Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Mirzəxan Hüseynov: yaşı çatmasa da könüllü olaraq ordu sıralarına yazılmışdır

Böyük Vətən Müharibəsi zamanı xalqımızın qəhrəman oğulları böyük şücaət göstərib, vətənlərini müdafiə etmək üçün canlarını fəda ediblər. Onların göstərdiyi igidlik və vətənpərvərlik, Sovet İttifaqının alman işğalçılarına qarşı mübarizəsində çox önəmli rol oynayıb. Müharibə boyunca yüz minlərlə azərbaycanlı, rus, ukraynalı və digər xalqların nümayəndələri cəbhəyə gedərək, döyüşlərdə iştirak edib, bir çoxu həyatını itirib, bir çoxu isə döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla yadda qalıb. Onların göstərdiyi qəhrəmanlıq, hər birimizin qürur duyduğu bir irsdir. Həmçinin, müharibə iştirakçılarının adları və döyüşlərdəki xidmətləri, həm o dövrkü, həm də bugünkü nəsil üçün əvəzsiz dəyərə malikdir. Müharibə iştirakçılarının bir çoxu geri döndükdən sonra cəmiyyətin inkişafı üçün müxtəlif sahələrdə xidmət etmişdir. Mirzəxan Hüseynov da belə bir şərəfli ömür sürmüşdür. Müharibənin acılarını və çətinliklərini yaşamış, amma öz xalqına, torpağına olan sevgisini heç vaxt itirməmiş və sonrakı dövrlərdə də bu sevgini öz əməlləri ilə göstərmişdir. Mirzəxan Həsən oğlu Hüseynov 1926-cı il mayın 20-də Kürdəmir rayonunun Çarlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlananda yaşı çatmasa da könüllü şəkildə hərbi  komisarlığına müraciət etmiş və xüsusi komissiya sağlamlığını və istəyini nəzərə alaraq doğum tarixini 1924-cü il olaraq qeyd etməklə onu ordu sıralarına yazmışdır. O, Tbilisi şəhərində 6 aylıq tankçılıq kursu keçmişdir. Kuban şəhərində gedən döyüşlərdə iştirak etmiş və sağ qolundan yaralanmışdır. Müalicə üçün Soçi şəhərində hərbi xəstəxanaya yatırılan Mirzəxan Hüseynov sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmışdır. Bu dəfə onu 18-ci ordunun sıralarına yazmışlar. Mirzəxan Hüseynovun da içərisində olduğu 18 nəfər Gilinski şəhərinə transfer edilib desant kursuna yollanmışdır. Təlimlər tamamlandıqdan sonra 1943-cü ilin fevralın 4-ü Novorossiski şəhərində yerləşən Semes buxtasına desant göndərilmişdir. Elə ilk gündən bölgədə açıq döyüşlər başlamışdır. Gecə döyüşləri zamanı almanlara qalib gələn dəstə onların pulemyot atış nöqtələrini ələ keçirmişdir. Atışmalar zamanı 6 yerindən yaralanan Mirzəxan Hüseynov yenidən Soçi şəhərinə xəstəxanaya göndərilmişdir. 6 aylıq müalicə dönəmi sonrası 1943-cü ilin dekabrında ordudan tərxis olunmuşdur. Tərxis olunduqdan sonra Şamaxı şəhərinə qayıtmışdır. Müharibə dövründə göstərdiyi rəşadətə görə I və II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. Müharibədən sonra müəllimliyə başlamışdır. Şamaxı rayonu Xınıslı kəndinin ibtidai məktəbinin direktoru vəzifəsində çalışmağa başlayır. Ardınca Sis kəndində eyni vəzifədə işləmişdir. Bundan sonra onu Şamaxı partiya təşkilatının qərarı ilə Bakıda yeni açılmış hüquq məktəbinə təhsilə göndərmişlər. Mirzəxan Hüseynov təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonu 1 saylı Xalq Məhkəməsinə xalq hakimi təyin edilmişdir. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə qəbul olmuş və 4 il sonra təhsilini başa vurmuşdur. Təhsilini bitirdikdən sonra Saatlı rayonuna təyinat almış və Mərzəli kənd məktəbində direktorluğa başlamışdır. Bunun ardınca isə Krasnoselski məktəbində eyni vəzifədə çalışmağa başlamışdır. Növbəti təyinatını Nərimankənd məktəbinə alan Mirzəxan Hüseynov buradakı uğurlu fəaliyyəti nəticəsində bu orta məktəb iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur. Pedaqoji fəaliyyətiylə yanaşı partiya sıralarında da aktiv rol oynayan Mirzəxan Hüseynov 1965-ci ildən başlayaraq hər il yerli xalq deputatları sovetinə üzv seçilmişdir. 1971-ci ildə pedaqoji fəaliyyətinə görə ona Respublikanın “Qabaqcıl maarif xadimi” nişanı verilmişdir. 1973-cü ildə “Sosializm yarışının qalibi”, 1974-cü ildə “Əmək veteranı”, 1985-ci ildə “Maarif əlaçısı”, yenə eyni ildə SSRİ Mədəniyyət Nazirliyinin medalı və nişanlarıyla təltif edilir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 1998-ci ildə keçirilən Respublika Müəllimlərinin Qurultayında nümayəndə kimi iştirak etmişdir. Uzun müddət Saatlı rayon Veteranlar Təşkilatının sədri olmuşdur. Mirzəxan Hüseynov kimi qəhrəmanların müharibədən sonrakı illərdə göstərdikləri xidmətlər, yalnız döyüş meydanında qazandıkları zəfərlərlə deyil, eyni zamanda vətənə olan sədaqət və fədakarlıqları ilə də yaddaşlarda əbədi olaraq qalacaq. Bu qəhrəmanların ömür yolu unudulmaz, çünki onların göstərdiyi fədakarlığı və Vətənə olan sonsuz sevgi, zamanla silinməyən iz buraxmış. Hər bir qəhrəmanımız, adını tarixə yazdıraraq gələcək nəsillərə örnəyə çevrilmişdir.

2025-03-11 17:40:08
2774 baxış

Digər xəbərlər

Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz

Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb.   Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid

 “Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı” Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi” Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Veteran.gov.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq: -Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz. -Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib. Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir. Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır. Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir. Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit -Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir... -Bəli. Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir. 1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır. Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb. “Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı” -Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir? -Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də  ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir. Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür. -Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır? -Bəli. Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur. Xidmət etdiyi dövrdə  isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”,  ,,Azərbaycan  Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. “O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi” -Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik. -Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər. Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi  kimi Beyləqandakı hərbi hissədən qatıldı. Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm. O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu. Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar! Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir. Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır”

Cəlil Xəlilov: “Dövlət Təhlükəsizliyi Xidmətinin bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağına əminəm”   Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramıdır.   Bununla bağlı  Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ona yönəlik təhdid və təhlükələrin önlənməsində mühüm rol oynadığını bildirib:   “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizliyi Xidməti dövlət təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin tarixinə, keçdiyi yola nəzər salsanız görərsiniz ki, bu qurum dövlətçilik tariximizin ən çətin, keşməkeşli vaxtlarında təhlükəsizliyimizin qorunmasında, terror aktlarının, təxribatların qarşısının alınmasında mühüm rol oynayıb, istər  ölkə daxilindəki, istərsə də ölkə xaricindəki terrorçu qüvvələrə qarşı uğurla mübarizə aparıb. 44 günlük Vətən Müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin öz işini yüksək səviyyədə təşkil etməsi, həm ölkə daxilində təhlükəsizliyi qoruması, həm də erməni işğalçılarına qarşı mübarizədə ordumuza ciddi dəstək verməsi adıçəkilən qurumun ölkəmiz üçün nə dərəcə mühüm rol oynadığını göstərir. Bu baxımdan həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti heç şübhəsiz alqışlanmalı və təqdir edilməlidir”.   Cəlil Xəlilov son iki ildə Dövlət Təhlükəsizliyi Xidmətinin öz peşəkarlığını daha da artırdığını, dünyanın qabaqcıl dövlətlərinin xüsusi xidmət orqanları ilə müqayisəolunacaq səviyyəyə yüksəldiyini vurğuladı:   “Dövlət Təhlükəsizliyi Xidmətinin inkişafı, onun maddi-texniki bazasının güclənməsi, öz fəaliyyətini müasir dövrün tələbləri əsasınd qurması, dəyişən dünyamızın modern tələblərinə sürətlə uyğunlaşması ölkə başçımızın hər zaman diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Məhz prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidməti bu gün bütün dünyanın ən qabaqcıl xüsusi xidmət orqanlarında birinə çevrilib. İstər Rusiya, istər ABŞ, istərsə də digər Avropa dövlətləri, bu dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığını yüksək səviyyədə qiymətləndirməkdədir. Medianın özündə bununla bağlı çoxsaylı informasiyalara, bəyanat və açıqlamalara rast gəlmək mümkündür.   Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının artırılmasında bu sahədə həyata keçirilən kadr islahatlarının da mühüm əhəmiyyəti vardır. Xatırladım ki, təxminin iki il bundan öncə - dövlət başçısının 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə general Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində keyfiyyət etibarı ilə yeni dövr başladı. Son iki ildə Dövlət Təhlükəsizlik Xidmətinin sadəcə xarici təhdid və təxribatlara deyil, eyni zamanda ölkə daxilində rüşvət və korrupsiyaya qarşı apardığı uğurlu mübarizə buna sübutdur. Dövlət Təhlükəsizliyi Xidmətinin xalq arasında sürətlə artan nüfuzu, öz sıralarını əsl peşəkarlar hesabına möhkəmləndirməsi, beynəlxalq əlaqələri inkişaf etdirməsi yaxın keçmişimizin qürur duyulacaq mühüm olaylarından biridir”.   Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini, xidmətdə fərqləndiyi üçün təltif edilən əməkdaşlarını təbrik edən Cəlil Xəlilov, adıçəkilən qurumun bundan sonra da vətənə layiqincə xidmət edəcəyinə inamını ifadə edib:   “Mən peşə bayramı münasibəti ilə həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin bütün şəxsi heyətini təbrik edirəm.   Ölkə başçısı bir neçə gün bundan öncə xüsusi xidmət orqanlarının peşə bayramı münasibəti ilə bu sahədə çalışan bir sıra şəxsləri yüksək hərbi rütbələr, orden və medallarla təltif edib. Mən həmçinin ölkə başçısının müvafiq Sərəncamı ilə təltif edilən, ali hərbi rütbələr, orden və medallar alan əməkdaşlaırnı təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, məkirli qüvvələrin hər cür təxribatının qarşısını çevik şəkildə alacaqdır. Mən bu müqəddəs, şərəfli işdə Dövlət Təhlükəsizliyi Xidmətinə, onun fədakar əməkdaşlarına uğurlar arzulayır, onların peşə bayramını təbrik edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb.    Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.    Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır: "4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda - Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”.   Hadisənin xidmət vaxtından sonra baş verdiyi bildirilib.   Xatırladaq ki,  Rusiyaya məxsus sözügedən hərbi baza 1995-ci ildən Ermənistanda yerləşdirilib. 2010-cu ildə bazanın daha 49 il Ermənistanda saxlanılması barədə razılıq əldə olunub. 

Hamısını oxu