Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi qanunvericiliyin gənclər arasında təbliğinə dair müzakirələr aparılır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə “Hərbi vətənpərvərliyin və hərbi qanunvericiliyin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirib. AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, hərbi qanunların və hüquq normalarının möhkəmləndirilməsi, eləcə də Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Mediasiya haqqında” Qanunun tətbiqinə dair Fərmanın qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyətinin gənclərə çatdırılmasıdır. video Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Respublika Hərbi Prokurorluğu ilə müntəzəm keçirilən tədbirlərin əhəmiyyətindən, veteranların bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb. O, ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatların ulu öndər Heydər Əliyev dövlətçilik siyasətinin uğurla davam etdirilməsinin göstəricisi olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bütün sahələrdə vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli qorunduğunu, bu istiqamətdə məqsədyönlü islahatların gündən-günə dərinləşdirildiyini vurğulayıb. C.Xəlilov Azərbaycan Ordusunun əsgər və zabitlərinin qanunlara hər zaman əməl etdiklərini, nizam-intizamın daha da möhkəmləndiyini bildirib. Təşkilatın sədr müavini Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Fərmanın respublikamızın hüquq sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının, həmçinin prokurorluq orqanlarına göstərdiyi etimad və diqqətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb. X.Vəliyev Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin mühüm sütunlarından birinə, Respublika Hərbi Prokurorluğunun hərbi qanunçuluğun qorunması, gücləndirilməsinin təminatçısına çevrildiyini bildirib. Hərbi Prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda aparılan geniş islahatlardan, ordumuzun inkişafındakı xidmətlərindən danışıb. Bu siyasətin hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdıran X.Vəliyev deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Ordumuzda şəxsi heyət üçün hər cür şərait yaradılıb. Bu gün əsgərlərimiz orduda fəxr və şərəflə xidmət edirlər. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini, şəxsi heyətin qələbə əzmini və mənəvi-psixoloji hazırlığını düşmənlə yanaşı bütün dünyaya göstərdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı döyüşməyə, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünyada nüfuzlu dövlətə çevrilməsindən, ölkəmizdə hüquq təhsilinin inkişafı istiqamətində hər cür şəraitin yaradılmasından, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də həyata keçirilən mütərəqqi islahatlardan danışıblar. Çıxışlarda, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin, müstəqilliyimizin və ictimai-siyasi sabitliyin qorunmasının hər bir vətəndaşın müqəddəs vəzifəsi olmasının, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirmə, hüququ təbliğat işinin aparılmasının vacibliyi qeyd olunub. Natiqlər gəncləri Prezidentimizin ətrafında sıx birləşməyə və Vətənin müdafiəsinə hazır olmağa çağırıblar. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

2019-04-05 00:00:00
5312 baxış

Digər xəbərlər

Prezident şəhid general və polkovnikin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hamısını oxu
“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib

18 mart 2025-ci il saat11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən polkovnik Cəlil Xəlilov “Konstitusiya və Suverenlik İli”nin önəminə toxunub, bu istiqamətdə görülən və görüləcək işlərə diqqət çəkib: “ Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.  Bugünkü konfransın keçirilməsində əsas məqsəd “Konstitutsiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaqdır. Konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin Konstitusiya və Suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli, bu prosesə davamlı şəkildə öz töhfələrini verməlidir. Biz Ulu öndər Heydər Əliyevdən miras qalan dəyər və ənənələri, eləcə də Konstitusiyamızı, Prezident İlham Əliyev tərəfindən tam təmin edilən Suverenliyimizi qorumalı, bu irsi tarixi bir əmanət kimi gələcək nəsillərə  çatdırmalıyıq”. Daha sonra Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov, Müdafiə Nazirliyi Şəxsi Heyət  Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli, Dövlət İdarəçilik Akademiyasının  III kurs tələbəsi  Nəzrin Abdullayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev çıxış ediblər. Tədbirdə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov, Xüsusi xidmət orqanlarının veteranı Roman Kazımov  və digər qonaqlar iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib. Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar. Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1991-ci ilin 16 dekabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən elan edilən Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviy-yədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2019-cu il biz veteranlar üçün yaddaqalan oldu. Həyata keçirdiyimiz tədbirlər, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan yeni ildə Qələbənin 75 illiyinin yüksək səviyyədə qeyd olunması daha uğurlu olacaqdır. Azərbaycan bu gün Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bu istiqamətdə bizim əsas vəzifəmiz müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikamızın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün var qüvvəmizi səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   Tofiq Ağahüseynov general-polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu