Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya Müharibəsinin Qəhrəmanı: Çərkəz Qurbanov

Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir və onların rəşadətli döyüş yolunu gələcək nəsillərə ötürür. Bu qəhrəmanlardan biri də Çərkəz Baxşəli oğlu Qurbanovdur. 1918-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Çərkəz Qurbanov, gənclik illərini vətənin müdafiəsinə həsr etmiş və Böyük Vətən müharibəsinin ən çətin döyüşlərində iştirak edərək şücaətini göstərmişdir. Onun adı cəsur kəşfiyyatçı olaraq yalnız Azərbaycanda deyil, həm də Ukrayna, Rusiya və digər ölkələrdə məşhurdur. Çərkəz Qurbanovun döyüş yoluna nəzər saldıqda, onun həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu önə çıxır.1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başlandı. Müharibə təhlükəsi Vətənimizə getdikcə yaxınlaşırdı. Gənc Çərkəz Qurbanov 1939-cu ildə Finlandiya müharibəsində  və Qərbi Ukraynanın azad edilməsində igidliklə vuruşaraq əsgərlərə nümunə olmuşdu. 1940-cı ilin əvvəlində o, cəbhədə ağır yaralanaraq Ukraynanın Kamenets-Podolsk şəhərindəki hərbi xəstəxanaya gətirilir. Burada müalicə olunduqdan sonra doğma kəndinə məzuniyyətə qayıdır. Lakin məzuniyyəti uzun sürmür.
Böyük Vətən müharibəsinin başlanması ilə Sovet İttifaqının  başı üstünü daha ağır təhlükə - Hitler Almaniyasının təcavüzü alır. Müharibənin ilk günlərində Çərkəz Qurbanov könüllü surətdə cəbhəyə yola düşür.
1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək  bir həftə sonra Mozdoku tuturlar. 223 saylı diviziyanın tərkibindəki 1037 – ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada – Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Çərkəz Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir.  Bu şücaətə görə  Çərkəz Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur, Georgiyevsk şəhərindəki  Stepnaya küçəsinə Çərkəz Qurbanovun adı verilir. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır. 
Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan  kəşfiyyatçı  o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız? sualını verdilər. “Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam!” – deyə cavab verdim. Oradan qayıdıb gələndən sonra yerli əhali Sov.İKP MK –nın birinci katibi L.Brejnevə bir narazılıq məktubu göndərirlər. Məktubda deyilirdi: “ Nə səbəbə əsl qəhrəman  çəkdiyi əziyyətə görə qəhrəmanlıq nişanı ilə təltif olunmayıb?”
L.Brejnev  bu məktubu Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Heydər Əliyevə göndərir. Heydər Əliyev təcili Bakıdan Georgiyevsk şəhərinə televiziya çəkilişi aparmaq üçün müxbirləri cəlb edir. Televiya əməkdaşları əsirlərin azad edilməsi faktına əsasən sənədli film hazırlayırlar.  Bu film ayrı-ayrı vaxtlarda nümayiş etdirilir.
Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir və öndə olur.


Belə çətin döyüş və qəhrəmanlıq yolu Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə Elbada başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi  223-cü atıcı diviziyasına Belqrad diviziyası adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən  isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərlərinin Fəxri vətəndaşıdır. Azərbaycanın cəsur kəşfiyyatçısı Çərkəz Qurbanovun bir çox orden və medallar, Baş komandanlıqdan təşəkkürlər almışdır.
Çərkəz Qurbanov 1946-cı il aprelin 29-da ordu sıralarından tərxis olunur. Bakı, Sumqayıt şəhərlərinin  hüquq –mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Milis əlaçısı”  döş nişanı ilə mükafatlandırılmışdır. Polis mayoru  rütbəsinə qədər yüksələn Çərkəz Qurbanov Sumqayıt şəhər Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır.  Qeyd edək ki, Çərkəz Qurbanov 18 il qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə H.Z.Tağıyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi  cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.
Qürur hissi ilə deyə bilərik ki, Çərkəz  Baxşəli oğlu Qurbanov  İkinci dünya müharibəsi zamanı şərəfli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların döyüş yolu daima gənclərimizə örnəkdir.

 

Cəlil Xəlilov                   
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  
Təşkilatının sədri, polkovnik

 

2024-12-04 22:39:10
3708 baxış

Digər xəbərlər

Qazi və şəhid ailələrinə diqqət göstərilir

Hamısını oxu
“Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik tədbirində hər kəs ondan fəxarətlə danışıb

Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin,  Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub.  1975-ci ilin 10 avqustundan şəhid olduğu 2020-ci ilin oktyabr ayının 2-dək olan ömür yolu kitab olub vərəqlənib, xatirələr yumaq kimi çözələnib, hər kəs ondan qürur ilə, iftixarla danışıb.Füzuli ata: “Ölümünə inanmıram, o, öləsi oğul deyildi. Yaşar yenə döyüşdədir, Murovdağın zirvəsində yağılarla savaşır. Şəri qovur, zülmətləri yarıb keçir igidim”, - deyə özü-özünə təsəlli verir.Övladları Xanış, İnci “Ata” deyib kövrəlir: “Atam ilə fəxr edirik hər zaman, qara daşdan bizə baxır atamız. Bu torpağın qədrin bilin, qoruyun hər qarışın. Torpaq qanla qarışanda Vətəndir. Atam bizi bu torpağı qorumağa çağırır!”.Yaraları qaysaqlanan əsgərin gözündəki qığılcıma, oda bax: “Qisasını vuruşaraq, döyüşərək almışıq. Rahat uyu komandirim, qardaşım. Bizim olub, bizimkidir Qarabağ!” deyib qamətini uca tutur qazimiz.Şair yenə fikrə dalıb, dindirməyim amandı. Şimşək olub kükrəyəcək, çaxacaq: “Qızıl qanı lalə olub göyərib. Od nəfəsi Murovdağın qarın, buzun əridib. Minnətdardır sənə Vətən, bu torpaq! Köç qayıdır yurd yerinə ay qağa, yubanma gəl, gedirik Qarabağa!”.Xiyabanda izdiham var. Burda sevinc qəm-kədərə qalib gəlir, güc gəlir, burda hər gün “Vətən” sözü, “Əsgər” sözü, “Rəhmət” sözü milyon kərə səslənir.Bu fikirlər İkinci Şəhidlər xiyabanında Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Yaşar Sadıqovun doğum günü münasibətilə keçirilən mərasimdə polkovnik Abdulla Qurbaninin bir az şairanə, bir az kövrək, əsasən də qürur hissi ilə dilə gətirdiyi düşüncələridir.Şəhidin məzarı ziyarət olunduqdan sonra xatirə mərasimi başlanır. Əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunur.Mərasimdə A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Yaşar Füzuli oğlu 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub. 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.Qeyd olunub ki, 1993-cü il dekabr ayının sonlarında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Horadiz əməliyyatı” başlananda Yaşar hələ kursant idi. Çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də müsbət cavab ala bilməyib. Düşmənə qarşı qəzəbini, nifrətini, kinini içində boğub. 1994-cü ilin ilk yanvar günlərində Füzuli və Cəbrayıl rayonlarının Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri onun hədsiz sevincinə səbəb olub.   Təhsilini başa vurduqdan sonra Yaşar gənc zabit kimi Naxçıvan Muxtar Respublikasına göndərilib, motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib.2016-cı ilin aprel döyüşlərindən az sonra xidmət yeri Bakı Qarnizonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilib və o, burada da xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Motoatıcı tabor komandiri, hərbi hissə komandirinin müavini olaraq nümunəvi xidmətləri ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.Yaşar Sadıqov 2018-ci ildən Beyləqan, Xocavənd istiqamətlərində hərbi hissə komandirinin müavini kimi xidmətini davam etdirib və nəhayət Vətən müharibəsini Murovdağ istiqamətlərində yerləşən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsində qarşılayıb. Artıq o, “polkovnik-leytenant” idi.A.Qurbani xatırlayaraq vurğulayıb ki, müharibənin ilk günündə Silahlı Qüvvələr veteranı olan Y.Sadıqov döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına topladı. Cəlb edildiyimiz bu müharibənin son dərəcə ciddi bir müharibə olduğunu, bununla da torpaqlarımızın 30 illik işğalına, xalqımızın isə 30 illik həsrətinə tezliklə son qoyulacağına zəmin yarandığını bildirdi və şəxsi heyətə bir daha xatırlatdı kı, xidmət etdiyimiz bu hərbi hissə 1994-cü ilin yanvarında yaradılıb və həmin ayın 24-də xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola düşüb.Yolasalma mərasimində o vaxt dahi liderimiz demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz Sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi – Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram.Ümidvaram ki, bu deyilənlərin hamısına əməl edəcəksiniz və öz vəzifənizi igidliklə yerinə yetirəcəksiniz. Vətənimizi, ana və atalarımızı, bacı və qardaşlarımızı sevindirəcəksiniz.Azərbaycan Ordusuna yeni-yeni uğurlar diləyirəm, sizin hər birinizə uğurlar arzulayıram.Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağı, müqəddəs Azərbaycan Respublikası uğrunda irəli!”.Polkovnik-leytenant nəinki əbədiyaşar Ali Baş Komandanın bu fikirlərini, xeyir-duasını döyüşə yollanacaq igidlərə təkrarən xatırlatdı, eyni zamanda, onun özü də igid oğullara qoşularaq Murovdağın strateji yüksəkliklərində neçə illərdir ki, özlərinə mövqe seçmiş və bərkidib, möhkəmləndirilmiş səngərlərdə oturmuş məkrli və hiyləgər düşmənlərin təxribatlarına cavab olaraq əks-hücuma keçdilər.Düşmən mövqeyi  darmadağın edildi, onlara canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verildi. Lakin bir həftə sonra igid zabitimiz özü də bir neçə cəsur silahdaşı ilə birlikdə qəhrəmancasına şəhid oldu. Uzun müddət onun da nəşini döyüş meydanından çıxarmaq mümkün olmadı. Həmin günlərdə şəhidin ailəsi, valideynləri böyük dözüm, səbir nümayiş etdirdilər. Nəhayət,  2021-ci il fevralın 26-da şəhid zabitimizin nəşi çıxarılaraq Bakı şəhərinə gətirildi və Xocalı faciəsi qurbanlarının xatirəsinin qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı.Sağlığında 6 döyüş medalı ilə təltif olunan igid zabitimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olundu.Tədbirdə Füzuli rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova hər iki  rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq edib, şəhidin Əsli və İnci adlı yadigar övladlarının dövlətimizin və xalqımızın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum diplomatiyasının, sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edib və qələbə şəhidlərinin sıralarında adı və xidmətləri həmişə iftixarla xatırlanan polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını deyib.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bilidirib.Füzuli Sadıqov şəhid oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək xalqımıza, dövlətimizə bundan sonra daha da xoşbəxt günlər, əmin-amanlıq, firavan həyat arzulayıb.Xanış Sadıqov universiteti bitirəcəyi və müddətli həqiqi hərbi xidmətə yollanacağı günü, əsgər çəkməsi, əsgər uniforması geyəcəyi anı səbirsizliklə gözlədiyini diqqətə çatdırıb və şəhid atası ilə bağlı xatirələrini bölüşüb.Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında İkinci Şəhidlər xiyabanından ayrılıblar.  

Hamısını oxu
“Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir”   “Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, bu cür təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir:   “Son vaxtlar bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, bu cür addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir.   Bildiyiniz kimi, Ermənistan tərəfi noyabrın 9-da da 60-ya yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd etmiş, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir.   Məlumdur ki, Vətən müharibəsində öz hərbi potensialının 80%-ni itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvbəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki ətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”.  

Hamısını oxu
Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib. Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir. X X X Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dedi: -Zati-aliləri, hörmətli nümayəndələr, xanımlar və cənablar. Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş bu Yüksək Səviyyəli Toplantıda sizi Qoşulmama Hərəkatının sədri, Azərbaycan və Serbiya tərəfindən təşkil olunan bu görüşün birgə ev sahibi qismində səmimi salamlayıram. Bu gün biz tarixi hadisəni qeyd edirik. Çünki 1961-ci ildə Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının ilk konfransı Belqradda keçirilmişdir. Müzakirələrə keçməmişdən əvvəl toplantının gündəliyi qəbul olunmalıdır. Toplantının şərti gündəliyi nümayəndələrə paylanmışdır. Əgər etiraz yoxdursa, gündəliyi qəbul etmək olar. Belə görünür ki, etiraz yoxdur. Odur ki, toplantının gündəliyi qəbul olunur. X X X Sonra dövlətimizin başçısı toplantıda videoformatda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli Prezident Vuçiç. Xanımlar və cənablar. İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir. 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır. Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq. Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu. Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi. Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər. İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi. Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək. Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik. BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir. Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir. Diqqətinizə görə sağ olun. X X X Prezident İlham Əliyev: İndi isə toplantının iştirakçılarına müraciət etmək üçün sözü tədbirin birgə ev sahibi, mənim əziz dostum, Serbiya Respublikasının Prezidenti, Zati-aliləri cənab Aleksandr Vuçiçə verməkdən şərəf hissi duyuram. Buyurun, cənab Prezident. Serbiya Prezidenti Aleksandr Vuçiç: Əziz dost, cənab Əliyev. Çıxışınıza görə, bu möhtəşəm toplantının təşkilatçılığında iştirakınıza görə Sizə təşəkkür edirəm. Bu işə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Serbiya Prezidenti bu təşkilatın yaradılması ideyasının sülhə əsaslandığını bildirdi. O, siyasətdə, mədəniyyətdə və ya iqtisadiyyatda əməkdaşlığın inkişafı üçün sülhün təməl prinsipi rolunu oynadığını diqqətə çatdırdı. Aleksandr Vuçiç bu tədbirə verdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: Təşəkkür edirəm, mənim əziz dostum İlham Əliyev. Bu gün burada bizimlə birlikdə olmadığınıza görə həqiqətən təəssüflənirəm. Azərbaycana ən xoş salamlarımı çatdırıram. Bir daha çox sağ olun. Prezident İlham Əliyev: Çox sağ olun, mənim əziz dostum cənab Prezident Vuçiç. Mən də Sizinlə birlikdə olmadığıma təəssüflənirəm. Lakin hesab edirəm ki, məsafə bizim dostluğumuz, bizim həmrəyliyimiz üçün maneə deyil. Belə bir toplantının təşkil edilməsi və bu tədbirin mükəmməl təşkilatçılığına görə, möhtəşəm bir təşəbbüsü irəli sürdüyünüz üçün Sizə şəxsən bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox parlaq çıxışınıza görə təşəkkür edirəm, liderliyiniz üçün təşəkkür edirəm. Tezliklə Sizi şəxsən görəcəyimə ümid edirəm. İndi isə çıxış üçün Zati-aliləri, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti cənab Abdulla Şahidi dəvət edirəm. Buyurun. Abdulla Şahid: Bismillahir Rəhmanir-Rəhim. Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Vuçiç, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev. Zati-aliləri, xanımlar və cənablar. Qoşulmama Hərəkatının 60-cı ildönümünü qeyd etmək üçün sizinlə birgə olmaq mənim üçün həqiqətən də şərəfdir. Mən Serbiya və Azərbaycan hökumətlərini bu toplantıya birgə ev sahibliyi etdiyi üçün təqdir edirəm. Mən, həmçinin çox çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının liderliyini xüsusi olaraq vurğulayıram. Abdulla Şahid Qoşulmama Hərəkatının dünyada sülhü, əməkdaşlığı və dostluğu təşviq etdiyini vurğuladı. Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının əhəmiyyətindən danışan Abdulla Şahid dedi: Bu səylər 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən irəli sürülmüş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyası zamanı çox yaxşı nümayiş etdirilmişdi. Xüsusi sessiyada pandemiyaya qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinin görülməsi üçün güclü çağırış edildi və təcrübəni paylaşmaq üçün nadir bir imkan təmin olundu. Qoşulmama Hərəkatının COVID-19-a qarşı çoxtərəfli yanaşmaya dəstəyi BMT Baş Assambleyasının 76-cı sessiyası ilə bağlı mənim baxışımla üst-üstə düşür. BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid daha sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini vurğulayaraq dedi: İcazə verin, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hökumətini gənclərə xüsusi diqqət yetirdiyi, xüsusən də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini və Qoşulmama Hərəkatının Modul Simulyasiya Təlimini yaratdığı üçün alqışlayım. Baş Assambleyanın prezidenti olaraq gənclərin inkişafı və gender bərabərliyi məsələləri mənim üçün də prioritetdir. Prezident İlham Əliyev: Çıxışına görə BMT Baş Assambleyasının prezidentinə təşəkkür edirəm. İndi isə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri Antonio Quterreşin toplantı iştirakçılarına ünvanlanmış və əvvəlcədən yazılmış videomüraciətini təqdim etmək üçün sözü Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Zati-aliləri Miroslav Yençaya verməkdən şərəf hissi duyuram. Miroslav Yença tədbirin mükəmməl təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi. BMT-nin Baş katibi Antonio Quterreş isə videomüraciətində qeyd etdi ki, Qoşulmama Hərəkatı BMT-yə üzv ölkələrin üçdəikisini birləşdirir və təşkilat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bütün ölkələrin əhalisinin təcili olaraq peyvəndlənməsinin əhəmiyyətini qeyd edən Baş katib xüsusilə “Böyük İyirmilik” ölkələrinin səyləri səfərbər edərək Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvəndləmə strategiyasını həyata keçirməli olduğunu vurğuladı. Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Baş katibə təşəkkürümü bildirirəm. Əziz həmkarlar, indi biz Qoşulmama Hərəkatının 60 il əvvəl Belqradda keçirilmiş birinci sammiti ilə bağlı serbiyalı dostlarımız tərəfindən hazırlanmış qısa filmə tamaşa edəcəyik. X X X Qoşulmama Hərəkatının ilk sammitindən bəhs edən qısa film nümayiş olundu. X X X Prezident İlham Əliyev: Əziz dostlar. Mən hamımızın adından Qoşulmama Hərəkatının banilərinin xatirəsinə dərin hörmətimizi ifadə etmək, baxışlarına, göstərdikləri həmrəyliyə və gördükləri işlərə görə onlara minnətdarlıq ifadə etmək istərdim. Onlar 60 ildir öz səmərəliliyini nümayiş etdirən və böyük gələcəyi olan bir təsisatın təməlini qoyublar. Hörmətli həmkarlar. İndi biz yubiley toplantısının birinci plenar iclasına keçəcəyik. Qoşulmama Hərəkatının təsisçilərindən biri olan Qana Respublikasının Prezidenti Zati-aliləri Nana Addo Dankva Akufo-Addonun bu gün bizimlə birgə olması bizim üçün şərəfdir. Mən Zati-alilərini çıxışını təqdim etməyə dəvət edirəm. Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının vacibliyini vurğulayan Qana Prezidenti ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətindən danışdı. Bundan əlavə, o, pandemiyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Qana Respublikasının Prezidentinə təşəkkür edirəm. Bizim növbəti çıxışçımız keçmiş Yuqoslaviyanın varisi olan dövlətlərdən biri, Qoşulmama Hərəkatının daha bir təsisçisi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zati-aliləri cənab Milorad Dodikdir. Milorad Dodik: Mən Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu tədbirin Belqradda keçirilməsi ilə bağlı nəcib qərara görə Serbiyanı və Azərbaycan Prezidenti Zati-aliləri cənab Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Cənab sədr, icazə verin, bu hərəkata hörmətimi ifadə edim. Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilmiş son toplantısından ötən müddətdə dünyanın ən böyük böhranlardan biri - koronavirus pandemiyası ilə üz-üzə qaldığını deyən Milorad Dodik pandemiya zamanı yoxsul ölkələrin problemlərinin unudulduğunu bildirdi. O, hərbi münaqişələr, iqlim dəyişikliyi, miqrasiya böhranı, iqtisadi bərabərsizlik, terrorizm, ekstremizm kimi problemlərdən narahatlığını ifadə etdi. Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-aliləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvünə təşəkkürümü bildirirəm. İndi isə çıxış etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Zati-aliləri Aymen Benabderrahmaneni dəvət edirəm. Əlcəzairin Baş naziri Aymen Benabderrahmane tədbirin təşkilinə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi, Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkdi. Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-aliləri Əlcəzair Xalq Demokratik Respublikasının Baş nazirinə təşəkkürümü bildirirəm. Xanımlar və cənablar. Mən xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının 2021-ci ilin iyulunda keçirilmiş nazirlər səviyyəsində son toplantısında üzv ölkələrin yekdil dəstəyi ilə Rusiya Federasiyasına Hərəkatda müşahidəçi statusu verilib. Hamımızın adından mən Rusiya Federasiyasını müşahidəçi statusu münasibətilə təbrik etmək istərdim. Bu gün Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov bizimlə birlikdədir. O, Qoşulmama Hərəkatında müşahidəçi ölkənin xarici işlər naziri kimi çıxış edəcək. Cənab nazir, söz sizindir. Sergey Lavrov: Hörmətli Prezident Əliyev, Prezident Vuçiç, xanımlar və cənablar, həmkarlar və dostlar. İlk növbədə, mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim. Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi. Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib. Prezident İlham Əliyev: Mən çıxışına görə nazir Lavrova minnətdarlığımı bildirirəm. Bu gün yubiley toplantısında nazir səviyyəsində təmsil olunan yeganə xüsusi qonaq ölkə olan Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da bizimlədir. Mən çıxış üçün sözü cənab Çavuşoğluna vermək istəyirəm. Buyurun. Mövlud Çavuşoğlu: Təşəkkür edirəm, Prezident Əliyev, Prezident Vuçiç, prezidentlər, Zati-aliləri, dostlar. İcazə verin, Prezidentim Ərdoğanın sizin hamınıza salamlarını çatdırım. Bu tarixi toplantıda sizin qarşınızda çıxış etmək məndə məmnunluq hissi doğurur. İcazə verin, dəvətə görə Azərbaycana və Serbiyaya minnətdarlığımı bildirim. Mən uğurlu sədrlik münasibətilə Azərbaycanı təbrik edirəm. Türkiyənin xarici işlər naziri təşkilatın 60 il əvvəl qəbul olunmuş ilk bəyannaməsində qeyd olunan iqtisadi bərabərsizlik, BMT-də islahatlar və qlobal məsələlərə inklüziv yanaşma kimi məsələlərin hələ də aktual olaraq qaldığını vurğuladı. Prezident İlham Əliyev: Təşəkkür edirəm, Zati-aliləri cənab Çavuşoğlu, bəyanatınıza görə təşəkkür edirəm. Xanımlar və cənablar. Bununla da yubiley toplantısının plenar iclasının səhər hissəsi başa çatır. İclas tədbirin proqramına uyğun olaraq fasilədən sonra davam edəcək. Bununla da iclasa fasilə verildiyini elan edirəm.

Hamısını oxu