Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər

Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar fevralın 25-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə anım tədbiri keçirilib.  Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruzə ilə çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Cəlil Xəlilov: “Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.  Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.  Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi.  Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində - 8 ailə tamamilə məhv edilmişdir; - 56 insan işgəncə ilə öldürülmüşdür; - 27 ailənin yalnız 1 üzvü qalmışdır; - 25 uşaq hər iki valideynini itirmişdir; - 130 uşaq valideynlərindən birini itirmişdir; - 230 ailə öz başçısını itirmişdir; - 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); - 1275 insan əsir götürülmüşdür; - 1165 insan girovluqdan azad edilmişdir; - 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və faciəyə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı ilk əməli təşəbbüs 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Eyni zamanda ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında“ 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər nümayiş etdirilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”. Tədbirdə çıxış edən digər şəxslər də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlərdən danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.

2019-02-25 00:00:00
5836 baxış

Digər xəbərlər

Cəbhədə SON VƏZİYYƏT - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Milli.Az xəbər veirr ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi Azərbaycan dövlətinin hərbi qüdrətini bir daha göstərdi

Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 23-25–də Bakıda, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında təlimlərin önəminə diqqət çəkərək deyib: “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi və bu qəbildən olan digər təlimlərin həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyəti var. Məhz birgə təlimlər vasitəsi ilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkarlansın və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki ölkənin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər”. Polkovnik qeyd edib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər: “Təlimlərdə müxtəlif qoşun növləri iştirak edib ki, bu da onların geniş miqyasından xəbər verir. Bu kimi təlimlərin mütəmadi xarakter alması da təqdiredici haldır. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır”. Cəlil Xəlilovun sözlərinə görə, təlimin adı, habelə onun Türkiyənin 100-cü ildönümünə həsr edilməsi də qürur doğuran məqamlardandır: “Bu, hər şeydən əvvəl Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə və tarixdə, çətin günlərdə olduğu kimi xoş gündə də onunla birlikdədir.”.

Hamısını oxu
Şuşada bərpa işləri başladı

İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqda tamaşaçılara məlumat verib. “Əməkdaşımız bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər verilib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Əməkdaşımız diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb", - televiziya qeyd edib.

Hamısını oxu
“Respublikamızın Silahlı Qüvvələri müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır”

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür?  Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir? Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı: “Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız  növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi. Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur. Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir.  Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır. Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu