Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir

Prezident İlham Əliyevin müxtəlif kateqoriyalar üzrə vətəndaşların sosial müavinətlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə böyük minnətdarlıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 2-də Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına münasibət bildirərkən deyib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Həmin addımlar cəmiyyət, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən də rəğbətlə qarşılanıb. Təşkilatın Rəyasət Heyəti bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir. “Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğı digər dövlətlərə nümunədir. Veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir. Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərdə təhsil alan kursantlar da dövlətimizin başçısının veteranlara qayğısını görürlər. Onlar bilirlər ki, Vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Həmin şəxslərin dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranları Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə mütəmadi görüşürlər. Müharibə veteranlarının arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər heç vaxt diqqətdən kənarda qalmırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir. Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Sərəncamda həmin kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən Prezident təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.

2019-04-03 00:00:00
4061 baxış

Digər xəbərlər

Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır

Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar günlə bağlı paylaşım edən Azərbaycanm Respublikasının Prezidenti İlham Əliyev dilimizin və müstəqilliyimizin önəminə diqqət çəkib: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”. Prezident İlham Əliyevin bu paylaşımı Azrbaycan dilinin on milyonlarla insanın həyatının ayrılmaz tərkib hissəsi olduğunu, ana dilimizin sərhədlərimizdən uzaqlarda da yaşadığını, öz mövcudluğunu qoruyub saxladığını göstərir. Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ana dilinə, bu dilin saflığının, təmizliyinin, zənginliyinin qorunub saxlanılmasına mühüm önəm verib, hər bir vətəndaşı dil faktoruna xüsusi həssaslıqla yanaşma səsləyib. Təsadüfi deyil ki, Ümummilli Lider ana dilini müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti adlandırıb, onu qorumağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. Azərbaycan dili hər zaman xalqımızın mövcudluğunun, milli özünəməxsusluğumuzun ən böyük göstəricisi olub. Dilimiz minilliklər ərzində olduğu kimi bu gün də xalqımızın həyatında, onun mənəvi dəyərlər sistemində, mədəniyyətində mühüm rol oynayır. Ana dili bizi kənar mədəni təsir və təzyiqlərdən, qlobal kataklizmlərdən qoruyur, xalqımızın mənəvi-mədəni təhlükəsizliyini təmin edir. Bu mənada ana dilinin önəmini yalnız və yalnız ordumuzun önəmi ilə müqayisə edilə bilər. Ordumuz coğrafi, dilimiz milli-mənəvi toxunulmazlığımızın təminatçısıdır. Bu fakt dilimizin xalqımız, dövlətimiz üçün necə mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin qoruyucusu isə müstəqil Azərbaycan dövlətidir. Məhz müstəqillik həm maddi, həm də mənəvi dəyərlərimizin keşikçisi qismində çıxış edir, bizə iqtisadiyyatımız, hərbimiz və s. ilə yanaşı, həm də dilimizi inkişaf etdirməyə imkan verir. Başqa sözlə desək, müstəqilliyimiz maddi-mənəvi diriliyimizin, çoxşaxəli yüksəliş və tərəqqimizin qarantı qismində çıxış edir. Elə buna görə də həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev müstəqilliyimizi xalqımızın ən ali sərvəti, ən böyük milli özünütəsdiqi adlandırıb. Bugünlərdə Almaniyada blogerlərdən birinin iddialarına cavab verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müstəqilliyimizin əvəzsizliyini diqqət çəkərək deyib: “Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyindən daha ali bir dəyər, daha ali bir məqsəd yoxdur və bundan sonra da olmayacaq. Odur ki, hər birimiz bu müstəqilliyin əbədi olması üçün əlimizdən gələni əsirgəməməli, öz işimiz, əməlimizlə bu böyük dəyərə kiçik də olsa töhfə vermək səadətinə nail olmağa çalışmalıyıq. Seymur ƏLİYEV

Hamısını oxu
“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın dövlət başçısı hər zaman olduğu kimi bugünkü Forumda da, dünyada sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyinə diqqət çəkib, bunun üçün hər bir dövlətin üzərinə düşən məsuliyyəti xatırladıb:  “Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışının əsas ideyasını sülh və təhlükəsizlik məsələsi, qlobal sülhün təminində beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin, eləcə də, medianın üzərinə düşən məsuliyyət təşkil edirdi. Dövlət başçısı regional və qlobal sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığının zəruriliyinə diqqət çəkdi, medianın bu məsələdəki aparıcı rolunu vurğuladı. Ən əsası, Prezident İlham Əliyev bütün çxışlarında olduğu kimi, “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışında da Azərbaycanın xarici siyasət xətti haqqında aydın, birmənalı fikirlər səsləndirdi, konkret mövqe ortaya qoydu. İmperialist dövlətlərin zülmünə məruz qalan xalqların azadlığa qovuşmasının vacibliyini vurğulayan dövlət başçısı, Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığımızı, ölkəmizin beynəlxalq qanunlarla təsbit edilən hər bir hüquqa hörmətlə yanaşdığını bildirdi. Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünyanın hər yerində ədalət və həqiqətin tərəfdarıdır və bu istiqamətdə mübarizəsini bundan sonra da davam etdirəcək”. Polkovnik dövlət başçısınn Azərbaycanın artan hərbi-iqtisadi gücü haqqında da maraqlı fikirlər səsləndirdiyini söylədi: “IV Şuşa Qlobal Media Forumu”nda diqqət çəkən məqmlardan biri də Azərbaycanın əldə etdiyi hərbi-siyasi, eləcə də iqtisadi güc faktorunun regional və qlobal proseslərə təsiri ilə bağlı oldu. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq ekspertlər tərəfindən “orta güc” kimi dəyərlndirilir. Doğrudan da, 44 günlük Vətən müahribəsindən sonra Azərbaycanın həqbi-iqtisadi baxımdan sürətli inkişafı, bütün regionda sülh və təhlükəsizliyin əsas qarantı qismində çıxış etməsi, dünyanın ən müxtəlif ökələrində baş verən humanitar fəlakətlərə çevik reaksiya verməsi, beynəlxalq aləmdəki siyasi nüfuzunun artması ölkəmizi “orta güc” kimi səciyyələndirməyə imkan verir. Bu yanaşma Azərbaycanın Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə böyük sürətlə tərəqqi etdiyini göstərir. Hesab edirəm ki, “IV Şuşa Qlobal Media Forumu” Azərbaycana olan beynəlxalq marağı daha da artıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda yaylmasına töhfə verəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər hər ay maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən  hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək.

Hamısını oxu
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar. Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb. Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.  

Hamısını oxu