Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Konstitusiya və suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir”

“Konstitusiya və suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir”.

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm əhəmiyyətə malikdir:

“Konstitusiya və suverenlik hər bir azad dövlət üçün müstəqil yaşamın əsas göstəricisidir. Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyünün qorunması üçün mühüm qanunvericilik bazası olmaqla yanaşı, ölkəmizdə demokratik azadlıqların, insan hüquqlarının müdafiəsinin təşkili baxımından həyati əhəmiyyətə malikdir.

Qürur hissi ilə qeyd etməliyik ki, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1995-ci ilin 12 noyabr tarixində qəbul edilmiş, bununla da ölkəmizdə qanunvericilik sahəsində yeni bir dönəmin əsası qoyulmuşdur. Bundan sonra məlum Konstitusiya əsasında ölkəmizdə qanunvericilik sahəsində sistemli islahatlar həyata keçirilmiş, mühüm yeniliklərə imza atılmışdır. Qanunvericilik sahəsində görülən bütün bu işlər hüquq sistemimizin müasirləşməsinə, dünyanın ən qabaqcıl qanunvericilikləri səviyyəsinə yüksəlməsinə gətirib çıxarmışdır.

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi dövlətimizin tarixi zəfəri və ərazi bütövlüyümüzün, suverenliyimizin bərqərar olması ilə nəticələndi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən lokal antiterror tədbirləri ilə suverenliyimiz tam təmin edildi. Azərbaycan 30 ildən sonra öz suverenliyinə qovuşdu. Bu böyük, tarixi nailiyyətin altında isə yenə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzası var idi.

Bu il Konstitusiyamızın qəbul edilməsinin 30, 8 Noyabr zəfərinin isə 5-ci ildönümüdür. Cari ildə Konstitusiya və suverenliyimizlə bağlı müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da həm konstitusiya, həm də suverenliyin önəminin ictimai şüurda daha dərindən dərk edilməsi, gənclərimizin bu anlayışlara daha dolğun sahiblənməsi baxımından olduqca əhəmiyyətlidir. 

İnanıram ki, gənclərimiz dövlətçiliyimizin əsaslarından biri olan bu dəyərləri dərindən mənimsəyəcək, onların müdafiəsi və inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər”.

Seymur ƏLİYEV

 

2025-01-08 07:19:06
3325 baxış

Digər xəbərlər

İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü

Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq tellərinin möhkəm təməllərə söykənməsi özünü bir sıra tarixi aspektlərdən təsdiq etməkdədir. Məhz bu sarsılmaz və əbədi bağların hər birində şərəf, qürur, əzm, iradə və qətiyyətə xas olan mübarizlik tandemləri dayanır. Ümumiyyətlə, əgər biz Azərbaycan və Türkiyə münasibətlərinin ən möhkəm təməllərə söykəndiyini vurğulayırıqsa, əgər bir millət iki dövlət olaraq, regionda və dünyada baş verən proseslərə eyni çərçivədən yanaşırıqsa, beynəlxalq diplomatiya və hərbi siyasətlərimizə dəstək göstəririksə və belə bir dəstəyin digər başqa dövlətlər arasında olmadığını faktiki olaraq görürüksə, demək ki, bu bir sarsılmaz qardaşlıq amilidir. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” kəlamını ifadə edərkən, bu kəlamın kökündə qardaşlığın ən bariz nümunəsinin özünü nə qədər ali məqamda izhar etdirdiyinin bir daha şahidləri olarıq. Bəli, məhz bu kəlamın nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-16) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar. Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri şərəflə ana bilərik. Bu gün Azərbaycan torpağında da minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar. Bu bir silinməyəcək taledir ki, Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur! Belə bir məqamda, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində bu gün dillər əzbəri olan tarixi kəlamını səsləndirmişdir – BİR MİLLƏT, İKİ DÖVLƏT! Ulu Öndər Heydər Əliyev: “Biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik” Bu məfhum xalqlarımızın qanına hoparaq özünü bütün məqamlarda, bütün cəhətlərdə əks etdirməkdədir. Hələ Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını Azərbaycana, Naxçıvana açdı və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salmaməsinin məntiqi davamı idi. Dahi Heydər Əliyev dühası Türkiyəyə olan rəğbətini bu ifadələri ilə də tarixə yazmışdı: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir Bəli, bu gün də həmin nümunə uğurla davam etdirilir, Ulu Öndərimizin tövsiyələri və arzuları iki qardaş ölkə tərəfindən uğurla reallaşdırılır və hər anda özünü ən açıq şəkildə dünya birliyinə əxz etdirir. Belə ki, bu gün ölkələrimiz arasındakı birlik və bərabərlik dünyanın başqa heç bir ölkələri, dövlətləri arasında mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir. Bu gün dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarında belə bir qardaşlıq amili öz vacibliyini daha qabarıq fonda sərgiləməkdədir. Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı Haşiyə çıxaraq, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. O da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır. Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi. Bu məqamda haşiyənin davamı olaraq növbəti xatırlatmanı da etmək istərdim. Əslində Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub. Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki sarsılmaz (!) qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir. Prezident İlham Əliyev Türkiyə rəhbərliyinin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini sözün əsl mənasında yerində oturtmuşdu Bu mənada, cənab Ali Baş Komandanımız İlham Əliyev ən yüksək diplomatiya məktəbinin ali nümunəsini, bənzərsiz peşəkarlığını göstərərək, Azərbaycanın Türkiyə dövlətinin yanında olduğunu bəyan etdi. O cümlədən, Türkiyəyə qarşı çıxan tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir. Yeri gəlmişkən, bir neçə il öncə cənab Prezident İlham Əliyev beynəlxalq sammitlərin birində Türkiyə rəhbərliyinin həmin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini də sözün əsl mənasında yerində oturtmuşdu. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində dünya miqyaslı lider olduğunu da sübut etmişdir. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi... Eləcə də, ötən ay Azərbaycan xalqı Türkiyə dövlətinin növbəti qardaşlıq mücəssəməsinin şahidi oldu. İşğalçı Ermənistanın Tovuz rayonu ilə həmsərhəd ərazilərindəki təxribatçılıq əməllərinin ardınca, dərhal dövlət və ali hakimiyyət səviyyəsində bəyanatlar səsləndirən Türkiyə bu dəfə açıq-aydın olaraq tərəf (!) olduğunu vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi. Çünki söz yox ki, bu gün Ermənistanın işğalçılıq mövqeyini gizli, ya da açıq qaydada dəstəkləyən ölkələr də bu bəyanatlardan sarsıldılar. Artıq sübut olundu ki, heç bir düşmən münasibəti nümayiş etdirən qüvvə nə Azərbaycanı, nə də Türkiyəni ayrı-ayrılıqda görməyəcək! Rəsmi Bakının Ankara ilə eyni mövqeləri bölüşməsi bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır Həmçinin, bu məqamda da qeyd etmək yerinə düşərdi ki, iki qardaş dövlət arasındakı hərbi strateji müttəfiqlik özünü bütün sferalarda təsdiq edib İllər əvvəl “Türk ulduzları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazıldı. Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu günlərdə də Naxçıvanda yüksək döyüş qabiliyyətlərinə əsaslanan hərbi təlimlər keçirilməkdədir ki, sözügedən reallıq düşməni həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır. Düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli, birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bu gün Ermənistan rəhbərliyi müəyyən süni görüntülərlə gah işğal altındakı Qarabağa səfərlər edir, gah “Qadınlar sülh naminə” adı altında siyasi oyunbazlıq göstərib, sonradan silahı Azərbaycanın mülki vətəndaşlarına doğru yönəldir, şəkillər çəkdirib Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayır gah da digər uğursuz cəhdlər edirlər. Əslində isə onlar ilk növbədə ölkələrində artan və qiyama doğru inkişaf edən xalqın narazılığını pərdələmək üçün cəhdlər göstərirlər. Ancaq fakt budur ki, düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli və birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bax, bu həqiqət Ermənistanı ciddi narahat qalmaqda davam edir. Ancaq o da məlumdur ki, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru da Ermənistana dəstək göstərən bəzi qüvvələrin maraqlarına cavab vermir. Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir. Məhərrəm Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik

Hamısını oxu
Muzeydə “Şəhidlər ölməz Vətən bölünməz!” adlı tədbir keçirildi

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr- Anım günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşılıqlı əməkdaşlığı ilə muzeydə “Şəhidlər ölməz Vətən bölünməz ” adlı tədbir keçirildi.   Tədbirdə Komitənin əməkdaşları, müxtəlif təhsil müəsissələrinin şagirdləri və muzey əməkdaşları iştirak etmişlər.   Tədbiri açan muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova ziyarətçiləri salamladı. Tədbir iştirakçıları vətən yolunda şəhid olan fədailərimizi bir dəqiqəlik sükutla ehtiramla yad etdilər. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verildi. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri “Xudayar təsnifi”ni və Bəstəkarı Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru Sərdar Fərəcov olan “Qarabağ” əsərini ifa etdilər.   Bədii hissədən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etdilər. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva II Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana təcavüz tarixi haqqında ətraflı məlumat verdi. L.Musayeva öz çıxışında “Vətən müharibəsi cəbhəboyu bölgələrdə yaşayan uşaqların esselərində” layihəsindən bəhs edərək, həmin uşaqların xatirələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs etdi.   Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Suraxanı rayonu 285 saylı tam orta məktəbin VI sinif şagirdi Jalə Muradlı, Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və şəhid Azər Əliyevin yaxın qohumu Polad Əliyev çıxış etdilər.   İştirakçıların təsirli çıxışlarından sonra muzey əməkdaşları tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirdilər  

Hamısını oxu
Veysəloğlu Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan 44 gəncin ali təhsil almasına imkan yaratdı

Təhsilə dəstək Veysəloğlu Şirkətlər Qrupunun əsas prioritet istiqamətlərindəndir.   Veteran.gov.az xəbər verir ki, Şirkətlər Qrupu 2018-2020-ci illərdə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində Bakı və regionlarda yaşayan və ali məktəblərdə təhsil almaq arzusunda olan aztəminatlı ailələrdən 44 gəncin biliklərinin artırılmasına və yüksək təhsil əldə etmələrinə imkan yaradıb.   Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şagirdlər yüksək nəticələr göstərərək  tələbə adını qazanıblar və hazırda Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələridirlər.   Korporativ sosial məsuliyyət  strategiyasına uyğun olaraq,  pandemiya dövründə də təhsilə dəstəyini davam etdirən Veysəloğlu Şirkətlər Qrupu universitetə giriş balı və GPA balı yüksək olan gənclər “Veysəloğlu ilə İlk Addım” təcrübə proqramında iştirak edirlər.  

Hamısını oxu
Daşkənddə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər. Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub. İlk öncə, mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib. Səfir qeyd edib ki, "Qara Yanvar" hadisələri SSRİ-nin dağılması prosesində dönüş nöqtəsi və Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olub. Tədbir iştirakçılarına məlumat verilib ki, 19-20 yanvar 1990-cı il tarixində Sovet qoşunları tərəfindən Azərbaycanda 147 mülki şəxs qətlə yetirilib, 744 günahsız mülki şəxs yaralanıb, onların bir çoxu əlil qalıb. Diplomat qeyd edib ki, Ermənistanın təcavüzkar hərəkətlərinə, eləcə də SSRİ rəhbərliyinin Cənubi Qafqazdakı hadisələrə qarşı qərəzli münasibətlərinə etiraz edən kütlələrin genişmiqyaslı çıxışlarının yatırılması üçün sovet ordusunun hissələrinin Azərbaycan şəhərlərinə daxil edilməsi faciəyə səbəb olub. Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. 20 yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu deyən diplomat, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb. Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov öz çıxışında, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxılması, habelə şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını verməsi qeyd edərək, bunu əsl qəhrəmanlıq kimi adlandırıb. Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıblar, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyərək, keçmiş SSRİ rəhbərlərini ittiham ediblər. Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər.

Hamısını oxu