Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Sovet İttifaqı Qəhrəmanı Abbas Quliyev – Vətənpərvərliyin və fədakarlığın simvolu

II Dünya Müharibəsi dünya xalqlarını sınağa çəkdi. Bu sınaq təkcə hərbi mübarizə ilə bitmədi, eyni zamanda insanlığın qarşısında ən böyük əxlaqi və mənəvi sınağını qoydu. Azərbaycan xalqı da II Dünya Müharibəsində fədakarlıq göstərərək canlarını fəda etmişdir, digər tərəfdən isə arxa cəbhədə fəaliyyət göstərərək ölkəmizin müharibəyə dəstəyini təmin etmişlər. Bütün bu döyüşlərin və həyatın gətirdiyi ağrıların fonunda Azərbaycan xalqının qəhrəmanlıq ruhu, birlik və bərabərlik əzmi, bizə bugünkü müstəqil və inkişaf edən Azərbaycanı qurmaq üçün parlaq bir nümunə oldu. Xatırladığımız hər bir şəhid və qazimiz bizə yalnız müharibənin acı nəticələrini deyil, həm də mübarizə, azadlıq və insan hüquqlarına olan dərin hörməti öyrədir. Bu müharibə bir daha bizə göstərdi ki, xalqın birliyi və müqaviməti qarşısında heç bir çətinlik duruş gətirə bilməz. Abbas Quliyev də həmin mübarizənin qəhrəmanlarındandır. Abbas Quliyev müharibə dövründə bir çox döyüşlərdə göstərdiyi qəhrəmanlıqla xalqımıza böyük bir nümunə olmuşdur. 1916-cı ildə Naxçıvan qəzasının indiki Babək rayonu Şəkərabad kəndində dünyaya gələn Abbas Quliyev gənc yaşlarından əməksevərliyi və elmə, təhsilə olan bağlılığı ilə seçilirdi. 1930-cu ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya üz tutdu və burada fabrik-zavod şagirdliyi məktəbində oxudu. Təhsilə olan həvəsi onu 1936-cı ildə pedaqoji məktəbi bitirməyə qədər apardı. Eyni zamanda incəsənətə olan marağı onu Naxçıvan Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə gətirdi. Lakin II Dünya Müharibəsi başlayanda o da milyonlarla sovet vətəndaşı kimi silaha sarıldı. 1942-ci ildə Topçular Məktəbini bitirib cəbhəyə yollandı. Bryansk, "Mərkəz", 1-ci Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas kimi strateji bölgələrdə, Dnepr, Visla və Oder çayları uğrundakı döyüşlərdə iştirak etdi. Varşavanın azad olunmasında göstərdiyi igidlik nəticəsində qvardiya kapitanı rütbəsinə qədər yüksəldi. 1945-ci ilin martında Almaniyanın Noyştetin şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanan Abbas Quliyev müalicə aldıqdan sonra həmin ilin avqustunda I dərəcəli Vətən Müharibəsi əlili kimi ordu sıralarından tərxis olundu. Abbas Quliyevin hərbi xidmətinə verilən ən böyük qiymət isə 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən Visla çayı uğrunda döyüşlərdə göstərdiyi şəxsi qəhrəmanlıq və bacarığı yüksək qiymətləndirildi. Eyni zamanda o, Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Aleksandr Nevski ordeni, Qırmızı Bayraq ordeni və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur. Müharibədən sonra da Abbas Quliyev cəmiyyət üçün çalışmaqdan vaz keçmədi. 1945-ci ildən yenidən Naxçıvan Dövlət Dram Teatrına qayıdaraq direktor vəzifəsində çalışdı. 1946–1953-cü illərdə Maarif Nazirinin müavini, Ali Sovetin Rəyasət Heyətinin katibi kimi yüksək vəzifələrdə çalışdı. Daha sonra Naxçıvan şəhər İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyətinə və ictimai xidmətlərinə görə o, ittifaq əhəmiyyətli təqaüdçü statusu ilə təltif olunmuşdu. IV, IX və X çağırışlarda Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Abbas Quliyevin həyat yolu müharibə meydanından mədəniyyət sahəsinə, dövlət idarəçiliyinə qədərki geniş bir spektri əhatə edir. O, həm igid döyüşçü, həm də məsuliyyətli vətəndaş kimi Azərbaycan tarixində əbədi iz buraxmışdır. II Dünya Müharibəsinin başa çatmasından 80 il keçməsinə baxmayaraq yalnız tariximizin ən qaranlıq səhifələrindən birini deyil, həm də bu səhifələrdə yazılmış qəhrəmanlıq hekayələrini, mübarizələri və döyüşləri xatırlayırıq. Biz, II Dünya Müharibəsi dövründə həyatlarını itirən hər bir şəhidin, öz torpağını qorumaq uğrunda mübarizə aparan hər bir qəhrəmanın, habelə onların ailələ üzvülərinin önündə dərin ehtiramla baş əyirik.

2025-04-22 14:40:34
4215 baxış

Digər xəbərlər

İlham Əliyevdən sərt mesaj: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”

"Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir". Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.  "Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - dövlət başçısı əlavə edib. 

Hamısını oxu
Mürvət Həsənli: “Hər bir insanın təhsili, tərbiyyəsi onun gələcək uğurlarının təməlidir”

Müsahibimiz “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənlidir. Onunla “Uğur hekayəsi” rubrikasında  görüşüb, danışdıq. Bacarıqlı bir iş adamı olmağın sirrini öyrənməyə çalışdıq. – Mürvət müəllim, siz ölkənin tanınmış iş adamlarından birisiniz. Uğur hekayənizi dinləmək istəyərdik.   -İş həyatına 1990-cı ildə, əsgərlikdən qayıtdıqdan sonra atıldım. O zaman Gəncədə yaşayırdım. Xaricdən tekstil və elekteonika malları gətirib Gəncədə satırdım. O zaman üçün bu həm maraqlı, həm də riskli idi. 90-cı illərin əvvəllərində ölkədə güclü infilyasiya gedirdi. Qazanmaq əvəzinə, ciddi itki də verə bilərdin. Əlbəttə ki,  ziyana düşdüyümüz zamanlar da oldu. Ancaq sonrakı işimi qurmaq üçün bu bir maliyyə başlanğıcı, o dövr üçün gələcək uğurlarımın maddi təməli oldu. Sonra imtahan verib indiki Gəncə Aqrar Universitetində ali təhsilə başladm. Bildiyimiz kimi o dövürdə həm cəbhədə, həm də ölkədə ictimai-siyasi vəziyyət ağır idi. 1993-cü ildə ulu öndər  H.Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə bir sabitlik yarandı. 2000-ci illərin əvvəllərində ictimai iaşə sektoruna qatıldım. “Xəmsə” şadlıq sarayını qurdum. Bu sahədə böyük uğur qazandığımı düşünürəm. O zamanlar bu sahədə boşluqlar var idi. Həm o boşluğu doldurduq, həm də keyfiyyətli iş gördük. Hətta mən statistikasını da aparmışam, 20 illik fəaliyyətimiz ərzində bizim restoranda evlənənlərin cəmi 1.5%-i boşanıb. -Siz, kənd təsərrüfatı sahəsində də ilklərə imza atan sahibkarlardansınız.    – Bəli, 2008-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsində özümü sınadım. Öncə ətlik hind quşu, ardınca da damazlıq, ətlik istiqamətli toyuqların satışına başladıq. Artıq 12 ildir bu sahədəyik. Biz başlayan vaxtlar ölkədə damazlıq toyuq təsərrüfatı yox idi. Bu sahədə ölkə tələbatının 85-90% ödəyirik. 2009-2011 ci illərdə ölkə başçısı tərəfindən quşçuluq sahəsinə böyük diqqət yetirildi. 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsinə görə 2025-ci ilə qədər bu xəritədə göstərilən bütün sahələrin inkişafina nail olmaq lazım idi. Ürəklə deyə bilərəm ki, biz 2025-ci ildən  tez quşçuluq sahəsində göstərilən bütün tələbləri yerinə yetirmişik. – Eyni vaxtda bir neçə sahəsini birlikdə idarə etmək çətin deyil ki?   – Hər bir sahədə, hər bir insanın köməkçisi onun kadrlarıdır. Biz bu kadrları zaman-zaman yetişdiririk. Onlar yetişdikcə insan özünü rahat hiss edir. Uğurumun sirlərindən biri də odur ki, qismətimə həmişə savadlı kadrlar çıxıb və çalışmışam maksimum peşəkarları seçim. Belə bir deyim də var: “Peşəkarların maaşı hər zaman baha olur, amma qeyri-peşəkarın vurduğu ziyandan baha olmur”. – “Quş əti, yumurta istehsalçıları və ixracatçıları Asossasiyası” İctimai Birliyinin sədri kimi deyə bilərsinizmi bu sahədə nə kimi yeniliklər və  problemlər var?   – Assosasiyanın sədri kimi bu ilin 22 fevral tarixindən yekdilliliklə sədr seçilmişəm. O müddətdən bu günə qədər həm hökümət, həm də ticarət şəbəkələri qarşısında bir sıra problemlər qaldırıb, hamısının həllinə nail olmuşuq. Toyuq əti və yumuta istehsalçılarının vəsaitləri uzun müddət – 90 günlə şəbəkələrdə qalırdı və iadə faizləri çox idi. Bu əsas problemlərdən biri idi. İqtisdiyyat nazirliyi ilə birgə bu problemin də öhdəsindən gələ bildik. Xaricdən gətirilən yararsız toyuqların ölkəyə daxil olmasının qarşısı alındı. Digər məsələ isə Cənab prezidentin səyi ilə soya, soya şirəotu və digər məhsullardan ƏDV-nin qaldırılması idi. Bu problem də bu ayın əvvəli həllini tapdı. Nəzərə alsaq ki, 1kq ətin tərkibinin 68%-ni yemin dəyəri tutur, bu quş əti və yumurta istehsalçılarına böyük kömək idi. Nəticədə toyuq ətinin qiyməti düşdü. Problemlərin asan həllolma səbəblərindən biri də, bizim qaldırdığımız məsələlərin  ölkə ictimaiyyəti, xüsusilə də, media tərəfindən dəstəklənməsidir. – Hazırda Avropadakı mövcud vəziyyətlə yəni müharibə ilə bağlı dünya ərzaq qıtlığı ilə üz-üzə qala bilər. Bu baxından kənd təsərrüfatının bir sahəsi kimi problemin qarşısını almaq üçün sizin sahədə hansı tədbirlər görülür?   – Biz bu məsələləri nəzərə alaraq mart ayında hökümətə yem və yem məhsullarının qiymətinin qalxması ilə bağlı müraciət etdik. Bununla bağlı yuxarıda qeyd etdiyim məsələlər həllini tapdı. Yem ehtiyatları bazasının yaradılması, güzəştli mövsümü kreditlərin verilməsi ilə bağlı müraciət etmişik. Yaxın zamanda artıq o kreditlər də veriləcək. Əlbəttəki ki, ərzaq qıtlığı qlobal problem olduğu üçün bizdən də yan keçməyəcək. Ölkə başçısının qəbul etdiyi qabaqlayıcı tədbirlər planı ilə 2008-ci ildə baş verən iqtisadi böhranı yüngül atladığımız kimi bunun da öhdəsindən gələcəyik. Bu yaxınlarda yem ehtiyatlarını da özümüz istehsal edəcəyik. İşğaldan azad olunmuş ərazilərdəki yararlı torpaqlarda dənli bitkilərin əkini, ət baxımından iribuynuzlu mal-qaranın yaylaqlara qalxması və sayındakı artım sayəsində biz ərzaq qıtlığı ilə rastlaşmayacağıq. – Hazırda quş əti və yumurtanın idxal və ixracındakı nisbət necədir? İdxal daha çoxdur yoxsa ixrac? Toyuq əti, yoxsa yumurta?   – Hazırda ölkədə yumurta istehsalı 130 faizin üzərindədir. Ona görə də biz onu Qətər, BƏƏ,  Rusiya, Əfqanıstan və digər ölkələrə ixrac edirik. Yumurta ölkə tələbatını artıqlaması ilə ödəyir, toyuq əti isə 85%. Hazırda ölkədə toyuq ətinə tələbat 140.000 tondur, istehsal isə 120.000 tondur. Yem məsullarından ƏDV-nin qalxması isə 100%-lik təminata gətirib çıxaracaq. – Cəmiyyətdə müzakirə mövzusu olan məsələlərdən biri də, quş əti və xüsusilə də, yumurtanın qiymətidir. Bu məhsullarda qiymət artımı gözlənilirmi və ümumiyyətlə, qiymətlər nəyə əsasən tənzimlənir?   – Öncəliklə onu deyim ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Bazarda tələbat artanda qiymət artır, təklif artanda isə qiymət azalır. Yumurta çox istehsal olduğu üçün qiymətlər kifayət qədər aşağıdır. Düşünürəm ki, yaxın gələcəkdə biz  damazlıq yumurtanı da özümüz istehsal edəcəyik. – Bildiyimiz kimi virusların tüğyan etdiyi bir dönəmdən keçirik. Hansı ki, bir neçə il öncə quş qripi də müəyyən bir arealda yayılmışdı. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?   – Qaldırdığımız məsələlərdə bizə xüsusi dəstək verdikləri üçün AQTA-nın rəhbərliyinə təşəkkür edirik. Hazırda quş qripinə qarşı vaksinlərin ölkədə qeydiyyatdan keçməsində onların böyük rolu var.  H5N9 qeydiyyatdan keçdiyi üçün vaksinasiyada biz onu tətbiq edirik. Problem xaricdən gələn yumurtalarda ola bilər. O da həllini tapacaq. -Hər kəs öz sahəsində uğurlu olmaq istəyər. Çünki gördüyü işin nəticəsi insanı xoşbəxt edir. Uğurun hər hansı bir düsturu varmı, onu tətbiq edib nailiyyət qazanaq?   -Uğurun düsturu təhsil, tərbiyə və təcrübədir. Hər bir insanın təhsili və tərbiyyəsi  onun gələcək uğurlarının təməlidir. Eyni zamanda işini ölkə qanunvericiliyini uyğun qurmaq lazımdır. Bunu tətbiq etmək və hər zaman haqq-ədaləti qoruyaraq irəliləmək əsas şərtlərdəndir. Hədəfinizi də bilməli, böyük həvəs və inamla ona doğru addımlamalısız. Yalnız bu halda uğur hər zaman sənin olacaq, səninlə olacaq! Səmimi söhbətindən dolayı Mürvət Həsənliyə təşəkkür edirik!   Mənbə: Bugun.tv  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib

Martın 19-da Respublika Veteranlar Təşkilatının inzibati binasında "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi munasibəti ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənc nəslə çatdırlmasıdır. video Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov xüsusi xidmət orqanlarının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı taleyüklü  fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlardan, prezident İlham Əliyevin milli təhlükəsizliyin hərtəfli təminatı sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlarının vətənpərvərliyini, əzmkarlığını, sayıqlığını yüksək qiymətləndirib. Bu sahədə Azərbaycanın dünyaya nümunə ola biləcəyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xüsusi xidmət orqanlarının Azərbaycan tarixindəki rolundan, Respublikamızda milli təhlükəsizliyin hər tərəfli təminatından, şəxsiyyətin, cəmiyyətin və dövlətin milli maraqlarının qorunmasından danışıb. C.Xəlilov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının formalaşdırılmasından və xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu sahədəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndər Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını hər zaman xatırlandığını bildirən Cəlil Xəlilov bu siyasətin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləib. C.Xəilov: “Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verilib. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı olub. Milli Təhlükəsizliyin hərtərəfli təminatı sahəsində Ulu Öndər fundamental işlər gördü. Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın”. Xüsusi xidmət orqanlarının bu günkü  fəaliyyətinə nəzər salan natiq dövlətin təhlükəsizliyinin daxili və xarici sferalarda etibarlı təmin olunmasından danışıb. Cəlil Xəlilov dünya təcrübəsindən bəhrələnməklə müasir dövlətçiliyimizdə bu sahədə yüksək nailiyyətlərə imza atmış xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlığın qarşısının alınmasındakı fəaliyyətinə nəzər salıb. O, Ermənistanın düşmənçilik siyasətinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının daim hazır olduğunu qeyd edib. Cəlil Xəliov: “Dağlıq Qarabağ müharibəsində xüsusi orqan əməkdaşları fədakarlıqlar göstərmiş, əsl vətənpərvərlik, vətəndaşlıq nümayiş etdirmişdirlər. İnanırıq ki, bu gün gənclərimiz milli təhlükəsizliyimizin təminatı sahəsində əllərindən gələni edəcək, xüsusi xidmət orqanlarına hər cür dəstəyi və yardımı göstərəcəklər. Gənclər həyatlarını vətənə, millətə xidmətə həsr etmiş xüsusi xidmət orqanlarının əməkdaşlarından, veteranlardan örnək götürərək əsl vətənpərvər olacaqlar”. Çıxışında ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açan Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurdum”. Ş.Süleymanov Ümummilli Liderin sadəliyini və qayğıkeşliyini xüsusi vurğulayıb. O, həmçinin qeyd etdi ki, Ulu Öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də yetişməsinə çalışır, bütün sahələrlə maraqlanır, Azərbaycanın, xalqımızın inkişafı üçün əlindən gələni edirdi. O, Ümummilli Liderin apardığı əməliyyatların o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan olduğunu bildirdi. Digər çıxış edənlər təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirildiyini, Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilidiyi diqqətə çatdırıblar. Hər bir azərbaycanlının xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı olduqlarını ölkəmizin inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli olduqlarını vurğulayıblar. Tədbirin sonunda "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin bir qrup əməkdaşı Respublika Veteranları Təşkilatı tərəfindən yubiley medalı və fəxri fərmanla təltif ediliblər. Xatirə şəkli çəkdirib.

Hamısını oxu
“Hərbi Prokurorluğun orduda Heydər Əliyev irsini təbliğ etməsi alqışlanmalıdır”

Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib.  Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib:  “Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir.  Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub.  Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu