Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər. 

Veteranlar və məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 20 Yanvar hadisələrinin əhəmiyyətindən  bəhs edib, xalqımızın  həmin çətin dönəmdə sərgilədiyi qəhrəmanlıqlardan danışıb. Təşkilat sədri qeyd edib ki, 1990-cı ilin 20 yanvar günündə öz azadlığı və müstəqilliyi naminə ölümə meydan oxuyan Azərbaycan xalqı, məhz öz cəsarəti sayəsində yeni bir dönəmin başlanğıcını qoymuş, imperiya asılılığından xilas olmuşdur.

Tədbirdə çıxış edən digər veteranlar da xalqımızın 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib, bir-birindən maraqlı faktlara toxunublar.

Seymur ƏLİYEV

 

2025-01-18 11:47:40
3083 baxış

Digər xəbərlər

Gənc nəslin tərbiyəsində Heydər Əliyev məktəbinin rolu

Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir.  Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxarıb. Onun qüdrətinin əvəzsizliyinin təbliğə ehtiyacı qalmayıb. Heydər Əliyev həqiqəti yozulan yox, məhz görünən həqiqətdir, zamanın sınağından çıxdığı uçün əbədiliyinə tarix təminat veribdir. Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə - xalqa təmənnasız xidməti, əsldən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir.  Heydər Əliyev Prezident - dövlət xadimi kimi Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Tale isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar ki, milli müstəqilliyə qədər və milli müstəqillikdən sonrakı dövrlər. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarekter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi.  Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o çümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər. Heydər Əliyev Ali Baş Komandan kimi Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ Sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı.  Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - milli ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi. İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Siyasi “xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət murəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı dəyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişi gözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir. Heydər Əliyev Ümummilli Lider kimi Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs vermədi, eyni zamanda tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq edib. O, bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülüb. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur. 1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyevin təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətinin ən yüksək pilləsində dayanan külli-ixtiyar sahibi kimi o, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Prezident İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazana bilərik. Cəlil Xəlilov,Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu
Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.   Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:   “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.   Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.   Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.   Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.   Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun tələbəsi Nəzrin Abdullayeva ad günü münasibətilə Təşkilat sədrini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun tələbəsi, gənc vətənpərvər, magistr Nəzrin Abdullayevə ad günü münasibətilə Təşkilat sədrini təbrik edib. Təbrikdə deyilir: “Çox hörmətli Cəlil müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə daim uğur və yeni nailiyyətlər arzulayıram. Uzun illər ərzində Vətənimiz və xalqımız üçün göstərdiyiniz xidmətlər, dövlətçilik dəyərlərinə olan sədaqətiniz, həyat və peşəkar fəaliyyətiniz, eləcə də gənc nəslin yetişdirilməsinə verdiyiniz töhfələr böyük hörmətə layiqdir. Sizin kimi öz bilik və təcrübəsini daim insanlara, xüsusilə də gənclərə ötürən bir insanın tələbəsi olmaq mənim üçün böyük qürurdur. Sizin tələbəniz olduğum dövrdə qazandığım biliklərlə yanaşı, bu günə qədər mənə göstərdiyiniz diqqət, inam və dəstək də mənim üçün xüsusi dəyər daşıyır. Heç bir zaman məsləhət və dəstəyinizi əsirgəmədiyinizə görə Sizə sonsuz təşəkkür edirəm. Arzu edirəm ki, bundan sonrakı fəaliyyətiniz də daim uğurlu və məhsuldar olsun, illər ərzində qazandığınız böyük təcrübə və biliklər bundan sonra da yeni nəsillərə yol göstərsin. Əməyiniz hər zaman yüksək qiymətləndirilsin, fəaliyyətinizin nəticələri Sizə qürur və sevinc gətirsin. Allah yolunuzu daim açıq, ömrünüzü uzun, canınızı sağlam, uğurlarınızı bol etsin. Hər zaman doğmalarınızın və sevdiklərinizin əhatəsində xoşbəxt olasınız. Doğum gününüz mübarək olsun! Həmişə var olun!” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Məşhur Məmmədov seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat məhələsi çərçivəsində deputatlığa namizəd Məşhur Məmmədovun vətəndaşlarla görüşü davam edir.  Veteran.gov.az xəbər verir ki, avqustun 12-də Məşhur Məmmədov Masallı rayonunun Mahmudavar kəndində yerləşən “Elçin” şadlıq sarayın həyətində Mahmudavar, Rüdəkənar, Molalan kəndlərinin seçiciləri ilə görüş keçirib. Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq kəndin şəhid ailələri və müharibə iştirakçılarına da baş çəkib. Seymur ƏLİYEV  

Hamısını oxu