Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qəhrəmanlıq zirvəsi” kitabı hərb tariximizə töhfədir”

“Qəhrəmanlıq zirvəsi” kitabı hərb tariximizə töhfədir”.

Veteran.gov.az xəbər verir ki, bu sözləri professor Rəna Mirzəzadə 10 iyun 2026-cı il tarixində “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib. Professor “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının Azərbaycanın hərb tarixində xüsusi rola malik olduğunu bildirib:

“Bu kitab hər bir cümləsi, sətri ilə canlı ensiklopediya, canlı bir həyatdır. Zərifə Quliyeva o həyatı bütün qəlbi ilə yaşayıb.

İstənilən hadisə ilə bağlı kitab yazmaq olar. Bu gün bir çox insan əsər yazır. Lakin bir məsələ var – o əsər abidədirmi? Mən bir tədqiqatçı olaraq deyirəm ki, Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” əsəri abidədir. Bu abidəyə baxdıqca 44 günlük Vətən müharibəsində əsgərlərimizin nələr etdiyini, analarımızın nələr yaşadığını görürük. Kitabda biz Zərifə Quliyevanın ürəyini görürük.

Mən bu böyük əsər, böyük abidə münasibətilə Zərifə xanıma təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

2026-06-12 19:56:00
701 baxış

Digər xəbərlər

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Zinnurov İrek Xaydaroviç  Respublika Veteranlar Təşkilatının qonağı olub.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən İrek Xaydaroviç sovet xalqlarının Böyük Vətən Müharibəsi dönəmində faşizmə qarşı birgə mübarizəsindən danışıb, bu mübarizənin bəşəriyyətin təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynadığını qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Təşkilat sədri bildirib ki, faşizmə qarşı mübarizədə xalqlarımızın göstərdiyi qəhrəmanlıqlar tarixin yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizənin xalqlar arasındakı dostluğu daha da gücləndirdiyini, bu dostluğun günümüzdə də davam və inkişaf etdiyini söyləyib. Cəlil Xəlilov bildirib ki, bəşəriyyətin bu günü və gələcəyi xalqlar arasında dostluq və əməkdaşlığı zəruri edir.   Görüş əsnasında Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətinə toxunulub, bu dostluğun xalqlarımız üçün də nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, iki dövlət və xalq arasında dostluğun qorunması və inkişafı vacibdir və hər hansı qüvvənin bu dostluğa xələl gətirməsinə imkan vermək olmaz.   Söhbət əsnasında yaxın gələcəkdə görülməsi planlaşdırılan birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi olub.   Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru səmimi qəbula görə təşkilat rəhbərliyinə təşəkkür edib, minnətdarlığını bildirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“8 Noyabr zəfəri dünya miqysında bənzərsiz qələbədir”

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində əldə etdiyi zəfər dünya miqyasında bənzərsiz qələbədir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bunu bir daha sübut edir: “Bildiyiniz kimi, cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə etdiyimiz tarixi qələbənin önəminə toxunub, 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın əldə etdiyi 8 Noyabr zəfəri mütləq qələbədir və nə 44 günlük Vətən Müharibəsindən öncə, nə də bundan sonra bu qədər aydın, parlaq, qəti qələbə olmayıb. Yaxın və uzaq keçmişə nəzər salsaq görərərik ki, Müzəffər Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər tarixi faktlara, tarixi gerçəkliklərə söykənir. Həqiqətən də, 8 Noyabr zəfəri mübahisəsiz və təkrarsız bir qələbədir. Bu fakt bir daha Azərbaycan Ordusunun Ermənistan və onun havadarları üzərində necə böyük, misilsiz qələbə çaldığını göstərir. Və bu fakt bir daha sübut edir ki, Azərbaycan xalqı, türk dünyası olaraq bu böyük, tarixi qələbə ilə nə qədər fəxr etsək azdır!”. Seymur ƏLİYEV  

Hamısını oxu
Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür

Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur. Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi. Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb. 2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.  22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı. Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir. Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır. Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir. Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər.  Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar. Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu