Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Bir azərbaycanlının qəhrəmanlığı, bir imperiyanın susqunluğu...

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur.  O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”
Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır.

 

Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-04-24 12:56:08
3986 baxış

Digər xəbərlər

Veteran Fərrux Baxışov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 7, m 11-də məskunlaşan veteran Baxışov Fərrux Ağasəf oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşkilatın sədri polkovnik Cəlil Xəlilova ünvanlanan məktubda deyilir: “Hərmətli sədr! Mənə göstərdiyiniz diqqət və köməkliyə görə sizə səmimi təşəkkürümü bildirirəm. Qəbul zamanı müraciətimə operativ və məsuliyyətli yanaşmağınız nəticəsində üzləşdiyim çətinlik müsbət şəkildə həllini tapdı. Veteranlara göstərdiyiniz qayğı və diqqət yüksək qiymətə layiqdir. Göstərdiyiniz köməkliyə görə bir daha minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağında 2023-cü ildə görülən işlər müzakirə edilib

Yığıncaqda 2024-cü il üzrə fəaliyyət planı da müzakirə olunub Veteran.gov.az xəbər verir ki, 27 dekabar 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2023-cü il üzrə fəaliyyəti barədə hesabat verib, son bir il ərzində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdrıb. Yığıncaqda həmçinin Təşkilatın 2024-cü il üzrə nəzərdə tutulan fəaliyyət planına toxunulub,  tədbir iştirakçıları bu barədə məlumatlandırılıb.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Şərəfli Yolun Sonu Zirvədir Şəhid polkovnik Babək Səmidlinin həyat və qəhrəmanlıq dastanı

Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi.             Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan  illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik        

Hamısını oxu
“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqındakı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, öz qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz bir parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak etmiş, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləmişdir. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali  hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır. Azərbaycan İkinci Dünya müharibəsində öz təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak etmişdir.  Məhz Bakı nefti faşizm üzərində qələbənin əldə edilməsinə həlledici təsir göstərmiş, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi ldierləri tərəfindən etiraf edilmişdir. Xalqımızın qəhrəman övladları müharibə dönəmində ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləmişdilər. Bu baxımdan cənab Prezidentin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı göstərir ki, dövlət başçısı İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşı, onların sosial rifahını daim diqqət mərkəzində saxlayır. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir, minətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və koordinasiyalı fəaliyyət nəticvəsində bugünə qədər xeyli sayda itkin soydaşımızla bağl məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq. İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı.  Nəticədə, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”.  

Hamısını oxu