Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

”9 May – faşizm üzərində Qələbə Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 8 may 2024-cü il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər. 9 May Qələbə Gününə həsr edilmiş tədbir Sabunçu rayonu 96 saylı tam orta  məktəbdə  baş tutub.

 ”9 May – faşizm üzərində Qələbə Günüdür” adlı tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının  sədri Sabir Allahverdiyev, Silahlı Qüvvələrin veteranı ehtiyatda olan polkovnik Şükür Qafarov, məktəbin direktoru Mehriban Hacıyeva, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri 96 saylı tam orta məktəbin direktoru Mehriban Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib.

İlk öncə Azərbaycan Dövlət Himni səslənib. Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb.

Tədbir şagirdlərin çıxışı ilə başlayıb. Şagirdlərin ifasında “ Azərbaycan oğluyam”, “Vətən” mahnıları səsləndi.Daha sonra şagirdlər “Ana və poçtalyon”, “Ay nənə bir nağıl de” əsərlərindən parçalar səsləndiriblər.

Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə RVT-nın sədri Böyük Vətən Müharibəsi iştirakçısı Fatma xanım Səttarovanın və onun müavini polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycandan 700 mindən çox şəxs müharibədə iştirak edib və yarısından çoxu qəhrəmancasına həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib.130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşlar, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdənolub. Belə ki,1941-ci ildə Azərbaycan tarixində ən çox -23,5 milyon ton neft istehsal olunub. Bu isə SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft,22 milyon ton benzin və digər neft məhsulları veriblər”.

Daha sonra Sabir Allahverdiyev çıxış edib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

2024-05-15 14:15:28
2950 baxış

Digər xəbərlər

Fatma Səttarova bir qrup veteranı ad günü münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Təşkilatın aşağıdakı üzvlərini ad günü münasibəti ilə təbrik edib:   İsgəndərov Hüseyn Həsən oğlu, 15.03.26, BMV, Sumqayıt ş; Qasımov Abdulla Həsən oğlu, 03.03.1926, BVM, Astara r-nu, Pensər kəndi; Nehmətov Cəbrayıl Nəsrulla oğlu, 04.03.1923, BVM, Astara r-nu, Şiyəkəran kəndi; Nuriyev Nəbi  Balı oğlu, 12.03.1922, BVM, İmişli r-nu, Qaralar kəndi.   SƏDR:Fatma Səttarova 28 fevral 2022-ci il  

Hamısını oxu
Bir yay nəğməsi...

Cəlil Xəlilovun 65 illik yubileyinə  həsr olunur     İsti bir yay gecəsi xoş bir məqamda, Bədirlənmişdi səma da, ay da. Mənə pıçıldadı, mənə əmr etdi qəlbimin səsi, Bəxş et sən dostuna, yubiley nəğməsi bir yay nəğməsi.   Masallı övladı, Vətən oğlusan, Vətən üçün, xalq üçün sən doğulmusan. Allah sevgisinə yaxın gəlincə, Bəxş etmiş o sənə kamal, düşüncə. Keçdiyin Pamir tək bilki yüksəksən. Vətənə sevgidə, torpağa sevgidə aşiqsən, təksən.   Bağlandın sərhədə cavan yaşından, Pamir dağlarının qarlı başından. Sərhəd oldu sənin doğma həyatın, Həyacanlı keçdi hər bir saatın.  Məhv oldu sərhəddə quldur, talançı, Güllənə tuş gəldi azğın basmaçı. Qanlı döyüşlərdə, ən çətin anda, İgidlik, mərdlik göstərdin sən Əfqanıstanda. Əzab-əziyyətə sən gətirdin tab, Bunlara şahiddir o qədim Murqab. Suyu qana bulaşmış dağ çayı Murqab.   Vətən savaşında sözünü  dedin, Düşmən qarşısından sən çəkilmədin. Şahidi olmuşuq bunların biz də, Döyüşdün, vuruşdun sən Horadizdə.   Veteran, qazinin qədrin bilənsən, Yolunu azana yol göstərənsən. Səninlə fəxr edir təşkilatımız, Hörmətlə çəkilir Sizin adınız.   Ey böyük allah, Böyük yaradan, Ricam var sənə ver mənə aman. Bəxş et qardaşıma sağlamlıq, cənnət, Ey böyük yaradan göstər mərhəmət.   O buna layiqdir, ey oxucum bil, Vətən əsgəridir Xəlilov Cəlil. Mübarək olsun altımış beş yaşın, Səni təbrik edir döyüş yoldaşın, Elşad qardaşın. Olasan qardaş allah amanı, Xoşbəxt yaşayasan dünyalar sanı. Polkovnik Elşad Şabanov – SSRİ Dövlət  Təhlükəsizlik Orqanlarının Fəxri əməkdaşı, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, MDB-nin “Döyüş əməliyyatları veteranı”, II dərəcəli müharibə əlili, Bakı şəhəri Nərimanov rayon veteranlar təşkilatının sədri.        

Hamısını oxu
Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər 2,5 dəfə artıb

Post-müharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, post-müharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min şəxsə sosial ödənişlər ödənilib. Post-müharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib. Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib. Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Post-müharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s. Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir. Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.  

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu