Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

2021-05-09 00:00:00
3261 baxış

Digər xəbərlər

General sözü – Mustafa Nəsirovun 100 illiyinə!

Yadımdadır, bir neçə il əvvəl qışın oğlan çağında Neftçala təlim-tədris mərkəzində ezamiy-yətdə olarkən vaxtsız gəlişimizlə Ramazan Müslümovu çıxılmaz vəziyyətdə qoymuşduq. Mehmanxanaya getmək, yer tapmaq çətin idi. Onda Ramazan müəllim qeyd etdi ki, dünən Mustafa Nəsirov burada idi. Nə qədər etdim, nə evə getdi, nə də mehmanxanaya. Kabinetə əsgər çarpayısıqoydurdu və burada da gecələdi.   O sözdən sonra bizim gecələmək üçün başqa yerə getməyimiz insafdan olardımı? Mustafa Nəsirov yeganə azərbaycanlıdır ki, keçmiş SSRİ Sərhəd Qoşunlarında general rütbəsinədək yüksəl­mişdir. Onun haqqında çox yazıblar. Yazıçılarla, jurnalist­lərlə maraqlı həmsöhbət olan Mustafa Cəfər oğlunun zəngin tərcümeyi-halı hələ çox-çox məqalənin, kitabın mövzusu olacaq. Taleyini sərhədə bağlayan gənc zabitlər bu maraqlı şəxsiyyətin keçdiyi yolu izləməli və ondan çox şey öyrənməlidirlər.   1921-ci ildə qədim Dərbənddə dünyaya göz açan M.Nəsirov doğma yurdu böyük ürək sevgisi ilə anır, Dərbəndin qədim tarixi, Azərbaycan xalqına verdiyi böyük şəxsiyyətləri, tarixi abidələri və adamları haqqında məhəb­bətlə danışır. Valideynlərini qeyri-adi yeniyetmə sevgisi, övlad yanğısıyla xatırlayan ağsaçlı Mustafa müəllim deyir: “Atam qulluqçu idi, halal zəhməti ilə ailəmizi dolandırırdı. Anam isə dindar qadın kimi mehrini övladlarına-ailəsinə salmışdı və bizləri savadlı görmək istəyirdi. Atam “Hümmət” təşkilatının fəal üzvü və ideya adamı idi. Çox təəssüf ki, həyatdan erkən köçdü. Həyat bizi sındıra bilmədi. Anamın arzusu məni müəllim görmək idi. Mənə elə gəlir ki, məhz onun xeyir-duası, verdiyi halallıq ilə bu mərtəbəyə yetişmişəm”...   Dərbənddə ilk pedaqoji təhsil alan Mustafa Nəsirov bir müddət işlədikdən sonra təhsilini davam etdirmək üçün Mahaçqalaya gedir. 1938-ci ildə təhsilini bitirən gənc Mustafa pedaqoq kimi çalışır. Daim Azərbaycan tarixini, ədəbiyya­tını öyrənir. Zəngin və qədim tarixi olan Oğuz yurdu, Dəmir qapı - Dərbənd haqqmda çox şey öyrənməyə çalışır. İkinci cahan savaşı zamanı Mustafa Nəsirov səfərbərliyə alınıb Moskva ətrafında düşmənlə üz-üzə gəlir. Fiziki cəhətdən hazırlığı, geniş dünyagörüşü diqqəti cəlb etdiyi üçün 1942- ci ildə Mustafa Nəsirovu Saratov Sərhəd İnstitutuna göndərirlər. Ölkədə müharibə getdiyi üçün üç illik kursu doqquz aya başa vurur. Gərgin şəraitdə keçirilən proqramı mənimsəmək asan deyildi. Mustafa Cəfəroğlu bu imtahan­dan əla və üzüağ çıxır. Onu Orta Asiya Sərhəd Dairəsinin sərəncamına göndərirlər. Pedaqoq-müəllim, döyüşçü Mustafa Nəsirov sərhədçi zabit olur. General xatırlayır: “Oş şəhərində qulluq edərkən şəxsi heyətimiz dörd nəfərdən ibarət idi. Burada bir müddət xidmət etdikdən sonra Frunze şəhərində yerləşən XDİK Qoşunlarının komendantı oldum. O dövr üçün bu çox məsul vəzifə idi. Nədənsə oxumaq, öyrənmək həvəsi məni rahat buraxmırdı. Odur ki, Qırğızıs­tan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Heç bilmirdim ki, nəyə görə müəllimlik məni özünə bu qədər çəkir? Müharibədən sonra ordudan tərxis olunmaq istəyirdim. Deyirdim ki, Vətən qarşısında borcumu yerinə yetirmişəm. Ən böyük arzum Dərbəndə qayıdıb müəllim işləmək idi. Xatirimdədir, müharibədən sonra keçmiş SSRİ Ali Sovetinin müəllimləri ehtiyata buraxmaq haqqında fərmanı da çıxmışdı. Sərhədçi kadrların azlığından mənimtərxis olunmağım problemə çevrilmişdi. Müraciət etməyimə baxmayaraq, səyim nəticəsizqaldı. Bir zabit kimi rəhbərlik mənim işlərimdən çox razı idi. O zaman polkovnik Yeqorov mənə məsləhət bildi ki, sənədlərimi Frunze adına Akademiyaya verim. Əgər imtahanlardanqeyri-müvəffəq qiymət alsam, məni ehtiyata buraxacaqdılar. Odur ki, deyilən kimietdim. Tarixdən, coğrafiyadan “əla” aldım. Ali təhsilli bir müəllim kimi bu fənlərdən aşağı qiymət almağı şənimə sığışdırmadım. İmtahan götürən müəllimlər çox razı qalmışdılar. Onda taktikadan kəsilmək lazım idi. Bu da alınmadı. Heç taktikadan əməlli-başlı soruşmadılar da.Qeyd etdilər ki, ali təhsilli gənc əvvəlki imtahanlardan müvəffəq qiymət alıb. Taktikanı Akademiyada dörd il oxuyan zaman öyrənəcək. Beləliklə, istəmədən, “zorən” ilkazərbaycanlı sərhədçi zabit kimi Frunze adına Akademiyanın müdavimi oldum. Geriyə yol yox idi. Təhsil illərində çalışırdım ki, hərb elminin sirlərinə yiyələnim. Odur ki, taleyimi bağladığım bu sahədən bir daha ayrılmayacağıma söz verdim”…   Mustafa Nəsirov Frunze adma Akademiyanı bitirən ilk azərbaycanlıdır. Akademiyanı bitirdikdən sonra M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsinə göndərilir. O zaman Azərbaycan Sərhəd Dairəsi indiki “Cənub” mehman­xanasında yerləşirdi. Burada Mustafa Nəsirovdan başqa ali hərbi təhsilli Çerkasenko familyalı bir polkovnik də var idi. Azərbaycan Sərhəd Dairəsində nizam-intizam məsələsinə çox ciddi fikir verilirdi. Əsl məqam yetişmişdi. Akademiya təhsilli M.Nəsirov təşəbbüsü ələ alaraq mühazirələr oxuyur, xidməti işin təşkilində yüksək peşəkarlıq nümayiş etdirirdi. Bütün çıxışlar zabitlər tərəfindən rəğbətlə qar­şılanırdı. Bununla yanaşı, qərargahın işində, təşkilində dönüş yaratmaq, yaradıcı əhval-ruhiyyəni yüksəldib, nəzərəçarpacaq nöqsanları aradan qaldırmaq lazım idi.   Azərbaycan Sərhəd Dairəsi Sədərəkdən Krasnovodskiyə qədər böyük bir sahəni mühafizə edirdi. Burada xidmət işinə yeni aspektlərlə yanaşmaq lazım idi. Sərhəd Qoşunlarına xas olan bütün keyfiyyətlər sanki unudulmuşdu. Sovet ordusunun quru qoşunlarına aid bütün taktiki gedişlər eyni ilə Sərhəd Qoşunlarına tətbiq olunurdu. General deyir: “Axı, sərhəd naryadının, “Axtarış” və “Həyəcan” qrupunun tapşırıqları başqadır! Sərhəd naryadı - baxış zamanı bir- birinin ləpiri ilə addımlamalı, sakitcə hərəkət etməli, dərindən müşahidə aparmalıdır. ”.   Odur ki, müəyyən mülahizələri işləyib qoşun rəisinə məruzə edən M.Nəsirovun ilk cəhdi alınmadı. Azərbaycan Sərhəd Dairəsinin qoşun rəisi general M.A.Eysmond “Bu mülahizələri Moskvaya yazası olsan gərək bütün təfsilatı ilə izah edəsən, inandırasan” - dedi. M.Nəsirovun müştərək müəlliflik ideyası da qəbul edilmədi, amma material yenidən işləndikdən sonra “Poqraniçnik” jurnalında dərc olundu. Yalnız 1956-cı ildən sonra M.Nəsirovun irəli sürdüyü ideyalar öz müsbət həllini tapdı.   1950-60-cı illərdə keçmiş SSRİ Sərhəd Qoşunlarının qar­şısında çox mühüm vəzifələr dururdu. İkinci cahan savaşından qalibiyyətlə çıxan sovetlər ölkəsi sosializm düşərgəsi yaradaraq sərhədlərinin təhlükəsizliyini xeyli yaxşılaşdırmışdı. Sovet hökuməti özünü kapitalist ölkələrindən mühafizə etmək üçün sərhədlərdə mühəndis- istehkam qurğularım təkmilləşdirir, əməliyyat-axtarış, kəşfiy­yat, əks-kəşfiyyat işinə xüsusi diqqət yetirirdi. Qərbdən - sosializm birliyi ölkələrindən qorxu hiss etməyən SSRİ Finlandiya ilə quru, Norveçlə dəniz sərhədini güclü mühafizə edirdi. Uzaq Şərqdə - Yaponiya və Çin Xalq Respublikası ilə sərhədə də elə bir təhlükə görmürdülər. Əfqanıstan sərhədində də ciddi narahatçılıq keçirməyə elə bir əsas yox idi. Əsas cənub istiqamətində İran və Türkiyə ilə sərhədləri hərtərəfli qorumağa üstünlük verilirdi. Bu barədə general Mustafa Nəsirov qısaca şərh verir: “İran və Türkiyə ilə sərhəddəki vəziyyət əməliyyat baxımından çox mürəkkəb idi. İranın şimalında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardır. Elə kəndlər var ki, sərhəd onları yan bölüb. Qohum-qardaş yan cənubda, yan şimaldadır. Üstəlik 1946-cı il İranda baş verən Pişəvari hərəkatından sonra çoxlu cənublu şimala üz tutub. İstər İran, istərsə sovet hökuməti bunu ciddi nəzarətə götürmüşdü. Sərhədboyu tikanlı məftil­lər, əlavə qoruyucu qurğular yerləşdirilmişdi. Əməliyyat şəraiti gücləndirildiyindən ən xırda detal da nəzarətdə idi. Bir də ki, üçüncü dövlətin casus-təxribatçı qüvvələri bu sahələr­dən sovet ittifaqına qarşı istifadə edə bilərdilər. İran SENTO- nun, Türkiyə NATO-nun üzvü idi. Üstəlik, Amerikamn və digər inkişaf etmiş Qərb ölkələrinin İranla, Türkiyə ilə əla­qəsi möhkəm olduğundan cənub cinahında güclü ordu saxlayan keçmiş sovet dövləti sərhəd xidmətində azərbaycanlılara o qədər də etibar etmirdi. Düzdür, o zamana qədər sərhəddə az-çox azərbaycanlı gözə dəyirdi, amma 60- cı illərdən sonra vəziyyət xeyli dəyişdi. Yavaş-yavaş azərbaycanlıları həkim, mühəndis, baytar, maliyyə, texnik vəzifəsinə qəbul etməyə başladılar. Bu kadrlar ehtiyatda olan zabitlər idilər”.   Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. Generallığa doğru gedən yol on ilə qədər çəkib. Həmişə xidməti ilə sayılıb-seçilən Mustafa Cəfər oğlunun ürəyi xalqı ilə bir olub. General M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunub. Bu məsul vəzifəni vicdanla, şərəflə yerinə yetirən Mustafa Nəsirov Sərhəd Qoşunlarında yüksək nizam-intizam, əməliyyat-döyüş hazırlığının təkmilləşməsinə çalışıb. Araz çayı üzərində tikilən su elektrik stansiyası və bəndin inşası zamanı səlahiyyətli və xüsusi imtiyaza malik sərhəd nümayəndəsi kimi ortaya çıxan problemlərin aradan qaldırılması üçün çox iş görüb. Söhbət əsnasında general onu da bildirdi ki, daim çalışıb ki, istedadlı, hərb işinə can yandıran azərbaycanlılar bütün çətinliklərə baxmayaraq sərhəddə xidmət etsinlər. General deyir: “Hər dəfə gənc zabitləri qəbul edərkən onlara məsləhətlə bildirirdim ki, yeni xidmət sahəsində tələsməsinlər. Azərbaycanlıları daha çox əməliyyat işlərinə cəlb edirdilər. Amma şəxsi heyətlə işləyənlərin akademiyaya qəbul olunmaq şansları çox olur. Mən xalqımızın əsgər və zabitlərə göstərdiyi diqqət və qayğını həmişə görmüşəm. Lakin gənclər hərbi xidmət zamanı əsasən inşaat işlərinə, nə bilim, yüngül sahələrə meylli olurdular. Bu narahatçılıq doğururdu”.   1969-cu ildə respublika rəhbərliyinə Heydər Əliyevin gəlişi ilə həyatın bütün sahələrində olduğu kimi hərb işində də keyfiyyət dəyişikliyi baş verdi. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin seçilib ölkənin ali hərbi məktəblərinə göndərilməsi çox mühüm əhəmiyyət, böyük siyasi məna daşıyırdı. Təhsil almağa gedən gənclərin hamısı imtahanlardan çox uğurla çıxırdılar. İndiki yüksək çinli zabitlər o dövrün yetirmələridir. Sərhədçi zabitlərin bütün problemləri həmişə Heydər Əliyevin diqqətində olub. İstər Naxçıvan, istərsə də Göytəpə Sərhəd Dəstəsində tikilən inzibati və yaşayış binaları sərhədçilərə və onların ailələrinə gözəl hədiyyə olub.   Azərbaycan özünün müstəqilliyini əldə edəndən sonra qarşıda Sərhəd Qoşunlarının yaradılması kimi çox mühüm bir vəzifə dururdu. Rusiya Federasiyasının sərhədçiləri əlverişli şəraiti, hər cür rahatlığı olan bir diyardan getmək istəmirdilər. Amma sərhədi də mühafizə etmirdilər. Azərbaycanın strateji xammalı, varı-yoxu dağıdılırdı. Qaçaqmalçılıq baş alıb gedir, bir sözlə, anarxiya hökm sürürdü. Bu vəziyyətlə bağlı generalın fikrini bilmək olduqca maraqlı idi. Mustafa Cəfər oğlu siqaret yandınb tüstüsünü sinəsinə çəkdi. Bir xeyli fikrə getdi. Onun gözlərinin dərin­liyində acı bir kədər, təəssüf hissi vardı. Sanki ağrılı yerə toxunduğum üçün özüm də narahatçılıq hissi keçirməyə başladım. “Qoşun yaratmaq asan məsələ deyildi. Xüsusən Sərhəd Qoşunları özünün spesifik cəhətlərinə görə seçilir. Odur ki, sərhədlərə toxunmadan, mühəndis-istehkam qurğularını, rabitə sistemini dağıtmadan da Sərhəd Qoşunla­rım yaratmaq olardı. 1988-ci ildən başlayaraq sərhədlərdə baş alıb gedən özbaşınalıq Azərbaycan üçün baha başa gəldi. Sərhədi mühafizə qurğularına qətiyyən toxunmaq lazım deyildi. Bununla mərkəz o zaman azərbaycanlıları təxribata çəkirdi. Bizim fikrimizi nəzərə almırdılar. Sərhəddə xidmət edən bir şəxs kimi mən onun acı nəticəsini görürdüm. Hər şey dəqiq mexanizm ilə qurulmuşdu, bu qurğuların qiyməti ölçüyə gəlməz idi. Bəziləri məni qmaya bilərlər. Amma hər şey bizə - Azərbaycan xalqına, yeni qurulan Sərhəd Qoşun­larına qalırdı. Mən çox şadam ki, indi yavaş-yavaş o qur­ğuları bərpa edirlər. Qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Gediş-gəliş üçün nəzarət-bura­xılış məntəqələri var. Sağlam niyyətli adam dövlət sərhədini pozub keçməz. Tez-tez sərhəd dəstələrində oluram. Sərhəd Qoşunlarımızın günü-gündən formalaşdığını görəndə qürur duyuram.   Bu gün Sərhəd Qoşunlarında xidmət edən, onun yaran­masında rolu olan şəxslər prezident Heydər Əliyevin yarat­dığı məktəbin yetirmələridir. Tarixə həmişə nəzər yetirmək, ondan ibrət götürmək, öyrənmək lazımdır. Bilik­ləri daim artırmaq, öz üzərində çalışmaq hər bir sərhədçinin vəzifəsidir. Sərhəd Qoşunlarında adı hörmətlə çəkilən generallar - A.Novruzovun, İ.Allahverdiyevin, polkovniklər A.Əliyarovun, N.Qasımovun, F.Seyfullayevin, R.Canməmmədovun keçdiyi yolu gənclər öyrənməlidirlər”. General M.Nəsirov haqqında çəkilən sənədli filmlərdən, yazılan kitablardan danışmadıq. Eləcə, keçilən yollardan bəzi epizodları, xatirələr dolu kitablardan bir neçə yarpağı vərəqlədik: “Bir dəfə “Bakı-Astara” qatarında pasportsuz bir qadını saxlamışdılar. Altmış yaşı olardı. Lənkərana qızının evinə qonaq gedirdi. Sərhəd naryadına göstəriş verə bilmədim ki, onu buraxsınlar. Bir arayış gətiriləndən sonra qadmı yola saldılar. Mərkəzi Komitədə işləyən vəzifəli şəxsin sərhəd zonasma gəlməyə icazəsi yox idi. Oğul atanın yanına gəlmək üçün mütləq arayış gətirməli idi. Bax bir azərbaycanlı kimi bu mənim qəlbimi ağrıdırdı. Bu insanları məngənədə saxlamaq idi. Təhqir idi... Allaha şükür, həmin illər artıq keçmişdə qalıb. Bu gününsə qədrini bilməliyik”.   Mustafa Nəsirov istefaya çıxdıqdan sonra 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. Bu təşkilatın fəaliyyətinin daha da canlanması üçün var qüvvəsi ilə çalışmışdır.   Hər dəfə mötəbər tədbirlərdə Mustafa Nəsirovun çox fəal iştirakının şahidi olmuşuq. Ömrünün 45 ilini hərb işini elm bilib ona bağlanan general Mustafa Nəsirovun həyat yolu daim gənclərə örnək olacaqdır.   Bakı-1996   İlqar Quliyev   P.S. Ermənistanın xaincəsinə torpaqlarımızı işğal etməsi bütün xalqımızı üzdüyü kimi general-mayor Mustafa Nəsirova da ağır təsir etmişdi. Bir hərbçi kimi Mustafa müəllim torpaqlarımızın və sərhədlərimizin işğal altında olmasını heç cür qəbul etmirdi.   2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində erməni işğalçılarını darmadağın etdi.   Şanlı Azərbaycan ordusu xalqımıza qələbə sevincini yaşatdı. İndi işğaldan azad olan sərhədlərimizdə Sərhəd Qoşunlarımızın şəxsi heyəti öz xidmətlərini aparırlar. İkinci Qarabağ savaşında igid sərhədçilərimiz düşmənə layiqli, sarsıdıcı zərbələr endirdilər.   Bu gün xalqımızın ləyaqətli oğlu general-mayor Mustafa Nəsirovun ruhu çox şaddır. Çünki Qarabağımız azaddır, çünki işğaldan azad olan sərhədlərimizdə Azərbaycan bayrağı dalğalanmaqdadır.    

Hamısını oxu
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü münasibətilə növbədənkənar iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.   AƏRTAC xəbər verir ki, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.   İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi qeyd edilib. Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri çıxış edərək işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışa, həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını, beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.  

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

Hamısını oxu
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.  Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır. İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir. Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley”  komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır. Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir. Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir. Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.  Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu