Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri mövzusunda seminar keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirilib. “İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə” mövzusunda təşkil olunan seminarda ekologiya və miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov xüsusilə bildirib ki, Azərbaycanda ekoloji miqrasiya ölkənin daxili miqrasiya mənzərəsinə müəyyən təsirlər edib. Vurğulanıb ki, daxili miqrantlar arasında təbii fəlakətlər və digər ekoloji səbəblərə görə yaşayış yerini tərk etmək məcburiyyətində qalan ekoloji miqrantları görmək olur. Bütövlükdə, müasir dövrdə ildən ilə daha qabarıq büruzə verən iqlim dəyişikliyi ekoloji miqrasiya fenomeninin miqyasının genişlənməsi nəticələnir.

İqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirinin müxtəlif aspektləri barədə geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov dünyanın bir sıra bölgələrində sürətlə dərinləşən səhralaşma problemi, su qıtlığının yaranması, flora və faunanın tükənməsi həmin ərazilərdə məskunlaşan insanların başqa ərazilərə miqrasiya etməsi və yeni şəraitə uyğunlaşması barədə danışıblar. Bildirilib ki, bəşəriyyətin mütərəqqi qüvvələri həm də bu fəsadların aradan qaldırılması istiqamətində səylərini səfərbər edirlər.

Tədbirdə iştirak edən Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov, Rəhilə Mehdiyeva, Nailə İsmayılova və digərləri ekoloji miqrasiya sahəsi ilə bağlı miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların iqlim dəyişikliyi fonunda hüquq və azadlıqlarının təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Miqrasiya üzrə Qlobal Saziş və digər beynəlxalq sənədlərdə ekoloji miqrasiya ilə bağlı yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb.

İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

 

2024-10-04 21:58:15
3009 baxış

Digər xəbərlər

Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 ) Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ). Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib. Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ). Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək! Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib. Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.  

Hamısını oxu
Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir

Tədbirdən əvvəl Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək onun önünə tər güllər qoymuşlar. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Xocalı hadisəsi 20-ci əsrin ən qanlı soyqırımlarından biridir. Bu soyqırım etnik azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməkliyi ilə törədilmişdir. Zirehli texnikanın iştirak etdiyi bu qanlı hadisədə bir gecənin içində Xocalı şəhəri tamamilə yer üzündən silinmişdir. Nəticədə həmin vaxt Xocalıda mühasirə vəziyyətində qalmış 2500 nəfər sakindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfəri qətliamın qurbanı olmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Onun dəhşətli nəticələri hər bir azərbaycanlının qəlbini ağrıdır. Ancaq nə qədər aığr və dəhşətli olsa da, Azərbaycan xalqı sarsılmadı. Əksinə düşmənini bir daha tanıdı və faciədən ibrət dərsi götürməklə, düşmənə layiqli cavab verməyə hər an hazır olmaq üçün özündə güc tapdı. Bu sahədə Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyətin mühüm istiqamətlərindən biri Xocalı soyqırımının dünyada tanıdılmasıdır. Bu baxımdan bir neçə il əvvəldən başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər xüsusilə uğurlu olmuşdur.  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətli olmuşdur. Respublika Veteranlar Təşkilatı da öz tədbirlərində, xüsusilə gənclərlə görüşlərdə onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı digər məlumatların çatdırılmasını daim diqqətdə saxlayır. Məqsəd gənclərin vətənpərvər ruhda yetişməsi, Vətəni düşməndən qorumağa, işğal altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Azərbaycan gəncliyinin, əksər hissəsini gənclərin təşkil etdiyi Ordumuzun bu şərəfli missiyanı həyata keçirməyə hər an hazır olduğuna şübhə yoxdur. Ötən ilin aprelində erməni hərbi birləşmələrinin təxribatının qarşısının uğurla alınması zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlar bunu bir daha sübuta yetirdi. Hazırda əksər gənclərimizin vətənpərvər, Vətəninə, torpağına bağlı insanlar kimi yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə olan inamımızı daha da artırır. Xocalı hadisələrinin dünyanın əksər dövlətləri, xüsusilə əsas söz sahibi sayılan ölkələri tərəfindən soyqırımı kimi qəbul etdirilməsi ilə Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olarıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməli, Xocalı harayına öz səsini qatmalıdır”.  Daha sonra çıxış edənlər, hüquq elmləri doktoru,  professor Bəhram Zahidov  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, ölkənin müxtəlif təşkilatlarının, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışaraq, bu fəaliyyətin daha da gücləndirilməsinin zəruri olduğunu bidirdilər.

Hamısını oxu
“Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”

Əliməmməd Nuriyev: “Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bilrikdə bu sahədə mühüm işlər görüb” “Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”. Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədəki əməkdaşlığı öz faydasını verməkdədir: “Cənab Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində həyata keçirdiyi dəyişiklikdən sonra bu qurumda ciddi islahatlara şahid olmaqdayıq. Məlum dəyişiklikdən sonra Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə bu qurumda keçmişdən qalan neqativ hallara qarşı mübarizə məqsədilə ciddi addımlar atıb. Xüsusilə də hərbi çağırışdan boyun qaçırmaqla bağlı aşkar edilən korrupsiya sövdələşmələrinin ifşa edilməsi, korrupsiya sövdələşmənin nəticələrinin aradan qaldırılması, çağırış sisteminin sağlamlaşdırılması, neqativ meyillərin qarşısınn alınması cəmiyyətdə də məmnunluq doğuran yeniliklərdəndir. Görülən bütün bu işlər, həyata keçirilən bütün bu tədbirlər sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bugünkü rəhbərliyi dövlət başçısının ona olan etimadına layiq olmaq, xalqın bu quruma olan inam və sevgisini qazanmaq üçün əzmlə çalışmaqdadır. Mən bu məsələdə ortaya qoyduqları iradəyə və prinsipiallığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Baş Prokurorluğa öz təşəkkürümü bildirir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu