Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb.

Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.

 

2025-03-13 12:23:53
3008 baxış

Digər xəbərlər

Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.   Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.    “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.   Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.   Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib.  Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Azərbaycanın “COP atəşkəsi” təklifi müharibədən əziyyət çəkən bütün xalqlar üçün ümid mənbəyidir”

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-ın “Newsweek” nəşrində dərc olunmuş məqaləsində bütün dünyanı “COP atəşkəsi”nə dəvət etməsi dövlətimizin sülhpərvər siyasətinin göstəricisidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif Azərbaycanın bütün bəşəriyyətin mənafeyini dünüşdüyünü, dünyada müharibə və zorakılığa son qoymaq arzusunu əks etdirir: “Azərbaycan hər zaman öz xarici siyasətində milli maraqlarla yanaşı, həm də  ümumbəşəri maraqları əsas götürüb, bütün insanlığın xeyrinə olan qərarlar qəbul edib. Biz bunu yaxın tarix keçmişimizin hər bir mərhələsində, eləcə də pandemiya dönəmində gördük. Azərbaycan o zaman da bütün dünya üçün ədalət tələb etdi, “vaksin inhisarçılığına” qarşı mübarizə kampaniyasına start verdi. Bu gün də ölkəmiz COP29 çərçivəsində planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, iqlim dəyişikliyinin qarşısını almağa, təbiətin mühafizəsi və bərpası istiqamətində irimiqyaslı addımlar atmağa çalışır. Bununla yanaşı, ölkəmiz yaranmış fürsətdən istifadə edərək dünyadakı münaqişə və müharibələri müvəqqəti də olsa dayandırmağa, bütün münaqişə tərəflərini “COP atəşkəsinə” cəlb etməyə çalışır. Məqsəd bütün dünyada sülh və sabitliyi təmin etmək, müharibəyə, göz yaşı və iztiraba son qoymaqdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dövlətimiz adından növbəti dəfə gündəmə gətirdiyi bu təklif də ölkəmizin xoş niyyətinin təcəssümüdür. Ümid edirəm ki, dünya dövlətləri, beynəlxalq ictimaiyyət ölkəmizin bəşəriyyətin rifahına və təhlükəsizliyinəm olan həssaslığını lazımınca qiymətləndirəcək, dövlətimiz tərəfindən irəli sürülən təklifi dəstəkləməklə planetimizin hər yerində sülhün bərqərar olmasına töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı

Hamısını oxu