür. Elə cinayətlər var ki, onları ancaq ermənilər törədə bilərlər. Qiyaslı məscidində də erməni vandalları öz cinayətkarlıqlarının yeni bir izini açıblar. Bu cinayətin xüsusiyyətləri odur ki, onlar dağıtmaqla kifayətlənmirlər, təhqir edirlər, alçaldırlar. Damarlarında daşıdıqları qan onları bu cinayətləri törətməyə sövq edir. Ermənilər Qiyaslı məscidindən uzun illər tövlə kimi istifadə ediblər. Bu əməllər bəşəriyyət üçün utancvericidir. İnsanlıq adına ləkədir.  Sahbulağın Şah qalasıQiyaslı kəndindən çıxıb Ağdamın ruhu yaşayan daha bir tarixi məkana - Şahbulaq qalasına doğru yol gedirik. Şahbulaq qalası Ağdam şəhərinin 5-6 kilometrliyində yerləşir. Qala uzaqdan diqqəti cəlb edir. O, dünyanın müxtəlif ölkələrində gördüyüm ən möhtəşəm qalalara bənzəyir. Günəş rəngindədir, onun kimi işıq saçır. Onu seyr etmək, ona toxunmaq dünyanın ən qiymətli əşyasına toxunmaq hissi yaradır. Qalanın yanında yaşıllıqların arasından sırhaşırla axan Şahbulaq çayının adından götürülüb qalanın adı. Qala ilə çayın vəhdətində yaranan füsunkar gözəllik ağdamlıların və bura gələn qonaqların hər zaman zövqünü oxşayıb. Bu qala öz görkəmi və əhəmiyyəti etibarilə Ağdamın simvollarından birinə çevrilib. Tarixi mənbələrdə yazılır ki, Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında əhəngdən və dağ daşlarından istifadə olunaraq inşa edilib.  Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şahbulaq qalasında mənfur düşmən  öz ənənəvi saxtalaşdırma işlərinə başlayıb. Qalanın daxilindəki məscid (Şahbulaq məscidi), hamam və bulaq dağıdılıb. Saxtakarlıqlarını torpağın altında axtaran ermənilərin Şahbulaqla bağlı niyyətləri elə əzəli Azərbaycan torpaqlarında da əbədi dəfn olunub.    Ocağımız sönməyəcək... Ağdama səfərimiz nikbin notlarla tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Ağdama təyin olunmuş xüsusi nümayəndə Emin Hüseynov şəhərin baş planını təqdim edərkən, düşünürdüm ki, 100 min əhali üçün nəzərdə tutulmuş gələcək Ağdam şəhəri inkişaf etməkdə olan ölkəmizin tərəqqisini şərtləndirən modelə çevriləcək. Ağdam, eləcə də, Qarabağda həyata keçiriləcək quruculuq işləri Azərbaycanın mədəni və iqtisadi qüdrətinin göstəricisi olacaq. Ağdamın baş planı ilə tanışlıq, bu plana uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi Ağdamın biz düşündüyümüzdən daha erkən dirçələcəyinə inam yaradır.  Ağdamdan ayrılırıq. Avtobusun pəncərəsindən şəhər 1 nömrəli tam orta məktəbin dağılmış binası görünür. Hələlik bu bina bizə ancaq xarabalığı xatırladır. Amma tezliklə burada yaraşıqlı məktəb binası ucalacaq. Məktəb öz əvvəlki şöhrətinə qayıdacaq. Yaradıcı, qurucu Azərbaycan xalqı Ağdamda elə bir məşəl alovlandıracaq ki, işığı bütün aləmə yayılacaq. Dostların gözünə nur bəxş edəcək, düşmənlərin gözünə köz kimi toxunacaq...Böyükağa MİKAYILLI,Respublika Təhsil Şurasının katibi.Bakı – Ağdam - Bakı  

Hamısını oxu
Ətraf mühitin qorunması sağlam gələcəyin təminatçısıdır

Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir. Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk. “Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Hamısını oxu