Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Təbrikdə  deyilir!

Əziz həmvətənlər, hörmətli veteranlar!

Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Əziz hənmətənlər, hörmətli veteranlar!

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram.

Bayramınız mübarək olsun!

 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

2024-12-29 20:17:23
1430 baxış

Digər xəbərlər

Vətənə gərək fəaliyyət

Hər bir insanı, onun həyatı və fəsliyyətini tərcümeyi-halından tanımaq olur, yaşadığı ömürlük onun barometridir, necə var, eləcə, həyatını bütün dolğunluğu ilə əks etdirir. Onu dəyişmək, redaktə etmək olmur, o, yazılmır, yaşanılır. Aradan illər keçir, geriyə baxanda yaşanmış ömür bir daha gözlərinin qarşısından keçir, o zaman gördüyün işlər haqqında, istər-istəməz hesabat verməli olursan. Burada bir deyimi yada salmaq yerinə düşər: "Tarix, əslində yoxdur, olan-bioqrafiyalardır". Bu mənada bizim bioqrafiyalarımız keçilmiş yol haqqında çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir. Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət etmək arzusunu quranda talenin onu Əfqanıstan, Qarabağ müharibələrindən keçirəcəyini xəyalına belə gətirmirdi. Ancaq bu ömür yaşandı. Onun bioqrafiyası yaşadığı ömrü, fəaliyyətini tamamilə əks etdirir. Bioqrafiyası ilə tanışlıq Cəlil müəllimin keçdiyi yol, yaşadığı ömür haqqında aydın təsəvvür yaradır. Onu tanıdığım zaman (90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktor müavini kimi hərbi vətənpərvərlik istiqamətində gedən prosesləri yaxından izləyirdim. C.Xəlilov isə Sərhəd Qoşunları Silahlı Qüvvələrində xidmət edir, peşəkar zabit olaraq ordu quruculuğunda əlindən gələni edirdi. Tanışlığımıza qədərki həyat yolunu isə yalnız tərcümeyi-halından öyrənirəm. Polkovnikin ömürlüyünə nəzər salarkən özünü gənc yaşlarından orduya həsr etdiyinin şahidi oluruq. Hərb işə olan marağıi və bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə gətirib çıxarmış və oranı bitirmişdir. Hərbi təhsillə kifayətlənməyərək, 1990-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini də (qiyabi) bitirmişdir. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini, sərhəd dəstəsində hərbi-siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da taleyinə Əfqanıstan müharibəsindən keçmək yazılmışdı. Xalq arasında qorxunc müharibə imici qazanan Əfqanıstan müharibəsində o, sərhədçi kimi xüsusi xidmət orqanlarının tərkibində bir neçə xüsusi əməliyyatın iştirakçısı olur. Əfqanıstan müharibəsi və təhlükəsizlik orqanları veteranı Elşad Şabanov C.Xəlilovun bu bölgədə xidmətini belə xatırlayır: "... 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Bədəxşan viləyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda  iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəstəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla  tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəstəsində xidmət edən sərhədçi  həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirakı, göstərdiyi igidlik və şücayəti haqqında eşitdikdə onunla qürur duydum".     Deyim ki, istedad, elə isteddadır, istər sənətdə, ədəbiyyatda olsun, istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu onun belə bir istedada malik olduğunu göstərir.        O, harada, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, intizamı, tapşırığı vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmış, həm də hərb olimpində addım-addım irəliləmişdir. Gərək ki, filosof, esseist Ralf Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə cəbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri paralel olaraq çıxış edir. Əfqanıstandakı şücayəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu prosesində yaxından iştirak edir, təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirakı ömrünün qürur səhifələrini təşkil edir. C.Xəlilov bu dövrdə Azərbaycan təhlikəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaradılması və formalaşması prosesində öz bilik və bacarığını əsirgəmir. Bu spesifik qoşunların hazırda ölkə Silahlı Qüvvələrinin tərkibində özünəməxsus yer tutmasında Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini kimi polkovnik C.Xəlilovun da danılmaz əməyi olmuşdur. Deyim ki, istənilən qoşun növündə şəxsi heyətlə iş hərbi və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən biridir. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda gördüyü işlər həqiqətən də təqdirəlayiqdir. Onun dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz xidmətlər daim diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. C.Xəlilov ümumiyyətlə, 2013-cü ilə qədər Sərhəd Qoşunları və keçmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə layiqincə xidmət etmişdir. Bu illərdə xidməti işi ilə bağlı o, çox çətinliklərlə üzləşib, son dərəcədə gərgin vəziyyətlərlə qarşılaşıb. Ancaq zabit peşəkarlığı və sayıqlığı ilə onların öhdəsindən bacarıqla gəlib. 1993-cü ilin yayında Lənkəran Sərhəd Dəstəsinin qərargah rəisi olarkən bir qrup separatçı tərəfindən Azərbaycanın cənubunda Talış-Muğan respublikası yaradılması cəhdlərinə qarşı qətiyyətli mübarizə polkovnik Cəlil Xəlilovun xidməti həyatının ən uğurlu səhifələrindən biridir. Belə şərəfli səhifələrin sayı isə həqiqətən də çoxdur. Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var. Belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə veteranın həyatı, güzaranı onu düşündürdüyü üçündür ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağlayır, vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. General-mayor Dadaş Rzayevin rəhbərlik etdiyi bu təşkilat respublika veteranlarını təmsil edir. Veteranların bu birliyi yeni gənc nəsil üçün də bir örnəkdir. Ehtiyatda olan polkovnik C.Xəlilov 2014-cü il Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında bütün biliyini, bacarığını sərf edir. Məhz onun təşkilatçılıq səyinin nəticəsidir ki, bu gün Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələri qurulmuş, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmuşdur. Ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərinin təşkilində Cəlil müəllimin böyük əməyi vardır. Səngərlərdə dayanan əsgər və zabitlərimizlə  növbəti unudulmaz görüşlərdən biri yaxın vaxtlarda İkinci Dünya Müharibəsi veteranları Bəkir Məmmədov və Damət Nəbiyevlə birlikdə Beyləqan və Füzuli istiqamətlərində cəbhə bölgəsində yerləşən hərbi hissələrimizə səfər zamanı baş tutub. Təşkilatın başlıca vəzifələrindən biri veteranların cəmiyyətə inteqrasiyasına nail olmaqla, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirakdır. Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində də fəaldır. Onun ölkədə veteran hərəkatının genişlənməsində xüsusi rolu və təşkilatçılıq səyləri danılmazdır. Veteranlar bunu bilir və yüksək qiymətləndirirlər. Erməni seperatizminə qarşı mübarizə bu gün yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir. Erməni işğalçılarının yalanlarını ifşa etmək, işğalın mahiyyətini dünyaya çatdırmaq üçün Təşkilat da öz səylərini səfərbər etmişdir. Xüsusilə sədr müavininin Rusiya, Ukrayna, Belarusda keçirilən tədbirlərdə və bir çox beynəxalq görüşlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini, münaqişənin əsl mahiyyətini dünya ictimayyətinə çatdırır. C.Xəlilovun Təşkilata gəlişi onun ümumi fəaliyyətinə yeni nizam, mütəşəkillilik və sistemlilik gətirib. Artıq Təşkilatın fəaliyyəti respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, yerli icra orqnları, ictimai, o cümlədən gənclər təşkilatları və ziyalılarla sıx əlaqədə qurulmaqla cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yalnız bu il onlarla orta məktəbdə, Təşkilat Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin akademiyalarında, Bakı Slavyan, Dövlət İqtisad, Odlar Yurdu, Qərb və digər universitetlərdə, neçə dövlət müəssisəsində müxtəlif və rəngarəng tədbirlər keçirmişdir. Təşkilat ölkə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunan dövlət sərəncamlarının həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.  Burada başlıca məqsəd veteranların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin  gücləndirilməsindən ibarətdir.     C.Xəlilov peşəkar hərbçi olmaqla, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq hər bir hərbçiyə müyəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir.  Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur. Çünki milli təhlükəsizliyin təminatı fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.           O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəsilə çatdırılmasında səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür.          Dərslikdə milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemini daha çox nəzəri istiqamətdə araşdırır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır.  N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələləri yeni düşüncə ilə təhlil edilir.          Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.          Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsiliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ən mürəkkəb problemlərdən biri sayılan regional səviyyədə dövlətin xarici münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət səhnəsində qeyri-müəyyən perspektivlərlə üzləşdi". Buna baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir.           Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmişə olduğu kimi, bu gün də eyni əzm və işgüzarlıqla Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. Mən burada C.Xəlilovun tərcümeyi-halının bəzi məqamları üzərində dayandım. Bu məqamlardan həyatının bütün anlarında ürəyi vətəni, xalqı, dövləti ilə döyünən bir vətəndaş boy göstərir. Bu cür insanlar, bütün varlığı, həyatı, fəaliyyətləri ilə Vətəni ucaldır və bir parçasına çevrildikləri cəmiyyətin inkişafına təkan verirlər.    Bədirxan Əhmədli, professor, Qarabağ müharibəsi veteranı    

Hamısını oxu
Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.

Hamısını oxu
Unutmayaq, unutdurmayaq!

Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub.  Daha sonra Səfər  Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz  minnətdarlıqlarını bildiriblər. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
“Qərb sülh siyasəti adı altında yeni müharibə hazırlığı həyata keçirir”

Cəlil Xəlilov: “Azərbaycan erməni faşizminin yenidən dirçəlməsinə imkan verməyəcək” “Fransa və eləcə də Avropa İttifaqının Sülh Fondunun Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir və Qərbin məkirli məqsədlərindən xəbər verir”.  Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Qərbin Ermənistana silah yardımı İrəvanı sülhdən uzaqlaşdıran ən mühüm amildir: “Qərbin müxtəlif dairələri Ermənistanı silahlandırmaqla Cənubi Qafqazdakı sülh prosesinə mane olur, İrəvanı sülhdən çəkindirirlər. Onlar bununla Ermənistandakı revanşist qüvvələri yeni qarşıdurmalara həvəsləndirirlər ki, bu da region üçün ciddi təhdiddir. Prezident İlham Əliyev cari ilin 7 yanvar tarixində yerli televiziyalara müsahibəsində Qərbin bu siyasətini tənqid etdi, bunun doguracağı fəsadlara diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, Qərb Ermənistanı silahlandırmaqdan əl çəkməli, sülhə əngəl törətməməlidir. Qərb də, İrəvan da unutmamalıdır ki, yeni bir gərginlik Ermənistanın özü üçün fəlakət demək olacaq. Azərbaycan bununla bağlı bütün maraqlı tərəflərə dəfələrlə xəbərdarlıq edib, Ermənistanın silahlandırılmasının mümkün fəsadları haqqında beynəlxalq birliyi məlumatlandırıb. Buna görə də, regionda baş verə biləcək istənilən gərginliyə görə məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək”. Polkovnik bildirib ki, Azərbaycan heç vaxt erməni faşizminin yenidən dirçəldilməsinə imkan verməyəcək: “Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminə ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızı faşistlərdən azad etdi. Lakin bu gün biz görürük ki, bəzi qüvvələr erməni faşizmini yenidən dirçəltməyə, ona yenidən həyat verməyə çalışır. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan heç vaxt buna yol verməyəcək. Faşizmin bütün təzahürləri kimi erməni faşizmi də ölümə məhkumdur və Azərbaycan onun dirçəlməsinin qarşısını almaq üçün bütün gərəkli addımları atacaq”. Seymur ƏLİYEV

Hamısını oxu