Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zaman anlamının fövqündə duran böyük alim

Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür.

AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir.

Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır.

Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı.

Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var.

Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır.

Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar.

Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi.

Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də.

İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq.

AzərTac

2023-12-21 11:58:07
4381 baxış

Digər xəbərlər

“Çarəsizlik İrəvanı qadınları, qocaları ordu sıralarına cəlb etməyə vadar edir”

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunda yaşanan insan resursu çatışmazlığı rəsmi İrəvanı bir-birindən əcaib addımlar atmağa məcbur etməkdədir. Son vaxtlar  diqqət çəkən belə əcaib addımlardan biri də yanğısöndürmə dəstələrinin ön xətdə təhkim edilməsi, döyüş postlarında növbətçilik prosesinə cəlb olunmasıdır. Hansı ki, rəsmi İrəvanın bu addımı  Ermənistan daxilində ciddi narazılıq və etiraza rəvac verməkdədir.  Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov baş verənləri Ermənistan ordusunun acınacaqlı durumunun növbəti təsdiqi kimi dəyərləndirib: “Bu, onu göstərir ki, artıq Ermənistanın rezervi bitib. Orduya gedən, ordu sıralarına qatılan yoxdur. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi məcburiyyət qarşısında qalıb qadınları, yaşlıları ordu sıralarına cəlb edir. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur. Baş verənlər öz növbəsində etirazlarla, aksiyalarla nəticələnir. Bütün bunlar Ermənistanın hərbi hazırlıq durumunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.  2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun rezerv qüvvələrindən istifadə etmədən, heç bir mobilizasiya aparılmadan düşmən hücumu dəf edildi və uğurlu əks-hücum həyata keçirildi. Bir neçə strateji yüksəklik düşməndən azad edildi. Lakin bu gün ermənilər sadəcə müdafiəni təmin etmək üçün ən müxtəlif kateqoriyadan olan insanları, eləcə də yanğınsöndürənləri orduya  cəlb edirlər. Bu, düşmən ordusundakı ağır vəziyyətdən xəbər verir.  Ermənilər əvvəllər ərazilərindəki rus hərbi bazalarına arxayın idilər. Lakin bu gün rus hərbçiləri Azərbaycanın işğal edilmiş torpaqlarına daxil olmaqdan imtina edir, Qarabağ müharibəsinə hər hansı şəkildə qarışmaq istəmir. Qarabağ Azərbaycanın ərazisidir və əgər Azərbaycan bu ərazidə terrorizmə və separatizmə qarşı mübarizə aparırsa, bu, onun daxili işidir. Azərbaycanın daxili işinə isə kimsə qarışa bilməz. Rusiya da bu məsələni anlayır. Son vaxtlar Rusiya açıq şəkildə ermənilərə işarə edir ki, Azərbaycanla probleminizi özünüz həll etməlisiniz. Bir sözlə, Ermənistanın vəziyyəti bu gün kifayət qədər ümidsizdir və onun qadınları, qocaları, müxtəlif peşə sahiblərini orduya cəlb etməsi də düşmən ölkədəki acınacaqlı durumdan xəbər verir”.  Seymur ƏLİYEV

Hamısını oxu
2100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərindən artıq 900-dək şəhidin 2100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir. Nazirlikdən Publika.az-a bildirilib ki, bu sosial ödənişlərdən biri də Prezidentin aylıq təqaüdüdür. Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti əyani təzahürü olaraq, həmin təqaüdün məbləği yanvarın 1-dən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Şəhid ailələri bu təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir. Eyni zamanda, Nazirlik əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər davam edir və təqaüdü almaq üçün bank kartları bir çox şəhid ailələrinə elə bu görüşlər zamanı öz ünvanlarında təqdim edilib.

Hamısını oxu
İlham Əliyev Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az    

Hamısını oxu
Mənim generalım

"Mənim generalım"... İyulun 13-də Ermənistan qoşunlarının Tovuz rayonuna hücum cəhdinin qarşısının alınması zamanı həlak olmuş general-mayor Polad Həşimova yüzlərlə, minlərlə əsgər belə deyirdi. İndi milyonlarla soydaşımız mərhum generalı belə adlandırır. Vətənin bağrından qopub Vətən torpağı uğrunda düşmənin önünü kəsən və şəhid düşərək Vətən torpağına verilən general Polad Həşimov. Əsl insan, əsl general, əsl vətəndaş. Ağır itkidir, söz yox. Amma döyüşlərdə, hərbi əməliyyatlarda itkilər qaçılmazdır. Ölkəmiz və insanlarımız da general Polad Həşimovu itirdi. Qürrələnməliyik, fəxr etməliyik generalımızla və ordumuzla. General-mayor Polad Həşimovun şəhadəti göstərdi ki, Azərbaycan ordusunda generallar səngərdən çox uzaqda, arxa cəbhədə oturmaqla işlərini bitmiş saymırlar. Bilaəks, generallarımız döyüş zamanı hərdaim ön cəbhədə, əsgərlərin yanında olur və Vətən torpaqlarını bacarıqları, bilikləri, peşəkarlıqları ilə bahəm, sinələri, canları və qanları ilə qoruyurlar. Fransa imperatoru Napoleon Bonopartın generalları İohim Mürat, Mişel Ney, Jan-Batist Jurdan, Jak Makdonald, Lüi Qabriel Sühe kimi. Polad Həşimov adını xalqın yaddaşına, Vətən tarixinə qanı ilə yazıb və bu millət var olduqca, o qəlblərimizdə müzəffər, cəsur və mərd insan, Əsl General kimi yaşayacaq. Lakin... Savaş meydanlarında və hərb olmadığı dönəmlərdə əsgərlər də dünyalarını dəyişir, generallar da həlak olur və ya vəfat edirlər. Bu, reallıqdır və elə bir ölkə yoxdur ki, onun ordusu generalını itki qismində əldən verməsin. Əsrlər əvvələ qayıtsaq, 17-ci əsrdə Avropadakı savaşlarda 125 (!) general həlak olmuşdu. 18-ci əsrdə bu rəqəm 183, 19-cu əsrdə 211, 20-ci əsrdə isə 734 oldu. Birinci Dünya Savaşı bəşər tarixinin axarını dəyişməklə yanaşı, döyüş meydanlarında və hospitallarda həlak olan generalların sayına görə "tarixi rekord"a səbəb oldu. Sadəcə, Qərbi Avropadakı savaşlarda 162 general həlak olmuşdu. Dünya tarixinin ən qanlı, məşum və genişmiqyaslı müharibəsi olan İkinci Dünya Savaşında isə 572 general həyatlarını itirdilər. 1945-ci ildən, həmin savaş başa çatandan bəri "general vuruldu", "general həlak oldu" xəbərləri səngimir. Postsovet məkanı ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrinin silahlı qüvvələri general itkiləri verirlər. Ukrayna general-mayor, Milli Qvardiyanın əfsanəsi, Milli Qəhrəman Sergey Kulçitskinin həlakı günü matəmə bürünmüşdü. O, "əsgər general", "əsl general" kimi ad çıxarmışdı və silahlı qüvvələrdə Kulçitskinin nüfuzu həddən ziyadə idi. 2015-ci ildə Fransanın Əcnəbi Legionunda (Légion étrangère) xidmət etməyə başlayan, briqada generalı rütbəsinədək yüksələn ukraynalı Dmitri Martınyuk bu ilin aprelin 23-də Malidə teraktda həlak olanda da Kiyev itkinin acısını yaşamışdı. Postsovet məkanında isə Sovetlər Birliyi dağılanan sonra ən çox general itkisi verən ölkə Rusiyadır. Belə ki, 1991-ci ildən bəri Rusiyanın güc strukturlarının 42 generalı müxtəlif şəraitdə həlak olublar. Şimali Qafqazda, Çeçenistandakı hərbi əməliyyatlarda 14 rusiyalı general döyüşlərdə həlak olublar. İki gün əvvəlsə Suriyanın Deyr əz Zor şəhərinin yaxınlığında Rusiya ordusunun general-mayoru Vyaçeslav Qladkix partlayışda həlak olub. Qardaş Türkiyəyə gəldikdə, Ankaranın Beytepe səmtində Şəhid Generallar abidəsi var. Türkiyənin Silahlı Qüvvələri və jandarmeriyası PKK terrorçuları ilə mübarizədə, habelə müxtəlif hərbi əməliyyatlarda 17 generalını şəhid verib. İraq ordusunda son 30 ildə 46 general həlak olub ki, bu siyahıda son şəxs iyulun 28-də Ənbər vilayətinin qərbindəki Hit şəhərində pusquya salınaraq öldürülən briqada generalı Əhməd Əbdül Vahid əl Ləmidir. Əfqanıstanda son 10 ildə 8 general həlak olub. General Zahir Gül Müqbil Mərcada döyüşdə aldığı güllə yaralarından keçinib və o, hələlik döyüşdə həlak olan son əfqanıstanlı generaldır. İran son 10 ildə 18 general itirib ki, onların 17 nəfəri Suriyadakı hərbi əməliyyatlarda həlak olublar. Suriyada öldürülən ilk iranlı general Hüseyn Həmədani idi. Sonralar Əbdül Rza Muciri, İzzətulla Süleymani, Hüseyn Həcc, Fərşad Həsunizadə və s. kimi generallar həlak oldular. Venesuelada briqada generalı Markes Morilo 2009-cu ildən bəri həlak olmuş 14 venesuelalı generalın sonuncusudur. Tayvan ordusunun Baş Qərargah rəisi, 63 yaşlı general-polkovnik Şen İminsə son 19 ildə həlak olmuş tayvanlı generalların arasında ən məşhuru idi. General İmin bu ilin yanvarında həlak olub. Ümumiyyətlə isə, son 10 ildə Asiya ölkələrində 734, Afrikada - 836, Avropa Birliyində - 18, Şimali Amerikada - 5, Cənubi Amerikada - 87, Avstraliyada 2 general həlak olub. Bütün bunlar rəqəmlərdir, statistikadır və hesablamaların kölgəsində qalan insan taleləri, yarımçıq bitən həyatların anları, təbii ki, görünmür. Polad Həşimov isə daim görünəcək, çünki o, özünü yalnız döyüşdə irəli verən şəxsiyyətdi. Sadəcə, hərbçi yox, həm də hərb adamı idi.   Savaşı evlərimizin kandarından uzaqlaşdırmaq, düşməni elə Vətənin sərhədində qarşılamaq daha əfzəldir istənilən halda və məhz bu səbəbdən də generalımız ulusun kandarında şərəflə ləyaqətdən yoxsun düşməni önlədi. Ermənilər çox qorxurdular. Düşmən həmişə qorxduğunu öldürməyə çalışır və elə buna görə də Polad Həşimov cismani olaraq itkimiz olsa da, Vətən və cəmiyyət olaraq payımızdır. Şəhadət, vətənpərvərlik, cəsarət və ləyaqət payı - ən gözəl ənam bu deyilmi? ... Azərbaycan general Polad Həşimovun ölümünü yaşadı. Azərbaycanın yaşaması üçün şəhid olan generalın... Elçin AlıoğluMilli.Az

Hamısını oxu