Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Brüsseldə növbəti diplomatik nailiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir.

Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir.

Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır.

Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. 

 

Siyavuş NOVRUZOV

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 

2022-04-08 18:24:00
983 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
“Qəhrəmanlıq salnaməsi” kitabının təqdimatı keçiriləcək

Veteran.gov.az fuyuzat.az-a istinadən xəbər verir ki, 25 fevral 2023-cü il saat 15:00-da LIBRAFF kitab evinin Gənclik filialında Zəfər Gününə həsr olunan “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində tarix yazmış şəhid və qazilərimizin, ön və  arxa cəbhədə mücadilə vermiş qəhrəmanlarımızın şücaətlərini əks etdirən yazılar toplanıb. Tədbirdə iştirak sərbəstdir.  

Hamısını oxu
Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir. Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol... 26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir. İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir. Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur. İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir. İlk zabit rütbəsi və komandir kimi uğurları... Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir. O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Polis zabiti Qarabağ müharibəsində... Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir. İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib. Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu