Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

    Mütəfəkkir dövlət xadinləri, igid sərkərdələri, qüdrətli ordusu, peşəkar zabit heyəti. əyilməz əsgərləri ilə daima qürur düyan, Zəfər - Qələbə əzmi ilə qəhrəmanlıq tarixini yaradan Azərbaycanın mərd, məğrur oğulları II dünya müharibəsində də sübut etdilər ki, onlar qəhrəman diyarın övladlarıdır. 1941 – 1945- ci illər müharibəsində tarix yaradan, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan iki dəfə Sovet İttifaqı Qəhrəmanı  general Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Azərbaycanın dilbər guşələrindən biri Lənkəranda anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı tam orta məktəbdə alıb. 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 
Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. 
1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 
1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1939-cu ilin axırlarında ona kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov, Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri bərabər döyüşə girir. Özü bu haqda belə yazır: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik." 1941-ci ilin sentyabr ayının axırlarında Ukraynanın sağ sahil hissəsində vəziyyət SSRİ ordusu üçün ağırlaşdı və qoşunlar ağır tələfata uğrayıb Xarkov vilayətinə qədər geri çəkildilər. SSRİ Ali Baş Komandanlıq Qərargahının əmri ilə 51-ci əlahiddə ordunun birləşmələri Krım bərzəxlərini əllərində saxlamalı və Alman qoşunlarının Krımı ələ keçirməsinin qarşısını almalı idi. Donbas və Xarkov sənaye rayonunun ətrafını qorumaq üçün çoxzolaqlı müdafiə sistemi və istehkamlar yaratmaq üçün Qərargah, Mayor Aslanov da daxil bir krup komandiri Donbasa göndərilir. 
Azərbaycan xalqının qüruru mayor Aslanov öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edir və onu ağır tələfata uğradır. Bu tarixi hadisədən sonar Həzi Aslanov Moskvaya çağırılır və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilir. Səngərlərin sipərinə çevrilən Həzi Aslanov 55-ci əlahiddə tank briqada komandirinin müavini kimi Kerç yaxınlığında alman faşistləri ilə ağır döyüşlərə girir. Kerç, Semisotka və 8 mart kəndi yaxınlığında düşmənə ağır zərbələr endirir. 
1941-ci ilin payızında cəbhənin bir sıra istiqamətlərində, Leninqrad və Tixvin, Rostov və Krım yaxınlığında şiddətli döyüşlərdə SSRİ ordusu alman ordusuna güclü tələfata uğradır. Noyabrın ayının axırlarında isə Moskva yaxınlğında ağır vəziyyət yaranmağa başlayır. 1941-ci ilin dekabrında Moskva uğrunda gedən qeyri-bərabər döyüşlərdə Həzi Aslanov qəhrəmanlıq səlnaməsini yaradır. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdiyi ərəfədə ölüm- qalım savaşı başlayır. Belə bir ağır zamanda Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Həzi Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə o, mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyə nail olur.  Bu hərbi əməliyyat zamanı Həzi Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Həzi Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət, əsgər və zabit xilas olunur. Azərbaycanın igid oğlu Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.
Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun rəhbərliyi ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirirlər. Tankçılar vuruşa-vuruşa 40 kmdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub faşistləri Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarır. Həzi Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət, qəhrəmanlıq göstərirlər. Düşmənin 30 əks-hücum əməliyyatını dəf edir, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarırlar. Bu döyüşdə göstərdiyi şücaətə görə qəhrəmanlıq tarixini cəsarəti  və məğrurluğu ilə yazan podpolkovnik Həzi Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Öz hərbi biliyini artırmağa daima səy göstərən Həzi Aslanov 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyir. Sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdır. 
1944-cü il  martın 13-də ona tank qoşunları general mayoru ali rütbəsi verilir. 1944-cü il iyunun axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə hucumları davam etdirir. Onun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı Bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür. 
1944-cü il avqustun 1-də general Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı və əzmkar sərkərdə kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır. Komandanlıq etdiyi polka qvardiya adı verilir. General Həzi Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir, daha sonra 1944-cü ildə 35-ci qvardiya tank briqadası Belarusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənir.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən, general Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonu yaxınlığındakı Priyekule ərazisində döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş amma o, yolda erməni xəyanətinin qurbanı olaraq dünyasını dəyişmışdi. General Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olan yazıçı-jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu… Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı. Beqiaşvilinin fikirincə, Həzi Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni Baqramyan təşkil etmişdi. Çünki, Həzi Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və Sovet Ordusunun açdığı mərmi atəşindən sonra mümkün olmuşdu.
1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneəçilik törədir. Ölümündən, daha doğrusu Şəhidlik zirvəsinə ucalmasından 46 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
“Ana Vətən çağırır!” nidası ilə tarix yaradan milli Azərbaycan diviziyalarının igid əsgərlərinin qəhrəmanlıq, əyilməzlik, rəşadət, şücaət simvoluna dönən general Həzi Aslanov ölümü, daha doğrusu, ədalətsiz Qətli ilə şəhidlik zirvəsinə ucaldı. Cənazəsi Latviyadan Vətənə  - Odlar Yurdu Azərbaycana gətirilib Fəxri Xiyabanda torpağa verildi. Əfsanəvi döyüş yolu ədəbi – bədii əsərlərə, kino filmlərə çevrildi. Böyük Vətən müharibəsinin taleyini həll edən Stalin, Jukov, Molotov, Əziz Əliyev kimi general Həzi Aslanovun adı çəkiləndə də hər kəs sayğı duruşunda dayanır. Adı ilə bağlı tədris mərkəzlərində peşkar hərbiçi kadrlar yetişdirilir. Xatirəsinin əbədiləşdirildiyi ünvanlardan keçəndə isə hər kəsin yadına Ulu öndər Heydər Əliyevin tarixi kəlamı düşür: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adıyla fəxr edib, qürur duyduğumuz Azərbaycanın məğrur sərkələrindəndir.

 

Cəlil Xəlilov                   

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  

Təşkilatının sədri, polkovnik

           

           

                                     

2024-12-02 12:35:43
1002 baxış

Digər xəbərlər

Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.   Ruslan Vəliyev, polis baş leytenantı  

Hamısını oxu
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub. Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub. Daha sonra dualar edilib.                                  

Hamısını oxu
Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.  Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.  Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.  İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.  Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Hamısını oxu
“Gözümün Nuru Vətən” III sənədli filmin təqdimat mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, 17 iyul 2026-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin idea müəllifi Simuzər Ağakişiyeva açıq elan edərək sözü AzGƏC-in sədri Səmyar Abdulayevə verib. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqlara imza atdığını bildirən Səmyar Abdullayev, Vidadi Məmədovun də bu qəhrəmanlardan biri olduğunu bildirib. Səmyar Abdullayev qeyd edib ki, cəmiyyət, xüsusilə də gənclər və gələcək nəsillər Vidadi Məmmədov kimi qəhrəmanları tanımalı, onların dövlətimizin ərazi bütövlüyü uğrunda necə böyük fədakarlıqlar sərgilədiyini bilməli, bu qəhrəmanlardan örnək götürməlidir. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Sadiqov Eminin anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Birinci Qarabağ muharibəsinin iştirakçısı,  Milli Qəhrəman  Yusif Mirzeyevin bacisi Nailə Mirzəyeva çıxış edərək Vidadi Məmmədovun timsalında vətən oğullarının 44 günlük müharibədə imza atdıqları qəhrəmanlıqlar diqqət çəkiblər. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Vidadi Məmmədov dövlətimizin ali mükafatları ilə -“Şücaətə görə”, Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, Fizulinin azad olunmasına  görə”, Şuşanın azad olunmasına görə” təltif olunmuş igidlərimizdəndir. Onun döyüş yolu, Vətənə sonsuz sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti cəmiyyətimiz, xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Gözümün Nuru Vətən” sənədli filmi qəhrəman qazimizin həyat salnaməsini, keçdiyi şərəfli döyüş yolunu və Vətən sevgisini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Film eyni zamanda xalqımızın Zəfər tarixinin təbliğinə, şəhid və qazilərimizin qəhrəmanlıq irsinin yaşadılmasına, milli həmrəyliyin və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə aşılanmasına xidmət edir. Təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. Belə ki, qazimiz məhz Naxçıvan Muxtar Respublikasının Babək rayonun yetirməsidir.  Azərbaycanın qədim dövlətçilik ənənələrinin və zəngin milli-mənəvi irsinin qorunub saxlanıldığı Naxçıvan bu cür tədbirlərin keçirilməsi üçün mühüm mənəvi məkandır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti bu layihə ilə cəmiyyətimizdə milli birlik, dövlətçilik ənənələri və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə töhfə verməyi qarşıya məqsəd qoyur. Gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.  

Hamısını oxu