Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev dünya azərbaycanlılarına müraciət etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

2020-12-29 00:00:00
3543 baxış

Digər xəbərlər

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib

Quba, 25 fevral, Göyçək Mahmudlu, foto Azər İbrahimov, AZƏRTAC Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub. Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla şəkil çəkdirib. Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn edilib. Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı anti-Azərbaycan paylaşımı ilə bağlı etiraz bəyanatı yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp  tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək. Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının  bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır. Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər. Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü. 20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək. Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir. Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir. Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir. Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir. Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.   Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı İsmayılov Bəhmən Teymur oğlu vəfat edib. Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində anadan olub. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olan Bəhmən İsmayılov, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini başa vurub. 1942-ci ilin sentyabrında cəbhəyə yollanan Bəhmən İsmayılov Xarkov uğrunda gedən döyüşlərdə yaralanmış, 1943-cü ildə II qrup əlili kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Bəhmən İsmayılov çoxlu sayda orden və medalla təltif edilmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteramları Təşkilatının Rəyasət Heyəti Bəhmən İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu