Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

Hörmətli cənab Kavelaşvili.

Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.

İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2024-cü il

2024-12-15 12:30:16
3634 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.   Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Hamısını oxu
“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

Məşhur Məmmədov: “COP29 ərəfəsində bu cür tədbirlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir” Hərbi Prokurorluğun Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsində mühüm rol oynadığı şübhəsizdir. Bununla yanaşı, prokurorluq əməkdaşları Silahlı Qvvələrin şəxsi heyətinin Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanması, onların dövlətimizin müasir çağırış və  prioritetləri haqqında ətraflı məlumatlanması istiqamətində də ardıcıl iş aparmaqdadır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər mühüm əhəmiyyətə malikdir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Hərbi Prokurorluğun həyata keçirdiyi bu tədbirlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verdiyini bildirib: “Təbii ki, Hərbi Prokurorluq tərəfindən Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Silahlı Qüvvələrdə tədbirlərin keçirilməsi mühüm önəm kəsb edir. Bu, hər şeydən öncə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı təlqin edən Heydər Əliyev ideyalarına daha dərindən yiyələnməsi, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından vacibdir. Bu, həm də gənc hərbçilərimizə şanlı tariximizin təbliği, öyrədilməsi deməkdir. Keçirilən tədbirlər eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”ni əhatə edir ki, bu da sadəcə dövlətimizin deyil, bütövlükdə planetimizin bugünü və gələcəyi baxımından son dərəcə önəmlidir. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşması bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Onu da unutmaq olmaz ki, yaxın günlərdə ölkəmizdə COP 29 sammiti gerçəkəşəcək. 200-ə yaxın dövlətin iştirak edəcəyi sammit iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunacaq. Hansı ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində atılan addımlar, həm də COP29 sammitinin mahiyyəti ilə uzlaşmaqdadır. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlər qarşıdakı sammit ərəfəsində ikiqat əhəmiyyət kəsb edir. Bu cür tədbirlər yeni ekoloji düşüncə tərzinin formalaşması, insanların təbiətə daha duyarlı münasibətinin təmin olunması və s. baxımından faydalıdır. Mən həm Hərbi Prokurorluğa, həm də Silahlı Qvvələrimizə uğurlar arzulayır, onlara öz şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu