Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hacı Zeynalabdin Tağıyev kimi tarixi şəxsiyyətlərin tanıdılması xalqımıza xas böyük dəyərlərin təbliği deməkdir”

Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub. Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də xarici ölkələrin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər.

Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hacı Zeynalabdin Tağıyev heç şübhəsiz Azərbaycan xalqının böyük, görkəmli şəxsiyyələrindən biridir.  O, öz ağlı, xeyirxahlığı, humanizmi, vətənpərvərliyi ilə Azərbaycan xalqına məxsus ali dəyərləri əks etdirir. Daha geniş aspektdən yanaşsaq, Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin özü bizim üçün bir dəyərdir və bu dəyərin təbliği əslində xalqımızın təbliği deməkdir. Bu baxımdan, Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu Əliyevanın baş prodüserliyi ilə Hacı Zeynalabdin Tağıyevlə bağlı belə bir filmin hazırlanması olduqca təqdirəlayiqdir. Bu, xalqımız, dövlətimiz, eləcə də tariximiz və mədəniyyətimiz qarşısında böyük bir xidmətdir.

Çünki bu filmlə biz həm də öz tariximizi, mədəniyyətimizi təbliğ edir, onu incəsənətin vasitəsi ilə yaşadırıq. Mən başda Arzu xanım olmaqla filmin bütün yaradıcı heyətinə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. 

Hesab edirəm ki, gələcəkdə digər tarixi şəxsiyyətlərimizlə bağlı da bu cür filmlər çəkilməli, bütün dünya Azərbaycan xalqının necə böyük oğullara sahib olduğunu görməlidir”.

Seymur ƏLİYEV

2026-05-15 19:00:00
1327 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
“DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə genefondumuzun qorunmasına xidmət edir”

Tənzilə Rüstəmxanlı: “Bu mübarizə həm miqyas, həm də mahiyyət etibarilə olduqca böyük və önəmlidir”  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə uğurla davam edir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, DTX-nın apardığı bu mübarizəni xalqımızın genefondunun qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “DTX-nın  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə dövlət təhlükəsizliyimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də gənc nəslim sağlamlığının qorunması, genefondumuzun hifz edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, narkotiklərin qanunsuz dövriyyəsi müasir dünyamızın əsas problemlərindən biridir və qlobal xarakterli təhlükə hesab olunur.  ABŞ kimi super güclər belə bu problemə qarşı təkbaşına mübarizədə ciddi çətinliklərlə qarşılaşırlar. Azərbaycan isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm uğurları ilə diqqət çəkir. Bu baxımdan DTX-nın narkotiklərə qarşı mübarizə müstəvisində atdığı addımlar həm miqyas, həm də mahiyyət etibarilə mühüm həmiyyət kəsb edir. Nümunə üçün qeyd edək ki, cari ilin 11 aprel tarixində DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb ki, bu da oldaqca böyük uğurdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan bu mübarizə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alır, gənclərin həm fizki, həm əqli, həm də ruhi-mənəvi sağlamlığının qorunmasını təmin edir. Gənclərimizin narkotik bəlasından hifz edilməsi həm də dövlət və xalq olaraq gələcəyimizin qorunması, inkişafımızın sığortalanması deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dövlətimizin gələcəyinin və təhlükəsizliyinin sağlam və vətənpərvər gəncliyə bağlı olduğunu vurğulayb, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkotiklərə qarşı aparılan mübarizə məhz belə bir gəncliyin formalaşdırılması baxımından son dərəcə vacibdir və birmənalı şəkildə DTX-nın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hesab oluna bilər. DTX-ya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aprdığı mübarizədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik”. Seymur ƏLİYEV

Hamısını oxu
“Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsində neftçilərimizin böyük əməyi var”

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”   Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – Neftçilər Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Dövlət Neft Şirkətinin əməkdaşlarını təbrik edib, onların ölkəmizin uğurlarındakı roluna diqqət çəkib:   “Öncə peşə bayramı münasibətilə Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını, respublikamızın neft-qaz işçilərini, eləcə də bu sektorda çalışmış veteranlarımızı “Neftçilər Günü” münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, tarixən ölkəmizin əldə etdiyi bütün böyük uğurlarda neftçilərimizin mühüm rolu olub. İkicni Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində də neftçilərimiz həlledici rol oynamış, bununla da bütün bəşəriyyətə azadlıq və firavanlıq bəxş etmişdir. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, neftçilərimiz gənc respublikamızın güclənməsində həlledici rol oynamış, iqtisadi azadlığımızın təmin olunması sahəsində böyük fədakarlıqlar göstərmişdilər.   1994-cü il sentybarın 20-də Ümummilli lider Heydər Əliyevin dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” sadəcə neft sənayemizin deyil, bütün ölkəmizin iqtsiadi-siyasi həyatında yeni bir dönəmin başlnağıcını qoydu. Bu müqavilə ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edildi, dövlət büdcəmizə böyük miqdarda neft vəsaitləri daxil olmağa başladı. İqtisadi müstəqilliyimizin təmini siyasi gücümüzün daha da artmasına təkan verdi.   Prezident İlham Əliyevin qeyri-neft sektoru ilə yanaşı, həm də neft sənayesinə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən modernləşmə prosesi, neft sektorumuza məxsus tarixi ənənələrin davam etdirilməsi günümüzdə də müstəqil Azərbaycanımızın iqtisadi baxımdan inkişafını şərtləndirən mühüm amillərdən biridir. Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır.   Neft sənayesindən əldə edilən gəlir ordumuzun güclənməsində, onun maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynayır. Bütün bunların hamısı neftçilərimizin ağır əməyi, fədakarlığı, öz işinə vicdanlı və məsuliyyətli yanaşması nəticəsində mümkün olur.   Mən bir daha neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. İstəyirəm bütün neftçilərimiz bilsin ki, Azərbaycan veteranları hər zaman olduğu kimi bu gün də onlarla qürur duyur və onların yanındadır”.

Hamısını oxu
Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid

 “Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı” Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi” Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Veteran.gov.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq: -Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz. -Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib. Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir. Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır. Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir. Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit -Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir... -Bəli. Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir. 1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır. Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb. “Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı” -Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir? -Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də  ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir. Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür. -Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır? -Bəli. Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur. Xidmət etdiyi dövrdə  isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”,  ,,Azərbaycan  Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. “O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi” -Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik. -Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər. Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi  kimi Beyləqandakı hərbi hissədən qatıldı. Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm. O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu. Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar! Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir. Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu