Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni Klinika Avropa brendinə çevrilir...

Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək 

TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar.

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər.

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək.

Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.

 O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb:

“Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək.

Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”.

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib:

“Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində  səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”.

Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib:

“Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.  

“Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”.

Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur:

“Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”.

Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.

 

2024-10-29 18:19:22
3498 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər  barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri  Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Hamısını oxu
İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.  Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil. İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir. Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi. Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir. Seymur ƏLİYEV  

Hamısını oxu
Veteranlar Marşı

 

Hamısını oxu
Nəsimi rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 22 aprel 2022-ci iltarixində  Bakı şəhəri Nəsimi   rayonunda yerləşən 111  saylı tam orta məktəbdə tədbirdə iştirak  ediblər.  Tədbir   Böyük Vətən Müharibəsinin  qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilmişdir. Tədbirdə BVM-si veteranı Ağababa İskəndərov, Nəsimi rayon VT –nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açdı. O, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Vətən, torpaq  ugrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra söz BVM-si veteranı Ağababa İskəndərova verilib. Ağababa İskəndərova keçdiyi şərəfli döyüş yolundan şakirdlərə bəhs edib. Vətənimizi, torpaqlarımızı, xalqımızı sevməyi onlara tövsiyə etdi. Sonra söz Adil  Haqverdiyevə verildi.O, çıxış edərək bildirdi ki, BVM –nin qələbə ilə başa çatmasında xalqımızın misilsiz xidmətləri olmuşdur: “Alman faşistlərinin böyük hərbi planlarından biri Bakını işğal etmək və neft buruqlarını ələ keçirmək idi.Qəhrəman döyüşçülərimiz faşistlərin arzusunu gözlərində qoydular. Müharibənin sonuna qədər ordu  neftlə təmin olundu. Qələbədən sonra mütəxəssislər dəfələrlə etiraf etmişdilər ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə çalmaq mümkün olmayacaqdı. Ön və arxa cəbhənin birgə fədakarlığı qələbəni təmin etdi. Şanlı tarixi olan bir xalqın torpağına göz tikmək sadəcə ağılsızlıqdır.Uzun illərin sülh danışıqlarına məhəl qoymayan düşmən, Müzəffər Ordumuzun gücü qarşısında  44 gün ərzində darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda Azərbaycanın üçrəngli  bayrağı dalğalanır. Mən çıxışımın sonunda  bir daha torpaq uğrunda həlak olanlara, şəhidlərə uca Allahdan rəhmət diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkildi.  

Hamısını oxu