Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Separatçıların həbs edilərək məhkəmə qarşısına çıxarılması DTX-nın tarixi uğurlarından biridir”

“Uzun illər xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçılarının lokal anti-terror əməliyyatından sonra həbs edilərək məhkəmə qarşısına çıxarılması dövlətimizin, onun təhlükəsizliyinin əsas təminatçılarından biri olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  tarixi uğurlarından biridir”.

Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki,  DTX xalqımızın, dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, suverenliyimizin bərpasına da böyük töhfələr verib:

 “DTX müstəqillik tariximizin bütün mərhələlərində dövlət təhlükəsizliyimizi uğurla qoruyub, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə ardıcıl addımlar atıb. DTX-nın son illərdəki fəaliyyəti isə xüsusislə təqdirəlayiqdir.

Biz həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı DTX-nın peşəkarlığının bir daha şahidi olduq. DTX həm müharibə, həm də post-müharibə dövründə dövlətimizə qarşı terror və təxribat cəhdlərini uğurla ifşa etdi, anti-Azərbaycan qüvvələrinə ağır zərbələr vurdu. Lokal anti-terror tədbirlərindən sonra Qarabağın müxtəlif yerlərində gizlənən separatçıların de-şifrə edilərək saxlanılması və Bakıya gətirilməsi isə DTX-nın xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biridir. DTX böyük ustalıqla həyata keçirdiyi bu əməliyyatlarla cinayətkarların gizlənməsinə, məsuliyyətdən yayınmasına imkan vermədi. Həmin şəxsləri həbs edərək onların məhkəmə qarşısına çxıarılmasını təmin etdi. Bununla hər kəsə sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər cəzadan yaxa qurtara bilməyəcək, gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar.

Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanları əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, onlar bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın, dövlətimizin düşmənlərini məyus etməkdə davam edəcəklər”.

Seymur ƏLİYEV

2025-03-27 09:24:05
3077 baxış

Digər xəbərlər

Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu
“DQİDK-nin sifarişi əsasında hazırlanan bu film tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkandır”

Elman Məmmədov: “Onlar Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib”   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən Müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən sənədli film hazırlanıb. Filmdə Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan, fərqli din və mədəniyyətlərə mənsub şəxlərin Ali Baş Komandanın rəhbərliyi altında birləşdiyi, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etdiyi öz əksini tapıb.   Hansı ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gələn bu və bu qəbildən olan filmlər tariximizin təbliği ilə yanaşı, çoxmillətli dövlət olan Azərbaycanın gələcək inkişafı, ölkə daxilindəki birlik və həmrəyliyin qorunub saxlanılması, hər kəsin vətən, bayraq, dövlət, Ali Baş Komandan ətrafında birliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmin böyük önəm kəsb etdiyini vurğuladı:   “Vətən müharibəsi və dövlətimizin bu müharibədəki qalibiyyəti bir daha təsdiqlədi ki, güc birlikdədir. Azərbaycan çoxmillətli bir respublikadır. Bizim gücümüz, inkişafımız, gələcəyimiz birliyimizdədir. Azərbaycanda dinlərin, dillərin, mədəniyyətlərin birliyi, birgə yaşayışı, brigə inkişafı  bütün dünyaya nümunədir. Hörmətli dostumuz Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan məlum film də olduqca önəmli bir ekran əsəridir. Bu film çox mühüm əhəmiyyətə malikdir. Çünki bu filmdə Azərbaycanda yaşayan bütün millətlərin Vətən müharibəsində necə birlik və həmrəylik sərgilədikləri, öz doğma torpaqlarını düşməndən necə qoruduqları, erməni işğalına birlikdə necə son qoyduqları öz əksini tapıb.   May ayında Şuşada “Xarıbülbül” festivalı keçirildi. Biz hamımız müşahidə etdik ki, Azərbaycanda yaşayan bütün milli azlıqların orada musiqiləri səsləndirildi, mədəniyyətləri nümayiş olundu. Bu, bir daha onu göstərdi ki, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hamımızındır. Bizdə dilinə, dininə, irqinə, milliyətinə görə ayrı-seçkilik yoxdur. Azərbaycanda sülh şəraitində birgə yaşayış var. Bunu Azərbaycana gələn, Azərbaycan həqiəqlərini öyrənən hər kəs, hətta bizə dost olmayanlar belə etiraf edirlər.   Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıqlar göstərdi. Onlar şəhid oldular, qazi oldular, vətəni işğaldan azad etdilər. Biz onların hər birini alqışlayırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu cür filmlər bizim tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkan olan əsərlərdir. Mən buna görə adıçəkilən quruma öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV

Hamısını oxu
Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə şair-pedaqoq İsmayıl Qocabəylinin "Heydərnamə" kitabının təqdimat mərasimini keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və qələm adamları iştirak ediblər. Tədbirdən öncə  ulu Öndər Heydər Əliyevin və canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman tədbiri giriş sözü ilə açaraq dahi rəhbər və müdrik siyasətçi Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, onun əbədiyaşar adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi vurğulayıb. Daha sonra o, dahi şəxsiyyətin nəsillərə örnək olan həyat yolundan bəhs edən "Heydərnamə" kitabının müəllifinə öz təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Heydər Ata mükafatı laureatı, şair Gülbala Teymur,  rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, YAP rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, şəhər 2 saylı məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, şəhid qardaşı, yazıçı Sakit Üçtəpəli, şəhid atası Fuad Vəlişov, Əfqaıstan müharibəsi veteranı Rəşid Mahmudov və başqaları çıxış edərək dünyanı heyran qoyan uzaqgörən lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətini yüksək qiymətləndiriblər  və onun  böyük bir şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını bildiriblər. Ulu Öndərə həsr olunmuş kitabın müəllifi şair-pedaqoq İsmayıl Qocabəyli öz çıxışında vurğulayıb ki, qələmə aldığım bu kitab ulu Öndərimizin  əziz xatirəsinə böyük  hörmət və ehtiramım olaraq veteran müəllim kimi töhfəmdir. Sonda tədbir iştirakçılarına təqdimatı keçirilən  ""Heydərnamə" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Hamısını oxu
“Bu qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.  Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu