Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.

 

Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək

 

Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.

 

Ermənistana növbəti ciddi xəbərdarlıq

 

Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.

 

Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir

 

Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.

 

Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 

2021-08-25 11:49:00
1093 baxış

Digər xəbərlər

İstənilən təxribat cavabsız qalmayacaq

Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Amma İrəvan məqsədinə nail ola bilməyəcək. Çünki Azərbaycan Ordusu təxribatların qarışısını alaraq və layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir. Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün hədəflərinə nail olacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
“Tarixi Şəxsiyyətlər “jurnali isiq üzü görmüşdür.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Heydər  oğlu Əliyev Dünya liderləri arasında yekdilliklə 2020-ci ildə “İLİN ADAMI” seçilmişdir. Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir. “Tarixi  Şəxsiyyətlər“ jurnalının bu il üçün nəzərdə tutulmuş növbəti buraxılışı Azərbaycan Respublikası Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədri  general - polkovnik   Tofiq Ağahüseynovun  ideya müəllifliyi ilə rəhbərlik etdiyi Təşkilatın, həmçinin  Vətən  Müharibəsi  Əlillərinə Kömək  İctimai Birliyinin  sədri Qurban Məmmədovun maddi və mənəvi  dəstəyi, eləcə də  jurnalın baş redaktoru Xəlil  Qarahmədovun   gərgin əməyi və səyi nəticəsində isiq üzü görüb. İşıq üzü görən “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı Böyük Zəfərə imza  atan, xalqımızın Milli Qəhrəmanı  Ali Bas Komandan cənab İlham Əliyevə həsr olunub.    Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub. Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.

Hamısını oxu
Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi yad edilib

  Veteran.gov.az xəbər verir ki, 3 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyevin şəhadət günü münasibətilə rayon ərazisində ucaldılmış xatirə lövhəsi ziyarət edilmiş, gül əklikləri qoyulmuşdur.   Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu. Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı. 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu” əməliyyatında iştirak edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi.   Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.   Sevindirici haldır ki, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuz Qubadlı şəhərini işğaldan azad edib.   Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Cəlil Xəlilov: "Azərbaycan ona yönəlik hər təhlükəni və təhdidi aradan qaldırmağa qadirdir"

Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, müharibənin bitməsindən ötən doqquz ayda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı verilmiş tapşırıqlar müvəfəqiyyətlə yerinə yetirilir. Quruculuq işləri, infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir.   Azərbaycanın istər beynəlxalq, istər regiondakı uğurları Ermənistanı sözsüz ki, narahat etməyə bilməzdi. Belə ki, “mehriban qonşumuzun” hökumət dairələri təşviş və qorxu içərisindədir. Elə bunun səbəbidir ki, hər yerdən əli üzülən Ermənistan çıxış yolunu təxribatda, xalqını aldatmaqda, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda görürlər.     Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin mövqeyi intensiv atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub. Hadisə baş verən kimi Azərbaycan tərəfi Rusiya sülhməramlılarının komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini erməni təxribatı haqqında məlumatlandırıb, onları zəruri informasiya ilə təmin edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən mövqelərimizin erməni hərbçiləri tərəfindən atəşə tutulması Azərbaycan tərəfini narahat edən, eyni zamanda, rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verən hadisədir: “Xatırladım ki, erməni hərbçiləri bundan əvvəl də dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqla öz məkrli niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, baş verən bu təxribatlar bir neçə aspektdən şərh edilə bilər. Bunlardan biri Ermənistanın hələ də 44 günlük Vətən müharibəsindəki rüsvayçı məğlubiyyətindən lazımi dərs çıxarmaması ilə bağlıdır”.   “Cəmi 44 gün ərzində öz hərbi potensialının 80 faizindən məhrum olan Ermənistan yeni təxribatlara əl atmaqla bölgədə gərginliyi artırmağa, sabitliyi pozmağa çalışır” deyən C. Xəlilov Ali Baş Komandanın fikirlərinə diqqət çəkərək bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, “Dəmir yumruq” öz yerindədir və Azərbaycan ona yönəlik hər bir təhlükəni dəf etməyə, hər bir təhdidi aradan qaldırmağa qadirdir.   Məsələnin ikinci tərəfi təxribatların Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə reallaşmasıdır. Halbuki, 2020-ci ilin 10 noyabr Bəyantında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Məhz buna görədir ki, bugünlərdə Azərbaycanın müdafiə naziri bu təxribatların  qarşısının qətiyyətlə alınması ilə bağlı göstəriş verdi və sentyabrın 3-də mövqelərimizə hücum edən düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur oldu”.   Polkovnik C. Xəlilov söylədi ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək: “ Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.   Günel Eyyubova, “İki sahil”  

Hamısını oxu