Digər xəbərlər
Plenumda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib Bakı, 16 fevral, AZƏRTAC Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib. C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib. Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib. Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər münasibətilə ölkəmizin çoxsaylı veteranları adından Sizi - bu Qələbənin memarını ürəkdən təbrik edirik. Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan bu Qələbəyə doğru çətin və şərəfli yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbr və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda müqəddəs Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz. Siz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, ölkə vətəndaşlarını öz ətrafınıza səfərbər edərək milli birlik formalaşdırdınız. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız. Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular. Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etdi, torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və milli təhlükəsizliyinin bərpasına nail oldu. Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz. Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə qürur duyur. Əminik ki, yüz illər bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər. Bu gün Siz ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları və veteranlar adından Sizə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.
Hamısını oxu
Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir. Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır. Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı. Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var. Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır. Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar. Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi. Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də. İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq. AzərTac
Hamısını oxu
"AŞPA-da Azərbaycanın iştirakı olmadan, Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir". Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib. Deputat qeyd edib ki, dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb: "Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. Paralel olaraq, ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd, Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda, erməni məsələsinin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Onlar gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda, həmin qüvvələrin nə Azərbaycana, nə də ki, Türkiyəyə təsir imkanları qalmır. Qlobalistlər bundan çox narahatdırlar". Deputat vurğulayıb ki, ermənilər, insan haqqları sadəcə bəhanədir: "Bakı həbsxanaslndakı separatçılar beynəlxalq Haaqa və Cenevrə konvensiyalarlna görə, konkret ağır cinayətlər törətmiş şəxslərdir. Araik Arutyunyanın Gəncəni və digər şəhərləri gecə vaxtı bombalanması əmrini verdiyi barədə videoyazılar var. Digər separatçılarla bağlı həmçinin. Hər şey şəffafdır. Hesab edirəm ki, onlarla bağlı məhkəmə prosesləri açıq şəkildə aparılmalıdır. Qiyabi də olsa, Xocalıda və digər bölgələrdə qətliam törətmiş Koçaryanlar, Sarkisyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Eybi yox, hələlik qiyabi cəza verilməlidir. Sonra isə, İnterpol xətti ilə axtarışa verilə bilər. Məhkəmə prosesinə, cinayətkarlara himayədarlıq edən dövlətlərin nümayəndələrinin iştirakının təmin olunması, vacib şərtdir. Bəlkə vicdanları bir az ağrıdı. Məhz, həmin dövlətlərin dəstəyi hesabına balaca bir Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, 1 milyona yaxın qaçqın, məcburi köçkünün həyatını zəhərlədi, qətliamlar törətdi. Bütün bunların kökündə, beynəlxalq hüquqa, insan haqqlarına selektiv yanaşma, ikili standartlar, geosiyasi rəqabət, regiona nəzarət uğrunda mübarizə nəticəsində baş verir. Qərbin ikiüzlü siyasətinin arxasında dayanan amillər bunlardır".
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər. Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.
Hamısını oxu