Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına

Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edirəm.

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.

Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.

İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2024-cü il 

2024-12-06 10:55:54
3249 baxış

Digər xəbərlər

Azərbaycan Texniki Universitetində 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU)  27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Vilayət Vəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, həmçinin universitetin əməkdaşları iştirak edib. Əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər.   Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib.   Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb.   Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.   Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb.   

Hamısını oxu
Azərbaycan Karate Federasiyasında yeni təyinat

Veteran.gov.az xəbər verir ki, Vüsal Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi vəzifəsinə təyin olunub. Məlumat üçün bildirək ki, Vüsal Abdullazadə  həmçinin Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə  "Dünya Fudokan Federasiyası"nın Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsidir. Vüsal Abdullazadə eyni zamanda  hərbi döyüş çoxnövçülüyü və karate üzrə 3 qat dünya çempionudur. O eyni zamanda 2016-cı il aprel döyüşlərinin iştirakçısıdır. Əlavə olaraq qeyd edək ki,  son illər idman sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda dövlət tərəfindən tanınan və akkreditasiya olunmuş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır. Digər bütün karate növləri (üslublar) AKF -nın nəzdində inkişaf etdirilir. Qurumun prezidenti isə Karate üzrə dünya və avropa çempionu, 8-ci dan qara kəmər sahibi, Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat  komandası qatılıb.   İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb.   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin, müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti statusu qazandırdığı vurğulanıb. Bildirib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı. Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra  yarışa start verilib. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV,  II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar. Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.    

Hamısını oxu
Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar

Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə  ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub. Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər. Seymur ƏLİYEV

Hamısını oxu