Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Ağaşirin Cəfərov - Qəhrəmanlıq Rəmzi

80 il əvvəl - 1945-ci ildə II Dünya Müharibəsi sona çatdı. Bu müharibə insanlıq tarixinin ən qaranlıq və ən ağrılı dövrlərindən biri olaraq, milyonlarla həyatın itirilməsinə, ölkələrin çökməsinə və insanların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb oldu. II Dünya Müharibəsi yalnız bir döyüşlər silsiləsi deyil, eyni zamanda insanlığın özünü sınadığı və təkrar dəyərləndirdiyi bir prosesdir. 1939-cu ildən 1945-ci ilə qədər davam edən bu müharibə bütün dünyaya bir daha göstərdi ki, hər bir insanın azadlıq və yaşamaq hüququ müqəddəsdir və bu hüquqların pozulması cəmiyyətləri qaranlıq bir gələcəyə sürükləyə bilər. Müharibənin ilk illərindəki üzücü anlar, faşizmin və nasizmin Avropada yayılmasına, milyonlarla insanın məhv öldürülməsinə, həmçinin təbii resursların məhv olmasına qısacası böyük fəlakətlərə səbəb oldu. Lakin bu müharibə həm də müqavimət, döyüş və ümidin simvoluna çevrildi. Biz bu müharibənin bitməsinin 80-ci ildönümündə tarixə necə yanaşmalı olduğumuzu, keçmişdən hansı dərsləri öyrənməli olduğumuzu düşünməliyik. Bu müharibənin təbii olaraq Azərbaycanda da dərin izləri qalmışdır. Həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də müharibə iştirakçılarının həyatlarının şiddətini və çətinliyini yaşamaqla biz bu kədərli tarixə qarşı məsuliyyət daşıyırıq. Şəhidlərimiz və qazilərimiz bizə keçmişin ağırlığını, hər bir ailənin müharibə dövründə çəkdiyi əzabı, hər bir insanın itirdiyi həyatın dəyərini anladır. Ağaşirin Cəfərov kimi şəxsiyyətlər bizə göstərir ki, müharibənin əzabları yalnız müharibə meydanlarında deyil, həm də gündəlik həyatımızda özünü göstərir. Onların fədakarlığı, cəsarəti və mübarizəsi bu günümüzə işıq salır, bizə insanların daha yaxşı gələcək qurmaq üçün necə mübarizə apardığını xatırladır.Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış bu igid döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun həyat və döyüş yolundan danışmaq böyük şərəfdir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklər içində keçsə də, vətənə və xalqa bağlılıq hissi onun xarakterində əsas yer tutmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. 1942-ci ilin noyabrında 51-ci ordunun tərkibindəki 416-cı Azərbaycan Milli Diviziyasında pulemyotçusu kimi döyüşə başlamışdır. Bu diviziya müharibə tariximizdə xüsusi yer tutur. çünki tərkibi əsasən azərbaycanlılardan ibarət idi və igidlərimiz burada böyük qəhrəmanlıqlar göstərmişdilər. Ağaşirin Cəfərov Melitopol yaxınlığında 1943-cü ilin oktyabrında aparılan döyüşlərdə göstərdiyi igidliklə yadda qalmışdır. Onun sərrast atəşi nəticəsində düşmənin 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, vacib yüksəklik azad olunmuşdur. Bu döyüşdə göstərdiyi rəşadətə görə 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, bu ad 416-cı diviziyada ilk dəfə məhz Ağaşirin Cəfərova verilmişdi. Bu cəsur döyüşçü müharibə zamanı üç dəfə yaralansa da ruhdan düşməmiş, sona qədər vuruşmuş, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra o, doğma kəndinə qayıdaraq kolxoz və kənd soveti sədri kimi çalışmış, daha sonra Bakıda  Neft-qazma idarəsində əmək fəaliyyətini davam etdirmişdir. Sakit və zəhmətkeş həyatı ilə də nümunə olmuşdur. 3 may 1984-cü ildə dünyasını dəyişən qəhrəmanımız Neftçala şəhərinin İsmilli aramgahında dəfn olunmuşdur. Bu gün onun adı Neftçala rayonu Astanlı kənd tam orta məktəbinə verilib. Şəhər parkında onun büstü, bir küçədə isə adı əbədiləşdirilib. Bu təkcə bir insanın xatirəsinə deyil, bir xalqın qəhrəmanlıq irsinə hörmətin təzahürüdür. Ağaşirin Cəfərov kimi qəhrəmanların xatirəsi yaşadıqca bizim milli ruhumuz, vətənpərvərliyimiz və tariximiz də yaşayacaqdır. Onların şücaəti bugünkü gənclər üçün örnək, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik dərsidir. Qəhrəmanlarımızı unutmayaq!  Onları daima yad edək və xatırlayaq!

 

                        Cəlil Xəlilov    Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-04-25 13:15:49
3818 baxış

Digər xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Hamısını oxu
Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı.   Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram. Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk. Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun. Sizi Rusiyada görməyə hər zaman şad olaram. Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm

Hamısını oxu
Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə görüşüb

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında görüş

27 aprel 2017-cı ildə RVT-nin inzibati binasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci Dünya Müharibəsi veteranları ilə görüşü keçirilmişdir. Görüşdə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri və Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş, həmçinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Yaxın vaxtlarda tərəqqipərvər bəşəriyyət İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü qeyd edəcək. Belə bir ərəfədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun bir qrup İkinci dünya müharibəsi veteranı ilə görüşə gəlməsi bizim üçün çox xoşdur. Respublika Veteranlar Təşkilatı yarandığı gündən öz işini Azərbaycanın dövlət orqanları, ictimai təşkilatları ilə sıx əlaqədə qurmuşdur. Bu baxımdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bizim əlaqələrimizin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyətin xüsusən 2 istiqaməti hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Bunlardan birincisi müharibə veteranları, əsasən İkinci Dünya Müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət istiqamətidir. İkincisi isə gənclərin, xüsusilə çağrış yaşında olan gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətidir. Sevindirici haldır ki, hər iki istiqamətdə müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim bizim fəaliyyətmizə dəstək olmuşdur. Bugünki görüşün baş tutması da qeyd olunanlara əyani sübutdur. Ancaq təbii ki, bu sahələrdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər, birgə keçirəcəyimiz tədbirlər çoxdur. İnanırıq ki, növbəti illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatı bu istiqamətlərdə qarşılıqlı fəaliyyət imkanlarından daha səmərəli istifadə edəcəklər. Bu böyük işdə hamınıza uğurlar arzulayıyıram. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünü münasibətilə ilə veteranları təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzuladı. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu bir vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu gün Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünki görüşün başlıca məqsədinin də məhz bu olduğunu bildirdi. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimov İkinci dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhvələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışdı. Sonda İkinci dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğuladı. İkinci dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya görə və general-leytenant cənab Arzu Rəhimovun onlarla görüşə gəldiyi üçün veteranlar adından təşəkkrlərini çatdırdı. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov vaxt tapıb veteranlarla görüşə gəldiyinə və onlara verilən bayram hədiyyələrinə görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimova bir daha veteranların və öz adımdan minnətdarlığını bildirdi.  

Hamısını oxu