Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yazıçı İlqar Quliyevin kitabının təqdimat mərasimi keçirilib

Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində həmin Birliyin üzvü, yazıçı, hərbi jurnalist, polkovnik İlqar Quliyevin “Məndən sonra” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə professor Bədirxan Əhmədli açaraq, kitabın məziyyətləri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra mərasimdə çıxış edən tanınmış yazıçı Mustafa Çəmənli, yazıçı-publisist Mahir Cavadlı, yazıçı Seymur Şeydayev, professor Məmmədağa Baxışov və digərləri diqqətə çatdırmışdır ki, “Məndən sonra” kitabına müəllifin Vətən müharibəsinə həsr olunmuş povesti, həmçinin müxtəlif illərdə qələmə aldığı məqalələr daxil edilmiş, povestin əsas ana xəttini doğruluq və vətənə bağlılıq təşkil etməklə, bir naşirin oğlunun Vətən müharibəsindəki iştirakı və bu prosesin ailə bağlarına, şəxsiyyətinə və gələcək taleyinə təsiri əks etdirilmiş, kitab oxucunu həm şəxsi dramın, həm də milli mübarizənin bir parçası olmağa dəvət etmişdir.

Qeyd olunmuşdur ki, kitabın digər diqqətçəkən tərəflərindən biri də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən şair, publisist, hərbi jurnalist, polkovnik Ramiz Duyğun, yazıçı, publisist, tədqiqatçı, polkovnik Elşad Qoca və peşəkar hərbçi, istedadlı alim, polkovnik Cəlil Xəlilov haqqında yazılmış dəyərli məqalələrdir ki, bu yazılarda da müəllif təkcə bioqrafik məlumatlarla kifayətlənmədən, adıçəkilən şəxslərin yaradıcılığına və şəxsiyyətinə dərindən nüfuz edərək, onların ədəbi irsinin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha xatırlatmışdır.

Sonda kitabın müəllifi, polkovnik İlqar Quliyev kitabın yaranma ideyasından, yazılma prosesindən və onunla bağlı yaşadığı şəxsi təəssüratlardan danışmaqla, eyni zamanda onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirmiş və kitabın imzalanması ilə mərasim başa çatdırılmışdır.

2025-05-05 15:53:34
2797 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: “Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir”

Sentyabrın 4-də Moskva ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan hərbçiləri bu yarışlar çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək əsl peşəkarlıq sərgiləyiblər.   AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, hərbi təlimlər ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə qorunub saxlanılması və daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Bu baxımdan ordumuzun “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarında iştirakı olduqca vacibdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən hərbi yarışlarda, beynəlxalq ordu oyunlarında müntəzəm iştirak edir. İstər Rusiya, Qazaxıstan və digər post-sovet ölkələrində, istərsə də Türkiyə və digər NATO dövlətlərində keçirilən təlimlərdə Azərbaycan hərbçiləri iştirak edərək yüksək nəticələr qazanırlar. Bu təlimlərdə hərbçilərimizin əldə etdiyi nəticələr Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun peşəkarlığından xəbər verir və bizdə haqlı olaraq ordumuzla qürur duyuruq. Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusu dəniz təlimlərində də mütəmadi iştirak edir, bu sahədəki hərbi yenilikləri sürətlə mənimsəyir. “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində hərbçilərimiz İranda “Dəniz kuboku” yarışlarında da yüksək peşəkarlıq nümayiş etdirib. Ordumuzun “Dəniz kuboku” yarışlarındakı qazandığı nəticə ölkəmizin dəniz sərhədləri təhlükəsizliyinin ciddi şəkildə qorunduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün qoşun növləri, hərbi birliklər yüksək döyüş hazırlığına malikdir və bu hazırlığın qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.  Azərbaycan Ordusunun beynəlxalq müsabiqə və ordu oyunlarında əldə etdiyi yüksək nəticələrdən Ermənistan və onun havadarlarının da dərs çıxarmalı olduğunu bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini deyib: “44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi parlaq zəfər onun yüksək döyüş hazırlığına əyani sübut idi. Bu günlərdə keçirilən ordu oyunlarında qazanılan nəticələr də həmin döyüş hazırlığının uğurla qorunub saxlanıldığını göstərir. Hesab edirəm ki, ordumuzun beynəlxalq hərbi yarışlarda göstərdiyi nəticə bu gün də təxribatlardan əl çəkmək istəməyən Ermənistan və onun havadarlarına dərs olmalıdır. Ordumuzun bu təlimlərdəki nəticələri bir daha “Dəmir yumruğ”un yerində olduğunu, düşmənlərə hər zaman zərbə endirməyə hazır olduğunu göstərir. Əgər Ermənistan Azərbaycan tərəfinin xəbərdarlıqlarından nəticə çıxarmasa, 10 noyabr bəyanatının icrasına süni şəkildə problem yaratmaqda davam etsə, o zaman bu zərbə qaçılmaz ola bilər”.  Azertag.az (https://azertag.az/xeber/1870305 )  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət edb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib.  Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb. Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub. Seymur ƏLİYEV

Hamısını oxu
Rəsmi İrəvan erməni xalqını yeni problemlərlə üz-üzə qoymaqdan çəkinməlidir

Ermənistanın təxribat cəhdləri onun özünün fəlakəti ilə nəticələnə bilər. Ermənistanın sərhədin müxtəlif istiqamətlərində zaman-zaman təxribatlara cəhd etməsi, ordumuzun mövqelərini atəşə tutması terrorçu dövlətin özü üçün böyük fəlakət və ağır itkilərə yol aça bilər. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının icrasına sadiqlik nümayiş etdirir və bu Bəyanatın bütün şərtlərinin icrası istiqamətində ardıcıl addımlar atır. Təəssüf ki, Azərbaycandan fərqli olaraq, Ermənistan 44 günlük müharibədə darmadağın olmasına baxmayaraq, hələ də təxribatlardan əl çəkmir, müxtəlif yollarla öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında hansısa uğura nail olması mümkün deyil. Ermənistan bunun üçün gərəkli olan hər cür perspektivdən uzaqdır. Polkovnik qeyd edib ki, Ermənistan da bu həqiqəti anlamalı, belə təxribatlarla xalqını yeni problem və itkilərlə üz-üzə qoymaqdan çəkinməlidir. Rəsmi İrəvan dərk etməlidir ki, əgər bu təxribatlar davam edərsə, o zaman “Dəmir yumruq” yenidən hərəkətə gələ bilər. Bu da Ermənistan üçün son deməkdir. Çünki Azərbaycan bu günədək belə təxribatlar qarşısında kifayət qədər səbir və təmkin nümayiş etdirib. Bundan sonra Ermənistanın atdığı hər təxribatçı addım Azərbaycan tərəfindən daha sərt cavab tədbirinə səbəb ola bilər ki, bu da Ermənistanın, sadəcə, bu gününü deyil, sabahını da sual altında qoyacaq.

Hamısını oxu
Türkiyənin Antalya bölgəsində Azərbaycan mədəniyyətinə həsr olunmuş layihələr reallaşdırılacaq...

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin müavini, Mədəniyyət və Turizm məsələləri üzrə müşaviri Durmuş Ali Arslanla görüşmüş, Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrin genişləndirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.  Görüşdə Antalya bölgəsi Böyük Şəhər Bələdiyyəsinin xarici əlaqələr dairə rəhbəri Zeyneb Tuğçe Çiftçibaşı, yerli azərbaycan icmasının təmsilçisi, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Azər İsmayıl da iştirak ediblər. Keçirilən görüşdə dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış strateji Şuşa bəyannaməsi, mədəniyyət sahəsində imzalanmış saziş əsas götürülərək iki tərəf arasında mədəni əməkdaşlığın genişləndirilməsi, Türkiyənin vacib tarixi, mədəniyyət və turizm bölgəsi olan Antalya ilə Azərbaycan şəhərləri arasında “qardaşlaşmış şəhərlər” layihəsinin icrası, Azərbaycan tarixi və mədəniyyətinin tanınmış simalarının adlarının gələcəkdə əbədiləşdirilməsi, onların adlarının  Universitetlərdə yaradılacaq Azərbaycan ocaqları və küçələrə verilməsi, bölgədə keçirilən böyük mədəniyyət festivallarında Azərbaycanın geniş təmsil olunması müzakirə olunub. Görüş nəticəsində regionun ən böyük mədəni hadisəsi olan Antalyada keçirilən məşhur Beynəlxalq Yörük Türkmen Festivalı və Kitab Sərgi Yarmarkasında Azərbaycanın təmsil olunması, eyni zamanda Azərbaycanda keçiriləcək Beynəlxalq Kitab Sərgisində də Antalya yayım evlərinin iştirakı, məşhur Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması, il ərzində bölgədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi”nin keçirilməsi, Antalya şəhəri və bölgənin şəhərləri ilə Azərbaycanın şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin reallaşdırılması, Azərbaycanın müstəqilliyinin memarı,  Ümummilli lider Heydər Əliyevin, habelə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin adlarının  əbədiləşdirilməsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Qeyd edək ki, Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzində ölkəmizə dair mini kitabxana fəaliyyət göstərəcək, mühazirə və açıq dərslərin aparılması məqsədi ilə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair guşələr, portretlər, rəsmlər, suvenirlər, xalçalar və daimi sərgilərin yer aldığı auditoriya təşkil olunacaqdır. Mərkəz texniki avadanlıqlarla təmin olunacaq, ana dilimiz geniş təbliğ ediləcəkdir. Azərbaycanşünaslıq Mərkəzində dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaqdır. Bundan başqa, Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya bölgəsi üzrə Mədəniyyət və Turizm müdirinin müavini İlknur Kökenlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət sahəsində Antalyada keçirilən Kültür Yolu Festivalı, bölgədə keçiriləcək Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlər, yerli Azərbaycan icması - Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin bu istiqamətdə təşəbbüslərinə dəstək və əlaqələrin genişləndirilməsinə dair müzakirələr olub və əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub. Görüşlərdə Anatalyada inşası yaxın aylarda yekunlaşdırılacaq Türküstan Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinin də yer alması və milli stendimizin təşkili ilə əlaqədar danışıqlar aparılıb, sözügedən işlərin Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə aparılması qərarı verilib.  

Hamısını oxu