Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qobuda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Abşeron rayon Qobu qəsəbəsindəki Sənətkarlıq Evində tədbir keçirilib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbə nümayəndəliyi və qəsəbə Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutan mərasimə şəhid ailələri və qazilər, qəsəbə ağsaqqalları, icra nümayəndəliyi və bələdiyyə, eyni zamanda ictimai fəalların nümayəndələri iştirak edib.

Çıxışlarda Ulu Öndər tərəfindən təsis olunmuş 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən və  Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs olunub.

Tədbirdə həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi fəxr edir, qürur hissi keçirir.

Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, məktəblilərin söylədikləri şeirlər alqışlarla qarşılanıb.

2024-12-29 18:00:26
3078 baxış

Digər xəbərlər

İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. “Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.  Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.  

Hamısını oxu
Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR            Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır. İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür.  Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır.  Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir.  Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir.  Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar.  Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.      TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:    NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur.  İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...      MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:      - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq.  Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib.  İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..." Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi. İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu.  1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.      1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır.   Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:          Ömrün əziz ikən təbin təzələr,          Dünya zəncirinə bağlama hədər.          Allaha xoş gedən xeyirli iş gör,          Qoyma ki, həyatın keçə bisəmər. Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub.  Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur.  1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.  11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb.      1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür.   Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan. Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin! Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb.  Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar. Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.  

Hamısını oxu
"İki dövlət – bir millət, bir can, Türkiyə-Azərbaycan”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı qardaş Türkiyədə çoxsaylı insan tələfatına və böyük dağıntıya səbəb olan zəlzələylə bağlı "İki dövlət-bir millət, bir can, Türkiyə-Azərbaycan" mövzusunda tədbir keçirib. Tədbirə  rayon icra hakimiyyətinin rəsmiləri, Əmək və Müharibə veteranları, ictimai birliklərin nümayəndələri və qardaş ölkəyə yardım kompaniyasında fəal iştirak edənlər dəvət olunublar. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə təbii fəlakətdə həlak olan türkiyəli bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman qardaş Türkiyədə baş verən yüksək dağıntı gücünə malik olan zəlzələnin törətdiyi ağır fəsadlardan danışıb, faciənin ilk günündən dövlətimizin və xalqımızın qardaş türk xalqının yanında olduğunu xüsusi vurğulayıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə bütünlüklə bizə dəstək olduğu kimi biz də təbii fəlakətlə üzləşən dost ölkəyə hər cür qardaş yardımı göstərməyə çalışırıq. Fövqəladə nazirliyinin 900-dən çox əməkdaşı axtarış-xilasetmə işləri aparır, tibbi personalımız dağıntılar altından yaralı çıxan sakinlərə tibbi xidmət göstərir,  zəlzələ bölgəsinə yollanan könüllülər humanitar yardımların paylanılmasında fəal iştirak edirlər. Ölkəmizin  hər yerində təşkil olunan qardaş ölkəyə yardım kompaniysı bu gün də mütəşəkkil şəkildə davam edir. Bütün bunlar bir daha göstərir ki, biz iki dövlət olsaq da, bir millət və bir canıq. Rayon icra hakimiyyətinin Cəlilabad şəhəri üzrə nümayəndəsi Ramin Əmənov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, rayon icra hakimiyyətinin ərazi dairəsi üzrə nümayəndəsi Simran Əlizadə, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, şəhid atası Zaur Məmmədov, Əmək və Müharibə veteranları Kamran Sadıqov, Mirağa Salmanov, Rəsul Bayramov, qardaş ölkəyə  yardım kompaniyasının təşkilatçıları Əsəd Abbasov, Mərifət Səmədli, Asəf İsmayılov və başqaları çıxış edərək qardaş ölkənin düçar olduğu faciədən ürək ağrısı ilə danışıblar, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyiblər. Sonda doğma Türkiyə respublikasına göstərilən qardaş köməyində fəal iştirak edən bir qrup rayon sakininə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.

Hamısını oxu
Yeni dünya nizamında güc amili

Hamısını oxu