Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci Dünya Müharibəsində  Azərbaycan xalqının göstərdiyi şücaət və qələbəyə olan töhfəsini danmaq, inkar etmək mümkün deyil. Xalqımızın müharibədəki rolu, həm də Qafqaz cəbhəsindəki şanlı döyüşləri və Bakı neftinin strateji əhəmiyyəti daha geniş auditoriyaya çatdırılmalıdır. Onların cəsurluğu, əzmkarlığı və vətənə olan bağlılığı bu gün də bizi qürurlandırır. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə də təbii sərvətlər və hərbi qüvvə baxımından necə mühüm rol oynadığını qeyd etmək vacibdir. Bu qəhrəmanları təbliğ etmək, gənclərin və ümumiyyətlə hər bir vətəndaşın öz vətəninə olan sevgi və bağlılığını gücləndirə bilər. Qəhrəmanların həyatları, mübarizələri və göstərdikləri fədakarlıq gələcək nəsillərə böyük bir dərsdir. Belə şəxslərin nümunəsi, gənclərin öz milli dəyərlərinə, torpaqlarına və xalqına olan məsuliyyətini artırmağa kömək edir.Bu təbliğat yalnız keçmişi yad etməklə kifayətlənmir, eyni zamanda indiki dövrdə gənclərə vətənpərvər olmağa təşviq edir. Bu mənada Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev şübhəsiz xalqının və torpağının azadlığı uğrunda fədakarlıq göstərmiş bir şəxsiyyət olaraq, müasir gənclər üçün çox böyük bir nümunədir. Belə insanlar göstərdikləri dözüm və vətənpərvərliklə gənclərə yalnız bu günü deyil, həm də gələcəkdə öz dəyərlərini qorumağın vacibliyini öyrədir. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı döyüşçülərimizin döyüş yollarına nəzər salmaq, həmin ənənəni gənc nəslə çatdırmaq bizim vətəndaşlıq və mənəvi-əxlaqi borcumuzdur.

Azərbaycanın belə cəsur oğlanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevdir. Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.

 Müseyib Allahverdiyev 1931-ci ildə hərbi xidmətini Serqo Orconikidze adına Azərbaycan diviziyasında xidmət etmişdir.Hərb sənətinə marağını, komandir qətiyyətinə malik olduğunu görən hərbi hissə rəhbərləri onu 1933-cü ildə hərbi və siyasi hazırlıq əlaçısı kimi Tiflisdəki hərbi məktəbə göndərməyi məsləhət bilmişlər.1936-cı ildə həmin məktəbi bitirən Müseyib Abdullayev taleyini həmişəlik orduya bağlayır. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçmişdir. Moskva yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müseyib Allahverdiyev “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Xarkov uğrunda döyüşlərin iştirakçısı olmuş, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Krivoy Roq, Kirovqrad, Kişinyov şəhərlərinin azad edilməsində qətiyyətlə döyüşmüşdür. Beləliklə çox keçməmişdir ki, qvardiya kapitanı hərbi rütbəsinə layiq görülmüşdür.

Müseyib Allahverdiyev Macarıstan torpağında böyük bir düşmən qrupunun ləğv edilməsində isə xüsusilə fərqlənmişdir. 13 noyabr 1944-cü ildə onun komandanlıq etdiyi batalyon düşmənin müdafiə xəttini yararaq alayın döyüş tapşırığının yerinə yetirilməsini təmin etmişdir. 1944-cü ilin 1 dekabr gecəsi Müseyib Allahverdiyevin batalyonu düşmənin top atəşi altında Dunay çayını keçərək sağ sahildə gedən qızğın döyüşlərə qatımışdır. Çox məsuliyyətli və ağır döyüşdə batalyon komandiri şəxsən özü döyüşçülərin sahilə enməsini pulemyot atəşi ilə himayə etmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Bu döyüşdə Müseyib Allahverdiyevin batalyonu 500 faşist əsgərini məhv etmiş və 2200 düşmən əsgər və zabitini əsir almış 24 silah, 36 pulemyot, 8 minaatan, 3 avtomaşın, 10 araba, 2 silah və ərzaq anbarlarını ələ keçirmişdir.

Macarıstanın paytaxtı Budapeşt uğrunda gedən döyüşlərdə də Müseyib Allahverdiyevin döyüşçüləri fərqlənmişlər. Onun batalyonuna Budapeştdə mühasirədə olan alman qoşunlarının xilas edilməsi üçün tələsən 120 düşmən tankından ibarət dəstənin qarşısını almaq əmri verilmişdi. Mayorun təşkil etdiyi döyüş pusqusu nəticəsində 25 düşmən tankı və 700 əsgər və zabit məhv edilmiş, beləliklə də, düşmənin şəhərə girməsinin qarşısı qətiyyətlə alınmışdır. Ordu komandanlığının həmin xüsusi tapşırığını yerinə yetirərkən alman-faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şəxsi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

1946-cı ildə ordudan tərxis olunan Müseyib Allahverdiyev uzun illər Qazax, Ağstafa, Tovuz rayonlarında rəhbər vəzifələrdə, sovet və təsərrüfat işlərində çalışmışdır. Ağstafa rayon xalq deputatları soveti sədrinin müavini, rayonlararası meşə təsərrüfatı idarəsinin direktoru olmuşdur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və fəxri diplomuna layiq görülmüşdür.

Müseyib Allahverdiyevin döyüşlərdəki şücaəti, xüsusilə də Macarıstan torpağında düşmənin böyük bir qrupunu məhv etməsi və minlərlə əsgər və zabiti əsir alması, onun necə bir komandan və döyüşçü olduğunu bir daha nümayiş etdirir. Həmçinin, onun rəhbərliyindəki batalyonun, faşist qüvvələrinin şəhərə girməsinin qarşısını almaqla böyük bir strateji uğur əldə etməsi də döyüşçülük bacarığının və müharibə taktikasının nümunəsidir. Bu cür qəhrəmanların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq yalnız keçmişi yad etmək deyil, həm də indiki dövrün gənclərinə öz ölkələrini qorumaq və azadlığı uğrunda mübarizə aparmaq barədə dəyərli dərslər vermək deməkdir. Bu cür təbliğat həm də gənclərin vətənə, tarixə və mədəniyyətə olan bağlılıqlarını artıraraq, onların daha məsuliyyətli və vətənpərvər olmalarına səbəb ola bilər.

Müseyib Allahverdiyev 1969-cu ildə dünyasını dəyişmişdir. Hazırda Ağstafa rayonunun Dağkəsəmən kəndindəki orta məktəb onun adını daşıyır. Ağstafa və Qazax rayonlarında onun adına küçələr salınmış, büstü qoyulmuşdur. Müseyib Allahverdiyev kimi igidlərin mübarizəsi və vətənə bağlılığı minlərlə insanın qəlbində əbədi iz buraxıb. Belə insanlar yalnız öz dövründə deyil, gələcək nəsillər tərəfindən də hörmətlə yad edilir. Onların vətənə olan sevgisi və fədakarlığı heç vaxt unudulmur, çünki onların qoyduğu dəyərlər və göstərdikləri qəhrəmanlıq zamanın sərhədlərini aşıb.Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 

 polkovnik  Cəlil Xəlilov

2025-02-11 20:42:21
3505 baxış

Digər xəbərlər

Ağdərənin işğalından 27 il ötür

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.

Hamısını oxu
Dövlət Xidməti 102 yaşlı veteranı təltif etdi

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb. Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.                

Hamısını oxu
“Azərbaycan-Qırğızıstan müttəfiqlik müqaviləsi türk dünyasının tarixi uğurudur”

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” sadəcə adıçəkilən dövlətlərin deyil, bütün türk dünyasının tarixi uğurudur”. Bunu saytımıza açıqlamasında  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum müqavilə Azərbaycanın beynəlxalq müstəvidə yeni müttəfiqlər qazanmaqda davam etdiyini göstərir: “Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik haqqındakı müqavilə hər iki ölkənin müdafiə və təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu, dövlətimizin beynəlxalq müstəvidə yeni müttəfiqlər tapmaqda davam etdiyini, öz müttəfiqlərinin sayını artırdığın göstərir. İki dövlət arasında imzalanan bu müqavilənin həm Azərbaycanın, həm də Qırğızıstanın təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiəsinə böyük töhfə verəcəyi şübhəsizdir. Bununla yanaşı, əminliklə demək olar ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan müttəfiqlik müqaviləsi, həm də bütün türk dünyasının tarixi uğurudur. Bu müqavilə iki türk dövləti arasında imzalansa da, ümumilikdə türk dünyası arasındakı inteqrasiyadan, güclənən və genişlənən münasibətlərdən xəbər verir. Bu fakt onu deməyə əsas verir ki, son illər Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin güclənməsi prosesi uğurla davam etməkdə, siyasi-diplomatik, elmi-mədəni sahələrlə yanaşı, həm də hərbi əməkdaşlıq platformasını əhatə etməkdədir”. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin müdafiə qabiliyyətini mütəmadi şəkildə yüksəltməsi bir çox dövlətləri Azərbaycanla məlum müstəvidə əməkdaşlığa həvəsləndirməkdədir: “Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz gücünü və peşəkarlığını dinamik şəkildə artırmaqdadır. Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təchizatı, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan büdcə vəsaitlərinin hər il artırılması və s. bunun isbatıdır. Ordumuzun güclənməsi dövlətimizin hərbi nüfuzunun da yüksəlməsinə səbəb olur ki, nəticədə beynəlxalq aləmdə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyən, müttəfiqlik əlaqələri qurmaq istəyən dövlətlərin də sayı artır. Bu, dövlətimizin ən böyük nailiyyətlərindən biri, onun hərbi-siyasi uğurudur. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə yeni dövlətlərlə oxşar müqavilər imzalayacaq, beynəlxalq müstəvidəki nailiyyətlərini uğurla davam etdirəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib, iştirakçılar onlayn şəkildə təşkil edilən beynəlxalq konfransa qoşulub.   Bakı şəhər Nərimanov rayonu 45 nömrəli orta məktəb və Binəqədi  rayonu 246 nömrəli məktəb-liseyin şagird və müəlimlərinin də qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin roluna diqqət çəkib, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülh amilinin əsas faktor olduğunu vurğulayıb.   Daha sonra beynəlxalq konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın 30 ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyana diqqət çəkib, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkləmizə dəstək verməsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan prezidentinin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli, Azərbaycan dövlətinin sülh siyasətini aktiv şəkildə müdafiə etməlidir.   Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik Cəlil Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq siyasətindən danışıb. Hər bir yeniyetmə və gəncin vətənpərəvrlik ruhunda tərbiyəsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan gəncliyinin vətən sevgisi ilə fəxr etdiyini, 44 günlıük Vətən müharibəsində gənclərin böyük qəhrəmanlıqlara imza atdığını bildiirb.   Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb, xatirə şəkli çəkilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti h  

Hamısını oxu