Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

2025-04-21 18:47:10
4350 baxış

Digər xəbərlər

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Silahlı Qüvvələrimizin qüdrəti, yenilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir. Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib. Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.               

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Bakı, 17 iyul, AZƏRTAC Vətən müharibəsindən dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu sahədə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra qonşu ölkənin sürətlə silahlandığını, hərbi potensialını genişləndirməyə çalışdığını görürük. Fransa, Hindistan və digər ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan xarici ölkələrin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistan ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Hazırkı situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir. Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib. Polkovnik qeyd edib ki, sülh üçün cəhd göstərməyən Ermənistanda kənar qüvvələrin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi onların xoş məqsəddən və məramdan uzaq olduğunu göstərir. ABŞ-la Ermənistan arasında keçirilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha göstərir ki, Ermənistanda revanşizm əhvali-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bu ümidlər xam xəyaldan başqa bir şey deyil. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə yeni reallıq yaradıb və heç bir qüvvə onu dəyişə bilməz”. Militarizm siyasətinin və revanşist düşüncə tərzinin Ermənistana fəlakətdən başqa heç nə vəd etmədiyini vurğulayan polkovnik deyib: “Yaxşı olar ki, rəsmi İrəvan avantürist xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlər, iqtisadi kataklizm və sosial böhrandan xilas edə bilər”.

Hamısını oxu
Gənclər döyüşə getmək üçün müraciət edib

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.  Bu barədə Dövlət Xİdmətinin rəsmi “Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək, geri otuzdurulub.

Hamısını oxu
General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu