Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplomun növbəti dəfə təqdim edilib

Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində televiziya, xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.

 Ordu.az xəbər verir ki, Mətbuat Şurasında keçirilən tədbirdə MŞ-nın sədri Rəşad Məcid, MŞ -nın İdarə Heyətinin üzvləri Səadət Məmmədova, Rey Kərimoğlu və Bəhruz Məmmədzadə, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, “ASELSAN Bakü” şirkətinin baş direktorunun müşaviri Yaşar İmanov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin sədri Ayaz Mirzəyev, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. Sədr mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.



Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.

Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.

Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:



Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;

Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;

Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;

Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;

Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;

Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:

Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;

Jurnalist Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;

Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;

Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;

Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;

Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;

Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı.



Azərbaycanın region və dost ölkələr ilə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN Bakü” şirkəti təşkilati dəstək göstərib. Eyni zamanda, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN Bakü” şirkəti tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, bu mükafatın məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, hərbi jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

 

 

2025-01-01 21:46:28
3450 baxış

Digər xəbərlər

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Zinnurov İrek Xaydaroviç  Respublika Veteranlar Təşkilatının qonağı olub.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən İrek Xaydaroviç sovet xalqlarının Böyük Vətən Müharibəsi dönəmində faşizmə qarşı birgə mübarizəsindən danışıb, bu mübarizənin bəşəriyyətin təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynadığını qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Təşkilat sədri bildirib ki, faşizmə qarşı mübarizədə xalqlarımızın göstərdiyi qəhrəmanlıqlar tarixin yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizənin xalqlar arasındakı dostluğu daha da gücləndirdiyini, bu dostluğun günümüzdə də davam və inkişaf etdiyini söyləyib. Cəlil Xəlilov bildirib ki, bəşəriyyətin bu günü və gələcəyi xalqlar arasında dostluq və əməkdaşlığı zəruri edir.   Görüş əsnasında Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətinə toxunulub, bu dostluğun xalqlarımız üçün də nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, iki dövlət və xalq arasında dostluğun qorunması və inkişafı vacibdir və hər hansı qüvvənin bu dostluğa xələl gətirməsinə imkan vermək olmaz.   Söhbət əsnasında yaxın gələcəkdə görülməsi planlaşdırılan birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi olub.   Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru səmimi qəbula görə təşkilat rəhbərliyinə təşəkkür edib, minnətdarlığını bildirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində  Səbail rayonu Badamdar qəsəbəsində tədbir təşkil ediblər. Tədbir Səbail rayonu Badamdar qəsəbəsində yerləşən  239 saylı tam orta məktəbdə baş tutub. ”31Mart-Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova,məktəbin direktoru Nisə Fərəcova, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nisə Fərəcova açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri,  Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik  çıxışında erməni vandalizmindən, zaman-zaman xalqımızın başına gətirilən faciələrdən danışıb. Yeniyetmələrə tariximizi unutmamağı tövsiyə edib, gələcək nəsillərin ermənilərlə münasibətdə diqqətli v əehtiyatlı olmasının vacibliyini vurğulayıb.  Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış edib, maraqlı tarixi faktlara diqqət çəkiblər.  Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
“Hacı Zeynalabdin Tağıyev kimi tarixi şəxsiyyətlərin tanıdılması xalqımıza xas böyük dəyərlərin təbliği deməkdir”

Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub. Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də xarici ölkələrin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər. Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hacı Zeynalabdin Tağıyev heç şübhəsiz Azərbaycan xalqının böyük, görkəmli şəxsiyyələrindən biridir.  O, öz ağlı, xeyirxahlığı, humanizmi, vətənpərvərliyi ilə Azərbaycan xalqına məxsus ali dəyərləri əks etdirir. Daha geniş aspektdən yanaşsaq, Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin özü bizim üçün bir dəyərdir və bu dəyərin təbliği əslində xalqımızın təbliği deməkdir. Bu baxımdan, Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu Əliyevanın baş prodüserliyi ilə Hacı Zeynalabdin Tağıyevlə bağlı belə bir filmin hazırlanması olduqca təqdirəlayiqdir. Bu, xalqımız, dövlətimiz, eləcə də tariximiz və mədəniyyətimiz qarşısında böyük bir xidmətdir. Çünki bu filmlə biz həm də öz tariximizi, mədəniyyətimizi təbliğ edir, onu incəsənətin vasitəsi ilə yaşadırıq. Mən başda Arzu xanım olmaqla filmin bütün yaradıcı heyətinə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.  Hesab edirəm ki, gələcəkdə digər tarixi şəxsiyyətlərimizlə bağlı da bu cür filmlər çəkilməli, bütün dünya Azərbaycan xalqının necə böyük oğullara sahib olduğunu görməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Hamısını oxu