Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi.

Q.Süleymanlı

2025-05-01 14:26:07
4081 baxış

Digər xəbərlər

PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”

Cəlil Xəlilov: “Xalqımız və dövlətimiz öz qardaşlarını tək buraxmayacaq” “Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadları şərh edərkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək nümayiş etdiriblər:   “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən dar, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, bir-birlərinə dəstək nümayiş etdiriblər.   Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü,  türk xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin -  sadəcə türk-İslam dövlətlərinin deyil, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir.   Zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirib, onunla birlik və həmrəylik sərgiləyib. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyədə fəaliyyətdədir. Türkiyəyə ilkin yardımla bağlı fasiləsiz olaraq zəruri vasitələr - tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr tədarük edilir. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı hərtərəfli yardımlarını davam etdirəcək.     Ölkəmiz zəlzələnin fəsadları tam olaraq ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Hamısını oxu
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub. Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib. 50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.  

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir. Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq. Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək . QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)  

Hamısını oxu