Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib

18 mart 2025-ci il saat11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən polkovnik Cəlil Xəlilov “Konstitusiya və Suverenlik İli”nin önəminə toxunub, bu istiqamətdə görülən və görüləcək işlərə diqqət çəkib:

“ Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin hüquqi və siyasi sisteminin əsas prinsiplərinə, eləcə də dövlətin suverenliyinin qorunmasına diqqət çəkən mühüm bir addımdır. Bu il ərzində keçiriləcək tədbirlər, Azərbaycan xalqının müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsinə xidmət edəcək və bu mövzuların daha geniş ictimaiyyətə çatdırılmasına imkan yaradacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər planı təsdiq edilib və bu plana əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Bugünkü konfransın keçirilməsində əsas məqsəd “Konstitutsiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” ideyası üzərində fokuslanmaqdır. Konstitusiya və suverenlik dövlətin daxili və xarici siyasətində əsas müstəvidir və bu mövzunun müzakirəsi ölkəmizin gələcək inkişafı, hüquqi sabitliyi və milli təhlükəsizliyinin qorunması üçün çox vacibdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz, dövlət təhlükəsizliyimiz yüksək səviyyədə qorunmaqdadır. Bu müstəvidə Azərbaycan Silahlı Qüvvələri, xüsusi xidmət orqanlarımız və digər dövlət qurumları böyük əmək və fədakarlıq sərf etməkdədir. Lakin Konstitusiya və Suverenliyimizin qorunması, dövlət təhlükəsizliyimizin təmini elə vacib və həyati məsələdir ki, bu prosesdə cəmiyyətimizin hər bir fərdi, eləcə də gənclərimiz və veteranlarımız fəal iştirak etməli, bu prosesə davamlı şəkildə öz töhfələrini verməlidir. Biz Ulu öndər Heydər Əliyevdən miras qalan dəyər və ənənələri, eləcə də Konstitusiyamızı, Prezident İlham Əliyev tərəfindən tam təmin edilən Suverenliyimizi qorumalı, bu irsi tarixi bir əmanət kimi gələcək nəsillərə  çatdırmalıyıq”.

Daha sonra Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov, Müdafiə Nazirliyi Şəxsi Heyət  Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli, Dövlət İdarəçilik Akademiyasının  III kurs tələbəsi  Nəzrin Abdullayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev çıxış ediblər.

Tədbirdə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov, Xüsusi xidmət orqanlarının veteranı Roman Kazımov  və digər qonaqlar iştirak edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

 

2025-03-18 12:40:25
3205 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.  

Hamısını oxu
Məzarı Azərbaycan olan şəhid: Kazı Soltanov!

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb.  Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov  peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil,  qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zakir Məcidov: Səmamızın şahini

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu hadisələr sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidovdur.  Zakir Nüsrət oğlu Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda başa vurduqdan sonra, Zakir Məcidov 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb. Vətənə dönən Zakir Məcidov Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. Bakı aviabölüyündə mexanik, Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə  təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan, ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur. Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur.                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik     Cəlil Xəlilov

Hamısını oxu
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Hamısını oxu