Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sərhəd məsələlərinə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir

Aprel ayının 25-də Respublika Veteranlar Təşkilatında tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycanın sərhəd məsələləri (1918–1920-ci illər)” kitabının təqdimatı keçirilmişdir.

Təqdimat tədbirini giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Azərbaycanın ərazi bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Məruzə ilə çıxış edən filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli müəllifin elmi, publisistik, bədii əsərləri və həyat yolu barədə qısa məlumat vermişdir. Tədbirdə Milli Məclisin deputatları – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, iqtisad elmləri doktoru Rövşən Muradov, tarix elmləri doktorları – Solmaz Tovhidi, Mehman Süleymanov, tarix üzrə fəlsəfə doktorları – Nigar Maksvell, dosent Firdovsiyyə Əhmədova, Məmməd Cəfərli, dosent Kamran İsmayılov, yazıçı Azad Qaradərəli, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü ehtiyatda olan polkovnik Adil Haqverdiyev, sərhədçi veteran ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, təhlükəsizlik orqanlarının veteranı ehtiyatda olan polkovnik Mahir Cavadlı çıxış etmiş kitabın aktuallığı, elmi və praktik əhəmiyyəti haqqında fikirlərini bölüşmüş, Azərbaycan sərhədlərinin müəyyən olunması sahəsində bu gün aparılan işlərdən danışmışlar.

Məruzəçi və çıxış edənlər müəllifin ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə sərhədlərinin müəyyən edilməsi və mühafizəsi, ərazi-sərhəd məsələlərinin həlli istiqamətində hökumətin və parlamentin həyata keçirdiyi ardıcıl və səmərəli fəaliyyəti hərtərəfli təhlil edərək düzgün elmi nəticələr çıxardığını xüsusi vurğulamışlar. Həmçinin kitabın Dövlət Sərhəd Xidmətinin Akademiyasında, eləcə də digər hərbi təyinatlı təhsil ocaqlarında gələcək hərbçi kadrların hazırlanması işində və mütəxəssislər tərəfindən gərəkli vəsait kimi istifadə olunacağı bildirilmişdir.

Tədbirdə çıxış edən Lətif Babayev bütün dövrlərdə aktual olan bir mövzunun işlənməsində dəyərli tövsiyələri ilə ona dəstək olmuş alim və mütəxəssislərə minnətdarlığını bildirmiş, Cümhuriyyət irsinin araşdırılmasının hər bir tədqiqatçı üçün şərəfli və məsuliyyətli iş olduğunu qeyd etmişdir.

Təqdimatın sonunda tədbir iştirakçılarına müəllifin imzalı kitabları təqdim olunmuşdur.

2025-04-28 17:30:52
4025 baxış

Digər xəbərlər

Şuşada bərpa işləri başladı

İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqda tamaşaçılara məlumat verib. “Əməkdaşımız bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər verilib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Əməkdaşımız diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb", - televiziya qeyd edib.

Hamısını oxu
“Erməni xislətinin ən spesifik xüsusiyyəti ondan ibarətdir ki...”

“Erməni xisləti xain, məkirli, bədxah və dəyişilməzdir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, erməni xisləti üçün spesifik olan bəzi cəhətlər xüsusilə diqqət çəkir: “Erməni xarakteri üçün əlamətdar olan ən mühüm xüsusiyyətlərdən biri onların düşdükləri vəziyyətə, sahib olduqları gücə görə hərəkət etməsidir. Erməni xisləti özünü o zaman tam və aydın şəkildə büruzə verir ki, onlar özlərini güclü hesab edirlər. Gücə sahib olduqları zaman içlərindəki bədxahlıq tam şəkildə üzə çıxır, necə amansız, qəddar, xain olduqlarını qeyri-ixtiyari ortaya qoyurlar. 90-cı illərin təcrübəsi bunu aydın şəkildə göstərdi. Buna görə də, Prezident İlham Əliyevin də daim qeyd etdiyi kimi, hər zaman ayıq-sayıq olmalı, gücümüzü qorumalı, həmrəyliyimizi hifz etməliyik. Təhlükəsizliyimizin və zəfərlərimizin yolu bundan keçir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Şərqdə doğan günəş – Əlişir Nəvai!

Əlişir Nəvai yaradıcılığını öyrənmək ürək əmrimiz olmalıdır “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən V yazı Dünyada insanlıq və ədəbiyyat üçün xidmət edib, dünya miqyasında məşhurlaşmış şairlər çoxdur. Onların əsərlərini əsrlərlə sevərək oxuyuruq, əsərlərindən qəhrəmanları tez-tez dilə gətiririk. Lakin onların arasında, eyni zamanda xalqının dərdini və kədərini aradan qaldıran, ona həmkar və yardımçı olan, eləcə də dünya insanlarını heyrətə salmış əsərlər yaradan yaradıcılardan çox azdır. İndi beş əsrdən artıq bir müddətdir ki, dünya səhnəsindən enməyərək, türkün zəngin və cazibədar dilini hamıya göstərən böyük mütəfəkkir, dövlət xadimi, böyük söz sənətkarı Əlişir Nəvaidir. Bilirik ki, dünyadakı hər bir xalq və millətin araşdırıcı alimləri özlərinin qüdrətli, görkəmli şair və yazıçıları tərəfindən qoyulmuş zəngin mənəvi irsi öyrənib, elmi nəticələrini bildirərək təbliğ etmişlər. Xüsusən, onlar yaradıcılarnın əsərlərindəki söz istifadə bacarığı, istedadı və şəxsiyyəti barədə elmi tədqiqatlar aparıblar. Lakin böyük şair və mütəfəkkir Əlişir Nəvai əsərlərinin leksikası, söz zənginliyi və söz yaradıcılığı barədə xarici alimlər tərəfindən də, özbək alimləri tərəfindən də mükəmməl elmi tədqiqatlar aparılmamışdır. Bu baxımdan, keçən əsrin 70-80-ci illərində tanınmış Nəvayişünas, dilşünas, filologiya elmləri doktoru, professor Bəhram Bafoyev “Nəvai əsərləri leksikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Orada şairin türk dilində yazılmış 24 əsəri həm leksik-semantik, həm statistik, həm də tematik baxımdan kartoteka hazırlayaraq ümumtürk, ərəb, fars, hind, monqol və yunan sözlərinin miqdarlarını elmi təhlil etdi. Xüsusən, Əlişir Nəvai həmin 24 əsərində təkcə 26 035 söz istifadə etdiyini elmi cəhətdən sübuta yetirdi. Məlumdur ki, Əlişir Nəvai fars-tacik və türk qəzəlliyinin dörd əsasını — lafz (söz), məna, məsrəf və qafiyələrin həm nəzəri, həm də praktik tərəflərini mükəmməl mənimsəmişdir. Şairin türk dilində yazılmış dörd divanında 2600 qəzəl, fars-tacik dilində yazılmış divanında isə 554 qəzəl toplanmışdır. Həqiqətən də, Əlişir Nəvai qəzəl janrında dünyanın böyük, görkəmli yaradıcıları arasında liderdir. O, iki dildə 20-dən çox janrda yazmışdır. O qədər müxtəlif janrlarda şair 200 min misra dəyərində sənət əsərləri yaratmışdır ki, bunun haqqında ömrünün sonunda yazdığı “Lisan ut-təyr” dastanında belə məlumat vermişdir: Nazm-nasrım katibi təxminşünas, Yazsa yüz min beyt edərdi qiyas. Belə kim nazm içində etdim iştiğal, Xatırımda çıxmaz idi bu xəyal. Alim Bəhram Bafoyev öz elmi tədqiqatları vasitəsilə Əlişir Nəvainin söz yaradıcılığı və söz zənginliyi baxımından dünyanın qüdrətli şairləri arasında rəhbər olduğunu elmi şəkildə sübuta yetirdi. Alimin elmi tədqiqatları 1983-1985-ci illərdə çap olunan 4 cildlik “Nəvai əsərləri izahlı lüğəti”nin yaradılmasında əsas təməl oldu. Həmçinin, alim lüğətin hazırlanmasında birbaşa iştirak etmiş, həmmüəllif olaraq qeyd olunmuşdur. Belə böyük elmi tədqiqatlar aparmış fədakar alim, uşaqlığımdan Nəvaiyə olan sevgini oyatmış şəxs babamdır, buna görə də fəxr edirəm və gələcəkdə əcdadımın başladığı yolu davam etdirmək, Əlişir Nəvai kimi ölməz söz sənətkarının yaradıcılığını öyrənmək üçün ürək əmrimi yerinə yetirməyə çalışacağam. Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan Dürdanə BƏFOYEVA, Özbəkistan Respublikası Nəvai Dövlət Universitetinin tələbəsi  

Hamısını oxu
İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. “Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.  Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.  

Hamısını oxu