Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

-Cənab Prezident, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verməyə razı olduğunuza görə Sizə ürəkdən təşəkkür edirəm. 2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?

- Bəli, Siz tamamilə haqlısınız. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.

Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərin sayının artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.

- Bununla belə, Rusiya üçün indi müharibə dövrüdür. NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq. Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?

-Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.

- Rusiyada bu müharibə Ukrayna ilə müharibə kimi deyil, dünyanın yenidən qurulması uğrunda Ukrayna ərazisində Qərblə sivilizasiya döyüşü kimi qəbul edilir, çünki istənilən sülh müharibənin nəticəsidir və əlbəttə, Azərbaycan bunu çox gözəl bilir. Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?

-Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

-Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə?

-Bəli, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm.

- Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?

- Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

-Amma bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs o, niyə bağlanmır? Sözün əsl mənasında hazır vəziyyətdə dayanmışdılar.

-Bəli. Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda...

-Əgər dəqiqləşdirsək, hansı maddələrdir?

-Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...

-Məhz müşahidəçilərin…

- Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.

Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq.

-Qarabağda nə qədərsə erməni qalıbmı? İndi orada vəziyyət necədir?

-Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır. Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib. Məsələ məhz bundan ibarətdir. Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

-Artıq Ermənistana?

-Artıq Ermənistana. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.

-Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi? Bu barədə danışardınız.

-Bəli, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. O, bu yaxınlarda bizi ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Beləliklə, biz bu cür diqqətə görə çox minnətdarıq. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə, indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var. Buna görə biz...

-Siz bunu alqışlayardınızmı?

-Bəli, sözsüz. Biz bunu alqışlayardıq və alqışlayırıq. Həm də kömək göstərilməsi planında, Həştərxan vilayətinin etdiyi kimi, sadəcə layihələrdə iştirak etmək baxımından. İnvestisiya layihələri var. Yeri gəlmişkən, ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və mənim tərəfimdən açılmış “KamAZ” xidmət mərkəzidir. Yeri gəlmişkən, bu gün mənim də Tatarıstan rəhbəri ilə görüşüm olacaq. Tatarıstan nümayəndə heyəti Bakıdadır. Yəni, bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq.

-Çox xoşdur. Azərbaycana atom elektrik stansiyası lazımdırmı?

-Mən bizim energetika gündəliyini sanki bir az açıqlayardım ki, tamaşaçılara bizim harada olduğumuz və nə etdiyimiz aydın olsun. Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək. Yəni, bu, sizin bizə AES-in lazım olması ilə sualınıza cavabın bir hissəsidir. İndi başqa məsələyə keçirəm, zənnimcə, bu, maraqlı olardı. Birincisi, iqtisadiyyatın daha bir sektoru nöqteyi-nəzərindən.

-Bu, bütövlükdə bir sahədir.

-Əlbəttə. Bu sahə potensial kadrlar deməkdir, bu, bizim heç vaxt malik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istəmirik. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlərlə kiçik reaktorların imkanları öyrənilsin ki, bunun məhz bu nöqteyi-nəzərdən bizə nə verəcəyini görə bilək.

Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazım olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, “hə” və ya “yox” demək deyil. Bu, daha çox “hə”dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır.

-Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə ev sahibliyi etdi. Hansı çətinliklərlə üzləşməli oldunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?

-Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

-Otuz?

-Bəli. Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12, Avropa İttifaqında daha çoxdur...

-Həm də bunu azaldırlar.

-Bəli, azaldırlar.

-Onu dəfələrlə azaldırlar. Bu, ayrıca mövzudur.

-Mən, sadəcə, rəsmi rəqəmləri göstərirəm. Ona görə də biz bütün diplomatik təcrübəmizi işə saldıq, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada - Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək. Bəzilərinin uğursuz adlandırdıqları ikinci bənd üzrə, - amma mən hesab edirəm ki, bu, uğurdur, - biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər. Lakin onu nəzərə alsaq ki, bundan əvvəlki razılaşdırılmış rəqəm 100 milyard idi, burada isə 300 oldu, bunu uğursuzluq adlandırmağa dilim gəlmir. Başqa məsələlər də var idi. Orada Azərbaycan tərəfindən 14 təşəbbüs irəli sürüldü. Ölkələrin mütləq əksəriyyəti bu təşəbbüslərə qoşuldu, Fransa və Lüksemburq kimi dövlətlər istisna olmaqla. Fransa ilə bağlı məsələ aydındır. Lüksemburqun Fransanın ardınca getməsi yəqin ki, məlumdur. Bax, bu konfransı mən təxminən belə xarakterizə edərdim. Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı. Həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkənin təqdimatı idi.

- Sözsüz ki, Azərbaycanı bu münasibətlə təbrik etmək olar.

-Sağ olun.

-Siz özünüz Fransanı misal çəkdiniz və Azərbaycana qarşı feyk xəbər hücumlarını. Fransa prezidenti hətta BMT-nin Baş Assambleyasında Azərbaycana qarşı hücumlar etdi. Buna cavab olaraq Siz Fransanın dənizaşırı ərazilərini, onların əsl neokolonializmlə üzləşdiyini xatırlatdınız. Onda artıq məsələyə Cozef Borrel qarışdı və Azərbaycana hücum etdi. Məgər Avropanı tənqid etmək olmaz? Bu, nə məsələdir? Ümumilikdə nə baş verir?

- Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb. Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

-Qardaşlaşmış?

-Bəli, əlbəttə. Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.

Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”.

- Bəs nəyi gizlədirdilər? Siz xatırlatdınız ki, nəyisə gizlədirdilər. Bu, nədən ibarətdir?

- Necə yəni nəyi? Təbii ehtiyatların amansız istismarını.

-Siz Yeni Kaledoniyanı nəzərdə tutursunuz?

-Təkcə onu deyil. Zənnimcə, orada Yeni Kaledoniya kimi 13, yaxud 15 ölkə var. Elə bu yaxınlarda onların birində - Mayot adasında sunami baş verdi. Dünən “Euronews” xəbər verirdi: Mayot adası əhalisinin 75 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Evlərin 30 və ya 40 faizi yararsızdır. Bu ərazi hüquqi olaraq Fransaya məxsusdur. Hərçənd bu, Qəmər Adalarının bir hissəsidir. Bu, Qəmər dövlətinin adalarından biridir. Fransa onu qanunsuz olaraq saxlayır və hansı hüquqi əsasla?

Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni, bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar. Yəni, biz yenidən, - mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, - bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayandan sonra indi vəziyyət daha ciddi olub. Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq. Avropanın mərkəzində - Korsikada onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları “günah keçisi” edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, “özünütənqiddən başlamaq lazımdır”. Baxın, “Moody`s” Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq “Triple-A”ya çatıb, orada kiçik “A” mövcuddur. Çox kiçik, güclə görünən.

-Orada xarici borc həddən artıq yüksəkdir.

-Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar.

-Hazırda Gürcüstanda baş verənləri Siz necə qiymətləndirərdiniz?

- Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir.

-Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu?

-Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil.

-O, Rusiyada qadağan olunub.

-Bizdə hələ qadağan edilməyib, amma zənnimcə, Tramp onu qadağan edə bilər.

-Rusiyada onu özümüz qadağan etdik.

-Siz qadağan etdiniz və doğru iş gördünüz. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün.

Beləliklə, Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.

Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərmək istəyirəm. Hərçənd mən COP-da çıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib.

Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib.

-Azərbaycan Qafqazın ən rusdilli ölkəsi sayılır. Puşkin adına Rus Dili İnstitutunun tədqiqatları da bunu təsdiq edir. Rus dili sizin üçün xüsusi qayğı predmetidir. Siz buna necə nail olursunuz və bu, Azərbaycana nə verir?

- Çox asan. Çünki ona ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Hər halda mənim atamın dövründə və mənim dövrümdə olmayıb və olmayacaq. Əksinə, biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Dili yaxşı bilmək sənə həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Axı, bizim alimlərimiz, məsələn, bir çox informasiyanı Rusiya mənbələrindən alırlar. Bu, insanlarımıza təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırıq. Komandalarımız rus dilində ünsiyyət qurur. Biz görüşlər zamanı rusca danışırıq. Yəni, rus dili bunları verir. Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Bu onu göstərir ki, yenə danışdığımıza qayıdaraq demək istəyirəm: rus dilinə bu cür münasibət Azərbaycan dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir. Qətiyyən. Əksinə, bu, dost ab-havası yaradır. Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

-Siz, həmçinin demişdiniz ki, Rusiyada məqsədli təxribatçı fəaliyyətə yönəlmiş emiqrant yuvasına Azərbaycanda imkan verməyəcəksiniz. Bu, belə də oldu. Bunun üçün səylər tələb olundu?

- Xeyr, mənim deməyim kifayət idi. Mənə qulaq asdılar və qonşuluqdakı başqa bir istiqaməti seçdilər.

-İlham Heydəroğlu, qarşıdan gələn ildə rusiyalılara qısaca nə arzu edərdiniz?

- İlk ağlıma gələn, əlbəttə, sülhdür, 2025-ci ildə müharibə başa çatsın, insanlar evlərinə qayıtsınlar və sülh şəraitində yaşasınlar. Əlbəttə, bir-birini başa düşməyi öyrənsinlər. Təbii ki, Rusiyaya qarşı belə sanksiya siyasətini nəzərə alaraq, rəhbərliyə öz gücünə, qətiyyətinə inam arzulayıram, Prezidentin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi diləyirəm. Çünki aydındır ki, bütün bunlar fəsadsız ötüşməyəcək. Rusiya cəmiyyəti hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşir və biz Rusiyada bu konsolidasiyanı görürük. Arzu edirəm ki, belə də davam etsin.

Suallardan birinə cavab verərkən artıq qismən toxunduğum daha bir məqamı qeyd etmək istərdim: ölkələrimizi, xalqlarımızı və rəhbərliklərimizi daha çox birləşdirən nədir? Bu, öz milli köklərinə və ənənəvi dəyərlərinə sadiqlikdir. Bu gün bu, demək olar ki, bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik, gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni, bu, bizi sərfəli şəkildə fərqləndirir. Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik.

Əlbəttə, Yeni ildə bütün rusiyalılara xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

-İlham Heydəroğlu, bu ətraflı müsahibə üçün çox sağ olun.

-Siz də sağ olun.

2024-12-18 23:14:14
3241 baxış

Digər xəbərlər

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Dünya azərbaycanlıları həmrəylik gününü qeyd etməyə hazırlaşır. Dünyanın hər yerinə səpələnən 50 milyondan çox azərbaycanlını bir araya gətirən  bu möhtəşəm bayram Ulu öndər Heydər Əliyevin adı ilə, zəhməti ilə bağlıdır. Ona görə də hər il 31 dekabrda nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dünya azərbaycanlılarını bir araya gətirən Ünummilli lider Heydər Əliyev ehtiramla xatırlanır. İllər əvvələ qayıdaq. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. İllər öncə Ulu Öndər Heydər Əliyevin verdiyi qərar milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar idi. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sevindirici haldır ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Fəxrlə deyə bilərik ki, Azərbaycan bu gün Dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hazırda əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti prioritetdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Elə bu səbəbdən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” - deyə, cənab İlham Əliyevin təbrikində bildirib. Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir

ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirilib. Hər zaman vətənin keşiyində dayanan veteranların bu gündə sırada olduğu vurğulanıb. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, layihələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib. Hafiz Paşayevdə Respublika Veteranlar Təşkilatının ölkəmizin veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçısı olduğunu bildirib. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdliyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd edib. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirib. Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparılıb. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulanıb. Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olunub. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edilib.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zakir Məcidov: Səmamızın şahini

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu hadisələr sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidovdur.  Zakir Nüsrət oğlu Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda başa vurduqdan sonra, Zakir Məcidov 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb. Vətənə dönən Zakir Məcidov Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. Bakı aviabölüyündə mexanik, Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə  təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan, ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur. Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur.                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik     Cəlil Xəlilov

Hamısını oxu
Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur.   General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb. O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında). Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi. General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb. V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı. O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi. Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”.  V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir: “Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”.  Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb:  “Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi. Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”. 2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib. “Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu. Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”.  Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.Zaman istefada olan generalın proqnozlarını doğrultdu... Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.Əfqan Qafarlı

Hamısını oxu