Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Naxçıvandakı təlimlər düşməni lərzəyə gətirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev müsahibə verib. Publika.az müsahibəni təqdim edir. - Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsayı müzakirələrə səbəb oldu, eləcə də işğalçı Ermənistan tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiymətləndirərdiniz? - Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masştabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqləndi. Bu baxımdan, dünyanın diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirdi. Diqqət yetirsək görərik ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vasitələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyanın da diqqətindən kənarda qala bilməzdi. Çünki bu gün qardaş Türkiyə deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən öndə gedən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyanın müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik. O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə söz sahibinə çevrilib və bu faktor özünü barəsində danışdığımız hərbi təlimlərlə də isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində hələ də işğal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işğalçı siyasətini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratmır. Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu uğursuz taktika nəticəsində erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu. Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüşdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz önündə gedərək, onları düşmənlə döyüşə ruhlandırdılar. Bu döyüşlərdə şəhid olmuş general-mayorumuz Polad Həşimovun peşəkar ali rütbəli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmlə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbəttə ki, labüddür, reallıqdır. Polad Həşimov kimi generalımızın timsalında göstərilən qəhrəmanlıq şücaəti hər bir əsgərimizə, hər bir zabitimizə, eləcə də bütün dünyaya göstərilən danılmaz örnək, inkaolunmaz nümunədir. Söz yox ki, bütün bunların müqabilində, yəni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistanın isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiyə dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilməzdilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkildə lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri işğalçı Ermənistana sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşıdurma yaşanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistan dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə, bütün cavabdehlik, məsuliyyət birmənalı olaraq işğalçı ölkənin rəhbərliyi üzərinə düşür. - Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitərəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir? - Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici işlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüşlər keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir. Daha bir faktor isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Ancaq o da kimsəyə sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir, eyni zamanda, işğalçı Ermənistan bu qaçılmaz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyevin keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da artırılacağı və bir nömrəli tərəfdaşı olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədirlər. - Məhərrəm müəllim, Ermənistanın ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdlər göstərməklə yanaşı, qondarma “DQR”ə rəhbərlik edən şəxs də bugünlərdə “Gəncəni vurmaq” tipli fikirləri ilə gündəmə gəldi. Sizcə, bu cür bəyanatları verərkən onlar nəyə, yaxud hansı güclərinə arxalanırlar? - Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindirsə, danışmaq bir o qədər asandır. Hesab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərlə gündəmdə qalmaq səyləri daxili publikaya hesablanmış növbəti uğursuz cəhddir. Onlar sadəcə danışırlar və eyni zamanda, onlar həmin işğalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürürdülər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabların aldılar. Ancaq buna baxmayaraq, sonrakı zamanda aldıqları ağır məğlubiyyətlərini, çoxsaylı tələfatlarını, itirilmiş işğal altındakı əraziləri, yüksəklikləri xalqdan gizlətməkdən ötrü daha kəskin hərbi ritorika ilə hədələr yağdırmağa, yalanlar danışmağa başladılar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistanın hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, ampluasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndərməkdədirlər. Bu gün işğalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütləsi öz rəhbərinə inanmır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dalana dirənməsini, acizliyini də göstərə bilərik. Belə danılmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sığmır. Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəhbərliyi heç vaxt verdikləri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cürət edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərəfimizdədir.

2020-08-18 00:00:00
3496 baxış

Digər xəbərlər

Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
“Vikipediya Elektron Ensiklopediyasında şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmənin yaradılmasını alqışlayıram”

 “Bu gün sülhdən danışırıqsa, o demək deyil ki, dünənimizdəki erməni vəhşilikləri haqqında susmalıyıq”  Elman Məmmədov: “Erməni faşizmini ifşa etmək üçün hər bir imkandan istifadə etməliyik”  Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb. Bölmədə mərhum jurnalistlə bağlı bir çox vacib məlumatla yanaşı, onun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı informasiya da öz əksini tapıb. Moderator.az-a açıqlamasında erməni vəhşilikləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini bildirən millət vəkili Elman Məmmədov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlum təşəbbüsünü alqışladığını qeyd edib:  “Ermənilərin xalqımızın başına gətirdiyi vəhşilikləri, soyqırımlarını daim yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ermənilərin kimliyi, qəddarlığını, faşistliyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün hər bir imkandan istifadə etməliyik. Ermənistanla müharibənin bitib-bitmədiyi, onlarla münasibətlərimizin yaxşılaşıb-yaxşılaşmamasının bu məsələyə aidiyyatı yoxdur. Heç kim güman etməsin ki, bu gün Ermənistanla sülhdən danışırıqsa, onların elədikləri vəhşiliklər unudulmalı, bu barədə danışılmamalıdır. Xeyr! Kim belə düşünürsə, səhv edir. Bu məsələ daim gündəmdə olmalıdır.   Ermənilərin sovet dönəminin ilk illərində Orta Asiya dövlətlərində törətdiyi vəhşiliklər hamıya məlumdur. Bunu özbək xalqı da, qazax xalqı da, türmən xalqı da bilir. Onlar da bilir ki, ermənilər bolşevik adı ilə Orta Asiyada nə qədər günahsız insanı qətlə yetiriblər. Bunlar heç vaxt unudulmamalıdır. Bu baxımdan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaratmasını alqışlayıram. Bu, həm xalqımızın fədakar ziyalılarının dünyaya tanıdılması, həm də erməni vəhşiliyinin ifşası baxımıdan mühüm əhəmiyyətə malikdir. Mən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə atdığı addımları təqdir edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV

Hamısını oxu
TƏBİB 1500 təcili yardım maşını alır, tibb sektoruna böyük kadr cəlb edilir - yeni savaş iddiaları...

Ekspertlər müharibənin olmayacağını deyir, amma təcili yardım maşınlarının yenilənməsini vacib sayırlar “Paytaxt və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyə kimi tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib: “Bugünlərdə ölkə başçısına təqdim edilən ”Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq". Bu açıqlamadan sonra sosial şəbəkələrdə “TƏBİB 1500-ə yaxın təcili yardım sifariş edib. Yenə böyük müharibə ehtimalı var” kimi iddialara da rast gəlinir. Bu iddiaları gücləndirən səbəblərdən biri də ölkənin səhiyyə sisteminə tibb personalı cəlb edilməsi ilə bağlı çoxsaylı elanlardır. Həmin elanlarda tibb bacıları və tibb qardaşları axtarıldığı bildirilir, bundan əlavə, yararlı könüllülər, vətəndaşlar işə dəvət olunur. Üstəlik, iki il öncə bitmiş Vətən müharibəsindəki zəfərimizi sülh müqaviləsi vasitəsilə Ermənistana qəbul etdirməmizdə də ciddi problemlər yaşayırıq. Bu sahədə bütün proseslər və danışıqlar dalana dirənib. Çoxsaylı ekspertlər hərbi zəfərimizin siyasi fakta çevrilməsi üçün yenidən güc tətbiqini qaçılmaz sayırlar. Qarabağda cərəyan edən hadisələr də müharibə versiyasını və bu barədə iddiaları gücləndirir. Odur ki, hər kəs əlamət axtarır. TƏBİB rəhbərinin dedikləri isə savaş iddialarını gücləndirən detal kimi qəbul olunub. Bəs əslində məsələnin mahiyyətində nə dayanır? Azərbaycan səhiyyə sisteminə milyonlarla yatırımı nə üçün qoyur?  Ekspertlərdən biri ‘’Yeni Müsavat’’ın müxbirinə deyib ki, İkinci Qarabağ müharibəsi zamanı, habelə postmüharibə dövründə xeyli sayda təcili tibbi yardım maşınlarımız sıradan çıxıb, köhnəlib. Habelə, elə rayonlar var ki, orada çağırışa həkimlər hələ də 70-80-ci illərin istehsalı olan furqon QAZ-24-lə gedirlər. Fakt budur ki, TTY maşın parkı çox köhnə idi, yenilənməsi zəruri idi. O zaman aydınlaşdırmağa çalışdıq -  bizi müharibəmi, yoxsa keyfiyyətli tibbi xidmətmi gözləyir? 1500 təcili tibbi yardım maşını nə üçün alınır?  Cəlil Xəlilov Ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini, dosent Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin müharibə ilə heç bir əlaqəsi yoxdur: “Müharibə dövründə bütün hərbçilərimiz tam olaraq tibbi ləvazimatlarla, maşınlarla təmin olunmuşdu. Onların ehtiyat imkanları da genişdir. Sadəcə, insanların sağlamlığına TƏBİB tərəfindən diqqətin artması müşahidə olunur. Həm də avadanlıqlar müasirləşdirilir. O avtomobillərin çoxu köhnəlib, uzun müddət işlədilib, indi müasir avtomobillərin içərisində lazımi tibbi avadanlıqlar təchiz edilir. Bir çox hallarda tibb personalı tıxac səbəbindən xəstəxanaya yetişə bilmir. Yəni avtomobilin içərisində  onlara müəyyən yardımlar göstərilir ki, insan sağlamlığını qoruya bilsinlər. Hətta içərisində əməliyyat etmək imkanı olan avtomobillər də var.  Lazımdırsa, bu cür avtomobillər alınacaq.  Prezident son zamanlar səhiyyə sahəsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən atılan bu addımlar olduqca təqdirəlayiqdir. Bunun da xeyrini xalq hiss edəcək. Fikrimcə, burada başqa məqsəd yoxdur”. Ekspert yaxın gələcəkdə müharibənin olub-olmayacağı ilə bağlı deyilənlərə belə fikir bildirib: “Laçın dəhlizində Azərbaycan dövlət qurumları, DİN, DTX, Dövlət Nəzarət Məntəqəsi yaradılmalıdır. Laçın dəhlizində separatçıların, erməni qanunsuz hərbi birləşmələrinin fəaliyyətinə son qoyulmalıdır. Qeyri-qanuni olaraq Azərbaycan sərhədlərindən keçib terror aktları törətməyə cəhd edənlərin qarşısı alınmalıdır. Azərbaycan Prezidenti bütün imkanlardan istifadə edir. Diplomatik imkanlardan, beynəlxalq təşkilatların gücündən istifadə edir, dünyanın aparıcı ölkələri ilə danışıqlar aparır, dövlət maraqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, təbii ki, bu məsələlər də həllini tapmalıdır. 30 il bütün beynəlxalq təşkilatlar arasında, xarici dövlətlər qarşısında təkliflər verdik. Birləşmiş Millətlər Təşkilatı qərarlar qəbul etsə də, yerinə yetirmədi. Amma Azərbaycan bunun öz yolunu tapdı. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir ki, onların qərarının icra mexanizmini biz tapdıq. Əgər təkliflər verilirsə, bunu icra etmirlərsə, yenə təxribatlar törədirlərsə, terror aktları törədirlərsə, cavabını Azərbaycan dövləti verəcək. Azərbaycanın buna imkanları var, Azərbaycan güclü orduya malikdir. İqtisadi imkanlara malikdir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edirsə, bizim pasportumuzu daşıyırsa, burada yaşamaq arzusu varsa, onlar üçün də qapı açıqdır. Amma dinc yaşasınlar, ərazi iddialarına düşməsinlər. Təbii ki, bunlar yerinə yetirilmədikdə Azərbaycan məcburdur hərbi gücü ilə bu məsələləri həll etsin. Hələ danışıqlar davam etdirilir. Xarici dövlətilər, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər, təkliflər verirlər. Yəqin ki, bu, prosesə öz təsirini göstərəcək. Sülh şəraitində bu məsələlər həll olunacaq. Delimitasiya və demarkasiya məsələsi həll olunacaq. Dəhliz də açılacaq. Bu, beynəlxalq tələblərdir. Bu, təkcə Azərbaycanın tələbi deyil. Bu, beynəlxalq hüquq normalarıdır ki, qonşu dövlətləri də buna riayət etməlidir".

Hamısını oxu
Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır

Hamısını oxu