Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib

Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fərmana əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunub. Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. Fərmanda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

2019-04-17 00:00:00
4385 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir

Prezident İlham Əliyevin müxtəlif kateqoriyalar üzrə vətəndaşların sosial müavinətlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə böyük minnətdarlıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 2-də Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına münasibət bildirərkən deyib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Həmin addımlar cəmiyyət, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən də rəğbətlə qarşılanıb. Təşkilatın Rəyasət Heyəti bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir. “Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğı digər dövlətlərə nümunədir. Veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir. Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərdə təhsil alan kursantlar da dövlətimizin başçısının veteranlara qayğısını görürlər. Onlar bilirlər ki, Vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Həmin şəxslərin dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranları Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə mütəmadi görüşürlər. Müharibə veteranlarının arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər heç vaxt diqqətdən kənarda qalmırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir. Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Sərəncamda həmin kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən Prezident təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.

Hamısını oxu
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Zinnurov İrek Xaydaroviç  Respublika Veteranlar Təşkilatının qonağı olub.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən İrek Xaydaroviç sovet xalqlarının Böyük Vətən Müharibəsi dönəmində faşizmə qarşı birgə mübarizəsindən danışıb, bu mübarizənin bəşəriyyətin təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynadığını qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Təşkilat sədri bildirib ki, faşizmə qarşı mübarizədə xalqlarımızın göstərdiyi qəhrəmanlıqlar tarixin yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizənin xalqlar arasındakı dostluğu daha da gücləndirdiyini, bu dostluğun günümüzdə də davam və inkişaf etdiyini söyləyib. Cəlil Xəlilov bildirib ki, bəşəriyyətin bu günü və gələcəyi xalqlar arasında dostluq və əməkdaşlığı zəruri edir.   Görüş əsnasında Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətinə toxunulub, bu dostluğun xalqlarımız üçün də nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, iki dövlət və xalq arasında dostluğun qorunması və inkişafı vacibdir və hər hansı qüvvənin bu dostluğa xələl gətirməsinə imkan vermək olmaz.   Söhbət əsnasında yaxın gələcəkdə görülməsi planlaşdırılan birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi olub.   Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru səmimi qəbula görə təşkilat rəhbərliyinə təşəkkür edib, minnətdarlığını bildirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Sambo və cüdoçu Hacı Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Respublika Veteranlar Təşkilatının akt zalında samboçu və cüdoçu Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  video Moderator.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Hacı Məhəmməd Müslümzadənin sambo və cüdo üzrə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, M.Müslümzadə ömrünün əlli ildən çox hissəsini Azərbaycanda idmanın inkişafına və təbliğinə həsr edib. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, veteranlar, idman təşkilatlarının və ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycanda dövlətin ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.  Qeyd edilib ki, yubilyar ölkəmizdə sambonun və cüdonun inkişafına töhfə verib. Sambo və cüdo üzrə SSRİ İdman ustası, usta cüdoçular arasında dünya çempionu olan M.Müslümzadənin idman nailiyyətləri gənc nəslə örnəkdir. Qeyd edək ki, 1961-1972-ci illərdə idmançı, sonrakı dövrdə isə məşqçi və hakim kimi fəaliyyət göstərən M.Müslümzadə 2002-2005-ci illərdə sambo, 2009-2018-ci illərdə cüdo üzrə veteranların dünya və Avropa çempionatlarında qalib və mükafatçı olub.  O, 1974-cü ildə sambo, 1976-cı ildə cüdo üzrə SSRİ İdman ustası, 2007-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.

Hamısını oxu
“Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək”

Cəlil Xəlilov: “Bu əməkdaşlıq xalqımızın və dövlətimizin maraqları baxımından son dərəcə əhəmiyyətlidir” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında məlum Forum və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” öz miqyas və mahiyyətinə görə mühüm əhəmiyyətə malikdir. Forumda ağsaqqallar və veteranlar arasında birgə əməkdaşlığın genişləndirilməsi, müxtəlif problemlərin həllində veteranların və ağsaqqalların səylərinin birləşdirilməsi qərara alındı ki, bu da milli maraqlarımızın müdafiəsi, dövlət maraqlarımızın qorunması baxımından olduqca önəmlidir. Həmçinin, Forumda bu da qərara alındı ki, bu məqsədlə birgə İşçi Qrupu yaradılsın, görüləcək işlərlə bağlı plan və proqram tərtib edilsin. Paytaxt və rayonlarda birgə tədbirlərin keçirilməsi, ağsaqqallar və veteranlarla gənclər arasında görüşlərin təşkil edilməsi də yaxın gələcəkdə atılması gərəkən addımlar sırasındadır. Hesab edirəm ki, Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək. Nəsillər arasında əlaqə bütün dövrlərdə aktual olub. Bu əlaqə nə qədər sıx, nə qədər ardıcıl olursa, qarşıya çıxan problemlər də o qədər azalır, xüsusi ilə ölkə öz gələcəyi baxımından daha etibarlı əllərdə olur, onun inkişafı, tərəqqisi üçün daha geniş imkanlar yaranır. Azərbaycan bu mənada həmişə fərqli bir məkan olub. Xalqımızın adət-ənənələri, keçdiyi tarixi yol Azərbaycanda nəsillər arasında bağlılığın qırılmaz bir proses olmasının sübutudur. Böyüyə hörmət, ağsaqqal-ağbirçək sözündən, öyüdündən nəticə çıxarmaq, gənclərə inam və etibar xalqımızın mentalitetini müəyyənləşdirən başlıca xüsusiyyətlərdən sayılıb. Dünən də, bu gün də belədir. Azərbaycan Silahlı Qüvvələrinin 30 il ermənilərin işğalı altında qalan əzəli dədə-baba torpaqlarımızın iğaldan qurtarılmasının başlıca mənbələrindən biri kimi, bizim gənclərin milli mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, öz ata-babalarının döyüş, qələbə yolunu davam etdirmək əzmində görürəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə vahid yumruğa çevirdiyi yenilməz Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələrdə bu ruh, bu əzm aydın duyulurdu. Azərbaycan əsgərinin qazandığı böyük Zəfərdə, göstərdiyi yüksək qəhrəmanlıqda babalarımızdan, atalarımızdan əxz etdiyi mərdlik, cəsarət, onların döyüş ənənələrindən gələn mənəvi güc vardı. Bu gün veteranlarımızın sıralarında olan İkinci Dünya Müharibəsinin qocaman iştirakçıları da bütün bu dəyərləri öz sələflərindən, imperiyalar, böyük dövlətlər, Cümhuriyyət quran babalarında əxz etmişdilər. Birinci və İkinci Qarabağ müharibəsinin veteranları isə həmin döyüş ruhunu və yenilməzliyi onlardan, alman faşizmini diz çökdürən balarından öyrənmişdilər. 44 günlük Vətən müharibəsi bu həqiqətlərin sübuta yetirildiyi bir müqəddəs savaş, Qarabağın xilası naminə bir mübarizə meydanı oldu. Biz bu bağları bu gün daha da möhkəmləndirməli, hazırda yetişən gəncliyi hər üç nəslin döyüş və qələbə təcrübəsi əsasında tərbiyə etməli, həyata hazırlamalıyıq. Əlbəttə, bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanın möhtəşəm tarixi Qələbəsi başlıca stimul və ilhamverici təcrübə olmalıdır. Çünki bu qələbə xalqımızın başını ucaltmış, onu məğlub durumdan qalib xalq mövqeyinə yüksəltmiş, özünə inamını bərpa etmişdir. Biz bu gün gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə daha sədaqətli, həqiqi vətənpərvər insanlar kimi yetişmələrinə xüsusi əhəmiyyət verməliyik. Çünki hazırda dünyada və bizə yaxın regionlarda baş verən hadisələr, yaşanan ciddi dəyişikliklər bunu daha da aktuallaşdırır. Gizli deyil ki, gənclər yad, nəticə etibarı ilə zərərli təsirlərə daha çox məruz qala, ümumxalq və ümumdövlət mənafelərinə, milli maraqlarımıza zidd olan təbliğata meyl edə bilərlər. Əslində, müxtəlif ideologiyaların gənclər arasında yayılmasında maraqlı olan qüvvələrin məqsədləri eynidir, psixoloji baxımdan ən həssas qruplar arasında özlərinə tərəfdarlar toplamaq, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə etmək. Azərbaycan Respublikasının Prezidentinin öz çıxışlarından birində bu məsələyə xüsusi diqqət yetirməsi, gənclərin belə yad, zərərli təsirlərdən mümkün vasitələrlə qorunmasının son dərəcədə vacib olduğunu qeyd etməsi təsadüfi deyildi. Biz cənab Prezidentin bu istiqamətdəki tövsiyələrini öz fəaliyyətimizdə proqram məqsədlər kimi nəzərə almalı, gənclərin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, sələflərinin yolunu layiqincə davam etdirməyə qadir insanlar kimi yetişməsinə nail olmalıyıq. Biz Təşkilat olaraq veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olmaqla, onların gənc nəsilin  vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması sahəsindəki zəngin təcrübələrinin öyrənilməsinə və yeni şəraitə uyğun tətbiq edilməsinə də xüsusi əhəmiyyət veririk.  Gənclərlə sıx və ardıcıl əlaqələrin vacibliyini prioritet iş istiqaməti kimi nəzərdə tutmağımız da məhz dəyişən dünyada onların rolunun və fəaliyyətinin atması ilə bağlıdır. Bu istiqamətdə Təşkilatımız bu gün dövlət orqanları və ictimai təşkilatlarla da daha sıx əlaqəli işləməkdə maraqlıdır. Bunu bizdən həm də müasir dünyanın artan çağırışları tələb edir.  Biz nəsildən-nəsilə maddi, mənəvi dəyərlərimizlə yanaşı, doğma Azərbaycanımızı etibarlı müdafiə etmək, onu dinamik inkişaf edən, ildən-ilə qüdrətlənən  bir dövlətə çevirmək ənənəsini də ötürməyi və yeni təcrübələrlə zənginlşdirməyi bacarmaıyıq”. Seymur ƏLİYEV

Hamısını oxu