Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli maraqların keşiyində: Heydər Əliyevin təhlükəsizlik siyasəti

Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir.

Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər?  Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.
Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. ​Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22)  

Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı  DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə  başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi  sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti,  28 mart 1999-cu il)

Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26)

Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:
 
                   Başı kəsiləndə bu məğrur elin
                   Qəlbin ağrısını hiss etdinizmi -
                   Qoca Füzulinin, igid Babəkin
                   E’tiraz səsini eşitdinizmi?
                   Cənablar, bir damcı mürəkkəblə siz
                   Düşünün, nələrə qol çəkmişsiniz?
 
Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).
Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı  təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın  qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı.

Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:
                 
                  Doğransam da qıymə-qıymə,
                  Tikə-tikə, rizə-rizə,
                  Mübarizə! Mübarizə! Mübarizə!
                                                    Mübarizə!
və elə həmin illərdə yazdığı:
                   
                  Yox, bunu görməyin Arpa çayından,
                   Kim deyir Saranı sellər apardı:
                   Şahənşah bağından, Qış sarayından
                   Yurduma uzanan əllər apardı.
 
və yaxud da:
                   Azadlığı istəmirəm,
                   zərrə-zərrə, qıram-qıram,
                   Qolumdakı zəncirləri
                   Qıram gərək! Qıram, Qıram!


 
Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3)

Ədəbiyyatımızda, elmimizdə yuva salmış  “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib.

Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi.

Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il).

Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının  paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.
Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur.

Seymur Şeydayev,

Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik

2026-03-28 19:12:00
3100 baxış

Digər xəbərlər

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir. Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir. Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər... Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir. Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir. Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir. Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir. Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır. Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram... Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir. Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir. Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir. İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycanla təhdid dili ilə danışmaq mənasızdır.

İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Şirvan şəhər Veteranlar Təşkilatının yaranmasının 35 illiyi münasibəti ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 2 mart 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şirvan şəhər Veteranlar Təşkilatının yaranmasının 35 illiyi münasibəti ilə tədbir keçirilib.   Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Veteranlar Təşkilatının sədri Vaqif Qayıbov  Təşkilatın yaranma tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Vaqif Qayıbov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-1980-ci illərdə respublikada bütün sahəlrədə olduğu kimi, veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən  bütün ölkəni əhatə etmiş, dövlətin dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci ildə Respublika Veteranlar Şurasının təsis olunması ilə nəticələnmişdir.   Tədbirdə çıxış edən Birinci Qarabağ müharibəsi iştirakçısı Daniyar Mehdiyev ötən əsrin 90-cı illərindəki Qarabağ müharibəsi ilə bağlı iştirakçıları məlumatlandırıb, müharibə ilə bağlı xatirələrini dilə gətirib.   44 günlük Vətən müharibəsi iştirakçısı Həsənxan Həsənli müharibə ilə bağlı təəssüratlarından söz açıb. O, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına öz minnətdarlığını bildirib.   İkinci Qarabağ müharibəsi iştirakçısı Anar Ağamalı müharibə dövründə əsgər və zabitlərin qəhrəmanlığından danışıb. Anar Ağamalı qeyd edib ki, müharibə Azərbaycan  əsgərinin qorxmaz və mübariz olduğunu, hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi.   Əmək veteranı Aslan Aslanov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin müdrik kəlamı ilə tədbiri yekunlaşdıırb: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhdiliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.    

Hamısını oxu
Mehriban Əliyeva koronavirusa yoluxmuş Cavid Paşayevin müalicəsini nəzarətə götürdü

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”. Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibəsində məlumat verib.   O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

Hamısını oxu