Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub.

Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib.

Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib.

50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.

 

2026-06-01 19:24:00
919 baxış

Digər xəbərlər

Heydər Əliyev Fondunun Vatikanda icra etdiyi layihələr Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə ən tutarlı cavabdır

Məlum olduğu kimi, 30 aprel 2026-cı il tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Tamamilə yalan və böhtandan ibarət qətnamədə ölkəmizə qarşı bir sıra əsassız iddialar səsləndirilib ki, bunlardan da biri Azərbaycanın guya 19 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı mədəni və dini abidələrə ziyan vurması ilə bağlıdır. Hansı ki, bu iddianın tamamilə absurd olduğu, hər hansı bir faktla öz təsdiqini tapmadığı şübhəsizdir.  Bundan başqa, Avropa Parlamentinin məlum qətnaməsi və bu qətnamədə yer alan ittihamlar BMT-nin qiymətləndirmə missiyasının 2023-cü ilin 2 oktyabr tarixli bəyanatı ilə də ziddiyyət təşkil edir. Xatırladaq ki, BMT missiyası öz bəyanatında anti-terror əməliyyatı zamanı heç bir dini, mədəni, tarix abidənin ziyan görmədiyini, bu əməliyaytdan mülki insanların zərər çəkmədiyini vurğulayıb. BMT-nin qiymətləndirmə missiyasının bu bəyanatı Avropa Parlamentinin ittihamlarının yalan və qərəzdən başqa bir şey olmadığını təsdiqləyir. Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini ifşa edən, bu qətnamədə yer alan ittihamların əsassız olduğunu isbatlayan ən böyük fakt isə Heydər Əliyev Fondu tərəfindən Vatikanda dini- tarixi abidələrin bərpası istiqamətində görülən işlər, həyata keçirilən layihələrdir. Yada salaq ki,  2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını, həmçinin bərpasını nəzərdə tutan sənəd imzalanıb. Həmin müqavilə çərçivəsində Bazilikada bərpa və konservasiya işləri aparılıb, bu işlər uğurla başa çatdırılıb. 30 aprel 2026-cı il tarixində isə Vatikanda keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb. Müqaviləyə görə, Heydər Əliyev Fondu Müqəddəs Pavel Bazilikasında bərpa işlərində də yaxından iştirak edəcək, dini-tarixi abidələrin bərpasına yeni töhfələr verəcək. Heydər Əliyev Fondunun 30 aprel 2026-cı il tarixində Vatikan təmsilçisi ilə imzaladığı müqavilə Azərbaycan dövlətinin dini, tarixi, mədəni abidələrin qorunmasına və bərpasına nə qədər böyük önəm verdiyini, öz sərhədlərindən min kilometrlərlə uzaqlarda belə bu abidələrin bərpasına dəstək verdiyini göstərir. Belə olan halda Azərbaycanı öz sərhədləri daxilində hansısa dini-tarixi və ya mədəni abidənin məhv edilməsində ittiham etmək sadəcə məntiqsizlik deyil, həm də əxlaqsızlıq, mənəviyyatsızlıqdır. 30 aprel 2026-cı il tarixində - Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qəbul etdiyi bir gündə Heydər Əliyev Fondunun Vatikandakı dini-tarixi abidələrin bərpası ilə bağlı yeni müqaviləyə imza atması Avropa Parlamentinin sahib olduğu dəyərlərin nə qədər çürük olduğunu göstərməklə yanaşı, Azərbaycanın ümümbəşəri dəyərlərə nə qədər sadiq olduğunu əks etdirir. Və bu fakt bir daha sübut edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı irəli sürdüyü iddialar faktlara deyil, yalanlara, əxlaq və məntiqə deyil, böhtan və iftiraya söykənir. Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr oldlmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də Səməd Abdullayev kimi qəhrəman oğulların, onların igidlik salnamələri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Belə böyük şəxsiyyətlərin həyatı və mübarizələri, gənclərə vətənə bağlılıq, milli birlik və həmrəylik dərsləri verir. Onların xatirəsini yaşatmaq, döyüş və igidlik yollarını gənc nəslə təbliğ etmək və bu ruhu onlara aşılamaq, ölkənin gələcəyi üçün çox vacibdir. Böyük Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Onlardan biri də, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tibbi xidmət giziri Səməd Abdullayedir. Səməd Abdullayev1920-ci ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Oğuz rayonunda pedaqoji fəaliyyətə başlayan Səməd 1941-ci ilin iyun ayında Qızıl orduya çağırıldı. Tiflisdə hərbi tibbi məktəbdə sanitar təlimatçısı kursunu uğurla bitirib komandanlıq tərəfindən Bakı və Mahaçqalada formalaşan 318-ci atıcı diviziyaya göndərilir. Öz şərəfli döyüş yolunu diviziyanın 1339-cu alayında tabur sanitariya təlimatçısı vəzifəsində başlayır. 1943-cü ilin aprel ayında diviziya Şimali Qafqaz cəbhəsində 18-ci Ordunun tərkibində Novorossiysk şəhəri ətrafında döyüşlərdə fəal iştirak etmişdir. Bu zaman tibbi təlimatçı Abdullayev atıcı hissələrin ön sıralarında yaralı döyüşçülərə ilk tibbi yardım göstərir və bilavasitə döyüşlərdə iştirak edir. O, tüfəng atəşi və qumbaralarla 19 alman əsgərini məhv edir. Novorossiysk döyüşlərində göstərdiyi igidliyinə görə 1339-cu atıcıalayın 07/n saylı əmri ilə 10 iyun 1943-cü ildə Səməd Həmid oğlu Abdullayev “İgidliyinə görə” medalı ilə təltif edilir. 318-ci atıcı diviziya “Novorossiyskaya” fəxri adına layiq görülür. Novorossiysk savaşı zamanı Səməd ÜKP(b)-nin sıralarına daxil olur. Taman yarımadasının almanlardan təmizlənməsindən sonra orduda Kerç-Eltigen əməliyyatına hazırlıq başlayır. Əməliyyatın əsas məqsədi Krım yarımadasına desant çıxarıb körpübaşını ələ keçirmək və sonradan Kerç şəhəri istiqamətində irəliləmək idi. Sovet komandanlığının planında Eltigen burnuna desantın çıxarılması vacib yer tuturdu. Bu əməliyyatda 318-ci diviziyanın hissələri də fəal iştirak etməli idilər. 1943-cü ilin noyabr ayı desantçılarla dolu zirehli katerlər və özüyeriyən barjalar Eltigenə yollanır.1943-cü il noyabrın 1-də ağır fırtınalı hava şəraitində 1339-cu atıcı alayın 1-ci taburu düşmən əlində olan sahilə çıxdı.Desantçıların ön sıralarında tibbi xidmət giziri Səməd Abdullayev irəliləyirdi. Sovet atıcıları sürətli və amansızhəmlə nəticəsində nasistləri Eltigen qəsəbəsindən çıxarmağa müvəffəq olurlar. Bu andan etibarən desant tərəfindən ələ keçirilən kiçik torpaq parçası uğrunda şiddətli döyüşlər başlayır. Almanlar körpübaşı ərazisini hər tərəfdən daimi atəşə tuturlar. Qara dəniz donanmasının sahil top batareyaları tərəfindən sovet desantçılarına göstərilən yardım, top atəşi çox məhdud idi. Halbuki almanlar desanta qarşı toplardan başqa təyyarələrdən və tanklardan da geniş istifadə edirdilər. Düşmənin əks-hücumlarının ardı-arası kəsilmirdi. Səməd Abdullayev güclü top və minaatanların atəşinə baxmayaraq, döyüş meydanından yaralıları çıxarıb, onlara ilkin tibbi yardım göstərirdi. O, bu işini bitirib yenə də öz mövqeyinə qayıdır, hücuma keçən düşmənə atəş açır. Vaxtaşırı savaş daha da kəskinləşir, ayrı-ayrı yerlərdə əlbəyaxa döyüşə çevrilir. Tək bu döyüşlərin birində Səməd şəxsən beş alman əsgərini öldürür. 1943-cü il noyabrın 5-də tibbi xidmət giziri Abdullayev döyüş meydanında qəhrəmancasına həlak olur. Ağır silahlardan və təchizatın bütün növlərindən məhrum olmuş desantçılar 40 gün ərzində alınan körpübaşını əllərində saxlayırlar və yalnız komandanlığın əmri ilə Eltigeni tərk edirlər. Eltigen əməliyyatının uğursuz olması rəsmi olaraq təsdiqlənir, lakin əməliyyat iştirakçılarının qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Təltif olunanlar arasında Azərbaycanın igid oğlu Səməd Abdullayevin də adı var idi. Eltigen döyüşlərində göstərdiyi misilsiz şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1945-ci il tarixli fərmanı ilə tibbi xidmət giziri Səməd Həmid oğlu Abdullayevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir və o, Lenin ordeni ilə təltif edilir. Səməd Abdullayev kimi Azərbaycanın böyük qəhrəmanlarının həyat hekayələri, qəhrəmanlıq dastanları yalnız tarixdə qalmamalıdır, gənclərin qəlbindəki milli ruhu canlandırmaq üçün bir vasitə olmalıdır. Onların şərəfli ömür yolu yalnız döyüş meydanlarında deyil, həm də sosial həyatda, cəmiyyətdə, mədəniyyətdə və təhsildə, fərqli sahələrdə də fəaliyyət göstərən gənclərə nümunə olmalıdır. Vətəni qorumaq, ona xidmət etmək və onun adına layiq olmaq gənclərimizin mənəvi borcudur. Bu yolda Azərbaycanın qəhrəman oğullarının təcrübəsi və irsi çox mühüm rol oynayır. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan Səməd Abdullayev kimi qəhrəmanların adı xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.                                              Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                                             polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Nəsib Məhəməliyev Talalar kəndinin seçiciləri ilə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Talalar kəndinin seçiciləri ilə görüş keçirdi. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”. Kənd sakinləri İslambəy Şahverdiyev, Osman Əzizov,YAP fəalı Arif Həsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini,sentyabrın birində seçki məntəqələrinə gələrək bu dəstəyi nümaiş etdirəcəklərini bildirdilər.. Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdıraraq cənab Prezidentin siyasətinə dəstək olaraq seçki günündə seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verməyə çağırdı. O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə etdi. Ramazan Abal  

Hamısını oxu
Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu