Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirilib

5 iyun 2024-cü il saat 10:30-da Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə  “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirilib. Konfransda kursantlar, müxtəlif qoşun növlərinin nümayəndələri, gənclər və veteranlar, həmçinin, millət vəkilləri, görkəmli ziyalılar, vətəndaş cəmiyyəti institutlatrının nümayəndələri iştirak edib.

Konfransdan öncə foyedə rəsm sərgisinə baxış keçirilib, vətənpərvərliklə bağlı əsərlər konfrans iştirakçılarının marağına səbəb olub.

Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubikasının Dövlət Himni ifa olunub.

“Xalq-ordu birliyi və 44 günlük Vətən müharibəsi” adlı videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalq-ordu birliyi ilə bağlı maraqlı fikirlər səsləndirib, bu birliyi təhlükəsizliyimizin qarantı adlandırıblar. Ordu-xalq vəhdətinin 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynadığını bildirən konfrans iştirakçıları, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu birliyin gələcəkdə də qorunub saxlanılanacağına əminliklərini ifadə ediblər.

Çıxışlardan sonra müxtəlif layihələrdə uğur və nailiyyətlər əldə etmiş gənclərə diplom və Fəxri Fərmanlar təqdim edilib.

Bundan sonra konfransda iştirak edən tələbə və kursantlar çıxış edən rəsmilərə suallar ünvanlayıb, onları maraqlandıran məsələlər haqqında ətraflı məlumat alıblar.

Konfransın sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

 

 

2024-06-05 14:49:34
3711 baxış

Digər xəbərlər

Beynəlxalq konfransın iştirakçıları ilə Milli Məclisdə və Müdafiə Nazirliyində görüş keçirilmişdir

13 oktyabr 2017-ci ildə Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilmişdir. Hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılmış, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilmişdir. Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulamışdır. Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulamışdır. Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilmişdir. Dövlət rəsmiləri  ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd etmişlər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırmışlar. Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulamış, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundanb bəhs danımışlar. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışmış, bunun yolverilməz olduğunu qeyd etmişlər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırmış, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləmişlər. Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etmişlər.   Görüşün sonunda Beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ziyafət verilmişdir.  

Hamısını oxu
“2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza verilən qiymətdir”

Məşhur Məmmədov: “Bu, həm də ərazi bütövlüyümüz uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə olan ehtiramın göstəricisidir”   Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Şuşanın Azərbaycan üçün həyati önəminə, qısa müddət ərzində  mədəniyyət paytaxtında aparılan quruculuq işlərinə, habelə Şuşanın Azərbaycan xalqı üçün mədəni-mənəvi əhəmiyyətinə diqqət çəkilib.   2020-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib:   “2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin, onun tarixinin və zənginliyinin bütün dünyada tanınmasına böyük töhfə verəcək. Bu Sərəncam hər şeydən öncə xalqımızın, dövlətimizin mədəniyyətə, mədəni dəyərlərə verdiyi önəmi göstərir. “Şuşa İli” çərçivəsində biz sadəcə öz qədim, zəngin mədəniyyətimizi təbliğ etməyəcəyik. Biz həm də erməni faşizminin işğal dönəmində qədim mədəniyyət şəhərində törətdiyi vəhşilikləri də ifşa edəcəyik. Bütün dünyaya göstərəcəyik ki, Ermənistan işğal dönəmində ümumbəşəri dəyərlərə qarşı necə böyük cinayətlər həyata keçirib.   Prezidentin 2022-ci ili Şuaş ili elan etməsi həm də Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu Sərəncam göstərir ki, Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz və doğmadır.   Mən bu Sərəncamı həm də Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə verilən yüksək qiymət hesab edirəm. Bildiyiniz kimi, hərbçilərimiz Şuşanın azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş, sərt, sıldırım qayaları dırmaşaraq düşməni qarşı yüngül atıcı silahlar və yalın əllə məğlub etmişdir.   Bu baxımdan 2022-ci ilin “Şuşa İli elan edilməsi bir çox baxımdan əhəmiyyətlidir. Dövlət başçısının məlum Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası doğma Şuşamızla bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş şəkildə yayılmasına təkan verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında veteranlarla görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir.   Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək.   Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu