Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Qələbənin 80 İlliyi və Azərbaycan Qadınlarının Cəsarəti

2025-ci il tarixə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi kimi daxil olur. Bu əlamətdar tarix təkcə bir müharibənin sonunu deyil, eyni zamanda minlərlə insanın o cümlədən Azərbaycan qadınlarının göstərdiyi qəhrəmanlıq və fədakarlığın rəmzidir. Bu gün biz təkcə silahla döyüşənləri deyil, həm də döyüş bölgələrində, hospitallarda, arxa cəbhədə çalışan cəsur qadınlarımızı minnətlə xatırlayırıq. Azərbaycan qadını tarix boyu mərdliyi, əzmkarlığı və vətənə sədaqəti ilə seçilmişdir. Böyük Vətən Müharibəsi dövründə isə bu xüsusiyyətlər bir daha parlaq şəkildə özünü göstərdi. Müharibənin başlanması ilə minlərlə azərbaycanlı qadın silaha sarıldı, cəbhəyə könüllü şəkildə yollandı, hospitallarda tibb bacısı və həkim kimi çalışmağa başladı, ərzaq təminatı, vətənpərvərlik ruhunun qorunması kimi mühüm işlərdə iştirak etdi. Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sərt sınaq yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində öz imzalarını atdılar. Onların arasında Katyuşa Mixaylova, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Simruk Hacıyeva, Pakiza Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Ahmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Azərbaycandan ilk hərbi həkimlər arasında isə Aliyə Rüstəmbəyova yer alırdı. Cəbhə bölgəsində olan bütün çətinliklərə o, cəsarətlə sinə gəlirdi. Bu cəsur qadınlardan biri də II Dünya Müharibəsi dövründə böyük fədakarlıq göstərmiş qəhrəman həkim Səfurə Məlikyeqanovadır. Səfurə xanım 1920-ci il aprelin 25-də Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusunda insanlara kömək etmək, onların sağlamlığının keşiyində durmaq istəyi var idi. Bu istəyin arxasınca gedərək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alır. Lakin o illər müharibə illəri idi. 1942-ci ildə artıq faşist Almaniyası SSRİ torpaqlarına hücum etmiş, döyüşlər qızğın bir mərhələyə keçmişdi. İnstitutunu bitirdikdən dərhal sonra Səfurə Məlikyeqanova könüllü olaraq cəbhəyə yollanır. 21 yaşında olmasına baxmayaraq, o, igidliklə döyüş bölgələrində xidmət edir. Müharibə dövründə tibb xidməti baş leytenantı hərbi rütbəsinə yüksəlmişdir. Onun döyüş yolu İkinci Ukrayna cəbhəsinin 94-cü qvardiya diviziyasının piyada batalyonundan başlayır. Diviziya komandanının əmri ilə batalyona həkim təyin olunan Səfurə xanım, döyüş bölgələrində kişilərə xas cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını xilas edir, onlara yerindəcə tibbi yardım göstərir. Kursk, Xarkov, Podolsk və Belqorod uğrunda gedən ağır döyüşlərdə iştirak edən Səfurə Məlikyeqanova bir dəfə yaralansa da, tezliklə qayıdır və fəaliyyətinə davam edir. Öz xatirələrində yazırdı: “Döyüşlər o qədər amansız idi ki, nə soyuğu, nə yorğunluğu, nə də yuxusuzluğu hiss edirdik.” Bu sözlər onun fədakarlığının, peşəsinə və vətənə bağlılığının bariz nümunəsidir. 1944-cü ildə o, Xarkov şəhərindəki hərbi hospitalda ordinator olaraq fəaliyyət göstərir. Müharibə bitmədən az əvvəl bir qrup qadın həkimlə birlikdə Moskva Hərbi Dairəsinə göndərilir. Daha bir il xidmət etdikdən sonra təxris olunur və doğma vətəni Bakıya qayıdır. Müharibə illərində göstərdiyi xidmətlərə görə Safura Məlikyeqanova “İgidliyə görə”, “1941-45-ci illər Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbəyə görə”, “Döyüş xidmətinə görə”, medalları ilə təltif olunmuşdur.  Bunlardan əlavə müharibədən sonrakı dövrdə  1947-ci ildə “döyüş xidmətlərinə görə” medalı, 1967-ci ildə “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı, 1980-ci ildə “2-ci dərəcəli Qırmızı Əmək Sancağı” ordeni, 1985-ci ildə “1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi” yubiley medalı və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeniylə təltif edilmişdir. Səfurə Məlikyeqanovanın müharibədən sonrakı fəaliyyəti də uğurlarla yadda qalmışdır. Bakıya döndükdən sonra Binəqədi rayonundakı 6 saylı tibb məntəqəsinə baş həkim təyin olunmuşdur. Ardından isə 39 saylı poliklinikada baş həkim vəzifəsində çalışmışdır. Yaşadığı rayonun siyasi həyatında da fəal şəkildə iştirak edən Səfurə Məlikyeqanova Şəhər Sovetinə bir neçə dəfə deputat seçilmişdir. Binəqədi Rayon Qadınlar Şurasının sədri kimi fəal iş aparmışdır. Səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar həkim” fəxri adlarıyla təltif edilmişdir. Səfurə xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü, iradəli və vətənpərvər olduğunu bir daha görürük. Qələbənin 80 illiyi münasibətilə biz bu igid qadınların adlarını qürurla xatırlayır, onların fədakarlığını ehtiramla yad edirik. Bu tarix həm də gənc nəsil üçün bir çağırışdır. Vətən sevgisi, cəsarət və əqidə hər bir dövrdə aktuallığını qoruyan əbədi dəyərlərdir. Bu gün müstəqil Azərbaycanın inkişafında, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə fəal iştirak edən qadınlarımız, keçmişin qəhrəman qadınlarının varisləridir. Səfurə Məlikyeqanova kimi qəhrəman Azərbaycan qadınının izi bu gün də yaşayır və yaşadılır. Qələbənin 80 illiyi bizim üçün yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də xalqımızın əzmini, birliyini və Azərbaycan qadınının misilsiz cəsarətini bir daha xatırladan qürurverici gündür.

Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-04-28 15:03:31
4284 baxış

Digər xəbərlər

İqtisadi inkişaf modelimiz dünyada təsdiqlənib

Azərbaycan son illərdə öz iqtisadi inkişaf modeli ilə beynəlxalq arenada diqqət çəkərək nümunəvi bir ölkəyə çevrilib. Ölkənin dayanıqlı inkişaf strategiyası, zəngin təbii resursları və uğurlu islahatlar prosesi onun iqtisadi modelinin dünyada özünü təsdiqləməsinə gətirib çıxardı. Bu model həm resurslara əsaslanan iqtisadiyyatı şaxələndirməyi, həm də regional və qlobal iqtisadi əlaqələri gücləndirməyi hədəfləyir.Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.Ölkə başçısı vətəndaşlara xoş müjdənin anonsunu da verdi. Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı çox vəsait tələb edən layihələr var, bütün bunlara baxmayaraq, dövlət başçısı həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlindən gələni edir.Azərbaycanın iqtisadi inkişaf modeli təbii resurslara əsaslansa da, son illərdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal iqtisadiyyat, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıqlar bu modelin əsas dayaqlarıdır. Bu inkişaf strategiyası Azərbaycanı regionda güclü iqtisadi aktor kimi möhkəmləndirərək, beynəlxalq səviyyədə nümunəvi bir iqtisadi model kimi tanıdır.Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən amillərdən biri zəngin enerji resurslarıdır. Xəzər dənizi hövzəsində yerləşən geniş neft və qaz yataqları Azərbaycanı enerji ixracatçısı ölkələr sırasına daxil edib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəyə xarici sərmayələri cəlb edərək, neft sektorunun inkişafında mühüm rol oynadı. Bu müqavilə Azərbaycanı qlobal enerji bazarında mühüm oyunçuya çevirdi.Bununla yanaşı, enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələri ölkənin beynəlxalq mövqeyini daha da gücləndirdi və iqtisadi inkişafın təməlini qoydu. Danılmaz faktdır ki, bu sektor uzun müddət iqtisadiyyatın aparıcı sahəsi olub və ölkənin gəlirlərinin böyük hissəsini təmin edib.Son illərdə Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri neftdən kənar sektorlara investisiya qoyuluşu ilə iqtisadiyyatı şaxələndirmək oldu. Neft qiymətlərinin dəyişkənliyi ölkəni qeyri-neft sektorunu inkişaf etdirməyə təşviq etdi. İqtisadi şaxələndirmə strategiyası çərçivəsində kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, logistika və sənaye sahələri inkişaf etdirildi.Kənd təsərrüfatı sektoru, xüsusən də ənənəvi məhsulların (pambıq, üzüm, taxıl və meyvə) ixracı və yerli bazara çıxarılması ölkənin iqtisadi inkişafına mühüm töhfələr verdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi isə onu nəqliyyat və logistika mərkəzinə çevirərək, regionda mühüm tranzit qovşağına çevirdi.Azərbaycanın iqtisadi inkişafında infrastruktur layihələri xüsusi rol oynayır. Ölkə geniş miqyaslı yol, dəmir yolu və hava limanı layihələrini həyata keçirməklə nəqliyyat sahəsində böyük nailiyyətlər əldə etdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionda Azərbaycanı strateji nəqliyyat qovşağına çevirdi.Eyni zamanda, Azərbaycanda tikinti və şəhərsalma sahəsində genişmiqyaslı layihələr həyata keçirildi. Bakı şəhərində, eləcə də regionlarda infrastrukturun inkişaf etdirilməsi, yeni sənaye parklarının və texnoparkların yaradılması iqtisadi potensialın artmasına və iş yerlərinin açılmasına imkan verdi.Azərbaycan son illərdə rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində də ciddi addımlar atmağa başladı. İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafı ölkədə rəqəmsal infrastrukturun genişlənməsinə, rəqəmsal xidmətlərin yaradılmasına və innovativ layihələrin həyata keçirilməsinə şərait yaratdı.Rəqəmsal iqtisadiyyat sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı texnologiyaya əsaslanan gələcək inkişaf modeli ilə təmin edir. Bu sahədə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını yeni texnoloji çağırışlara uyğunlaşdırmağa yönəlib və rəqəmsal transformasiyanın təməlini qoyub.Azərbaycanın iqtisadi inkişaf modelinin mühüm aspektlərindən biri xarici əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiyaların cəlb edilməsidir. Ölkənin sabit siyasi mühiti və investisiya üçün əlverişli şəraiti beynəlxalq sərmayədarları cəlb etməkdə mühüm rol oynayır. Azərbaycan Avropa, Asiya və Yaxın Şərq arasında yerləşərək, qlobal iqtisadi əlaqələrin inkişafında körpü rolunu oynayır.Beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə iqtisadi əməkdaşlıqlar, o cümlədən ticarət müqavilələri, enerji layihələri və nəqliyyat layihələri ölkənin qlobal iqtisadiyyatda mövqeyini daha da gücləndirir. Bu, Azərbaycanın iqtisadi inkişaf modelinin davamlı və açıq xarakterini sübut edir.Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
Hərbi-siyasi ekspert: Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi

Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır Bakı, 22 noyabr, AZƏRTAC Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ordu quruculuğu, bu istiqamətdə atılan addımlarla bağlı mühüm fikirlər səsləndirib, tarixi həqiqətlərə toxunub. Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi. Hazırda Azərbaycan Ordusu özünü tam təsdiqləyib. Cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib. O, bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Prezidentin məlum çıxışını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrindəki ilk islahatların xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “Məhz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda nizami və mərkəzləşdirilmiş ordu yaradılıb, onun silah-sursat, hərbi texnika ilə təchizatı istiqamətində sistemli addımlar atılıb. Ulu Öndər tərəfindən nizami ordunun formalaşdırılması Birinci Qarabağ müharibəsində erməni işğalının genişlənməsinin qarşısını alıb, dövlətimizə düşmənə qarşı uğurla mübarizə aparmaq imkanı verib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri daxili sabitliyin bərpasına, ölkədəki çoxsaylı qanunsuz silahlı birləşmələrin neytrallaşdırılmasına nail olması idi. Ölkəmizdə daxili sabitlik və asayişin bərpa olunması insanlarımızın təhlükəsizliyini təmin etməklə yanaşı, xarici investorların da Azərbaycana sərmayə qoymasına yol açdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan neftini dünya bazarına çıxarmağa, onun satışından böyük vəsaitlər əldə etməyə imkan verdi. İqtisadiyyatın güclənməsi ordu quruculuğuna daha böyük vəsaitlər ayırmağa, onun təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa şərait yaratdı”. Cəlil Xəlilov deyib ki, Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin edib: “Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilib. Prezident İlham Əliyev Ordumuzun həm döyüş hazırlığının yüksəldilməsi, həm də hərbi-texniki təchizatının müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində mühüm addımlar atıb. Nəticədə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alıb”. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşməni otuz il ərzində möhkəmləndiyi yerlərdən vurub çıxaran, onu hərb meydanında darmadağın edən Ordumuz bununla dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Ordumuz regionda hərbi baxımdan da lider dövlət olduğunu isbatladı. Bununla yanaşı, ordumuzdakı islahatlar gələcəkdə də davam etdiriləcək, Silahlı Qüvvələrimizin zərbə gücünün qorunub saxlanılması, daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində olacaq. Çünki günümüzün reallıqları bizdən məhz bunu tələb edir”.

Hamısını oxu
Prezident İlham Əliyev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az

Hamısını oxu
Gənclər və idman naziri ADBTİA-nın yeni tədris korpusu ilə tanış olub

Veteran.gov.az xəbər evrir ki, sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib.   Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.   Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib.   44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.   Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib.   Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib.   Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib.  

Hamısını oxu